Məktəblərdə zorakılıq. Çıxış yolu varmı? – sualı psixoloqlar, pedaqoqlar və ekspertlər cavablandırır
Dekabrın 1-dəXorava küçəsində məktəblilər arasında baş verən dava iki yeniyetməni həyatdan qopardı. İttiham olunanlar öldürülənlərlə eyni yaşdadır, hamısı Tbilisinin 1 saylı eksperimental məktəbinin 11-ci sinif şagirdləridir.
Dekabrın 2-də Tsxaltub rayonunun Opşkviti kəndində sinəsindən aldığı bıçaq yarası ilə bir yeniyetmə dünyasını dəyişib. Amansız qətldə onun sinif yoldaşı və dostu ittiham olunur.
Baş verən faciələr Facebook-un Gürcüstan seqmentində qızğın müzakirələrə səbəb olub. Bununla belə, hamı hesab edir ki, bu gün məktəb və ümumilikdə təhsil sistemi ciddi problemlə üz-üzə qalıb.
JAMnews bu haqda məktəblilərlə, təhsil sahəsindəki ekspertlərlə, psixoloqlarla danışıb. Biz məktəblərdəki bugünkü vəziyyəti və onların həll yolunu nədə gördüklərini aydınlaşdırmağa çalışıb.
________________________________________
Nino, 15 yaş
ictimai məktəblərdən birinin şagirdi
“Davalar, “razborkalar”, alçaltmalar – bütün bu faktlar daima məktəbimizdə mövcuddur. Amma çox vaxt bu haqda susurlar. Bir dəfə belə bir hal olmuşdu, valideynləri sadəcə qalmaqal şişməsin deyə uşağı başqa məktəbə keçirdilər. Ona qarşı bulinq təşkil edənlərsə qaldılar, hələ də bizim məktəbdə oxuyurlar. Bəzən qızlar oğlanlardan daha betər dalaşır. Bir dəfə iki qız bir oğlan üstündə dalaşmışdı, onları mandaturi – məktəbdə intizam qaydalarının pozulmasının qarşısını almaqla məsul olan şəxs – zorla ayırdı.
Mənəvi, sözlü zorakılıq daha çox yayılıb. Belə halların əksəriyyəti haqda nə müəllimlər, nə də müdiriyyət xəbərdar olur. Mən də bulinq qurbanı olmuşam. Sinif yoldaşlarımdan biri o biri uşaqları öyrədirdi ki, mənimlə danışmasınlar, doğum günlərinə çağırmasınlar. Mən anama danışdım, o da direktorla görüşdü. Direktor da öz növbəsində həmin şagirdi yanına çağırdı, bununla da məruz qaldığım alçaldılmalara son qoyuldu”.
Maya Kurtsixidze,
UNİCEF-in Gürcüstandakı kommunikasiya proqramının rəhbəri
“Gürcüstanın Ombudsmen Aparatı BMT-nin Uşaq Fondunun dəstəyi ilə 2016-2017-ci illərdə məktəblərdə baş verən zorakılıq hallarının monitorinqini keçirib. Məlum olub ki, məktəblilər arasında bulinq geniş yayılmış münasibət formasıdır. Uşaqları çox vaxt alçaldır, üstlərinə qışqırır, ləyaqətlərini təhqir edirlər. Ən qorxulusu məsul şəxslərin səriştəsinin çox aşağı səviyyədə olmasıdır. Onlar zorakılıq hallarına doğru reaksiyanın necə olduğunu da bilmirlər.
2010-cu ildən Gürcüstanda uşaqlarla işləyən bütün peşəkarları zorakılığa reaksiya verməyə məsul edən uşaqların müdafiəsi ilə bağlı referal proseduralar keçirilir.
Əgər pedaqoq uşağın zorakılığa məruz qaldığını görürsə, o, bununla bağlı müvafiq xidmətə məlumat verməyə borcludur. Monitorinq üzə çıxarıb ki, məktəb personalı zorakılıq məsələlərində yetəri qədər məlumatlı deyil və yalnız ağır formalı münaqişələri zorakılıq hesab edir. Tədqiqat zamanı məlum olub ki, pedaqoqlar özləri də tədris prosesində çox vaxt zorakılıq əməllərinə əl atırlar. Amma məktəblilər də zorakılığın nə olduğunu, hansı hüquqlara sahib olduqlarını və zorakılıq qurbanı olduqları zaman kimə müraciət etməli olduqlarını bilmirlər. Sanki bütün bunlarla bağlı onlarla heç kim söhbət aparmayıb. Ən əsası isə uşaqlara sistemə etibar etmirlər. Onlar hesab edirlər ki, pedaqoqa və ya mandaturiyə müraciət etsələr öz başlarına yeni problemlər açacaqlar.
Bu gün məktəblərdə zorakılığın qarşısını almaqla bağı vahid siyasət yoxdur. Biz cəza tətbiq etməkdənsə, preventiv mexanizmlərin dəstəklənməsini doru sayırıq. Artıq çoxdan sübut olunub ki, cəzalar adətən vəziyyəti daha da mürəkkəbləşdirir. Müdiriyyət və pedaqoqlar qorxuya, fiziki güc tətbiqinə, təhdidə, təhqirə əsaslanmayan strategiyadan istifadə etməlidirlər”.
Simon Canaşiya,
təhsil sahəsində ekkspert
“Məktəblilər arasındakı münasibətdə zorakılıq yalnız məktəbdən kənardakı mədəni və sosial normalardan qaynaqlanmır. Zorakılıq təhsil sistemi strukturlarının yanlış təşkili ilə də bağlıdır. Qarşılıqlı münasibət dəyərlərin inkişafı deyil, nəzarətin prioritet olduğu sistem qüsurludur. Məsələn, son altı ildə mandaturi sisteminə 60 milyon lari xərclənib. Bu məbləğin heç yarısı belə uşaqlar arasında dəyərlərin acılanması, münaqişələrin idarə olunmasının öyrədilməsi, zorakılığa qarşı kampaniyaya xərclənməyib.
Məktəbdə 7-8 paralel siniflərin olmasına imkan verən sistem qüsurludur. Bu baxımdan bizim məktəblər doğru təşkil olunmayıb. 51 saylı məktəb Gürcüstanın ən çox yüklənmiş məktəblərindən biridir.
Bir neçə il əvvəl orada sinifləri də elə düzəldiblər ki, iki dəfə artıq şagirdi yerləşdirmək olsun. İndi orada o qədər şagird var ki, 2500 nəfər) çoxları bir-biri ilə heç tanış da deyil. Pedaqoq və şagirdlərin bir-biri ilə o qədər də tanış olmadığı, qarşılıqlı hörmətə əsaslanan, həssas münasibətin, bir-birinə yardımın, birgə əyləncənin və sair mövcud olmadığı bir məktəbdə münaqişə ehtimalı yüksəkdir. Faktdır ki, şagirdlərin bir-birini yaxşı tanıdığı kiçik məktəblərdə aqressiya ehtimalı azdır və ortaya çıxan problemlərə reaksiya vermək, onları həll etmək daha asandır.
Bu gün məktəb daha çox nəzarətə köklənib, inkişafa yox. Məktəbdə müxtəlif səviyyələrdə etimadsızlıq hökm sürür: uşaqlar pedaqoqa, pedaqoqlar mandaturiyə etibar eləmir, çünki qorxurlar ki, bunun nəzarət və cəzaların sərtləşməsinə səbəb olacağından çəkinirlər.
Uşaq məktəbdə münaqişəni həll etməyi bacarmalıdır, bunun üçün də onun kənardan köməyə ehtiyacı olmamalı və məsələni şəxsi haqq-hesab həddinə çatdırmamalıdır. Eyni zamanda o, bu və ya digər vəziyyətdən ləyaqətlə çıxa bilməlidir.
Yadımdadır 2007-ci ildə yeniyetmə hüquq pozucuları ilə vəziyyət daha pis idi. Nazirlikdə baş verənlərin miqyasını öyrənmək qərarına gəldilər və bir neçə məktəbdə reydlər keçirdilər. Ancaq direktorlara xəbərdarlıq edib, bildiriblər ki, reydlərin əsas məqsədi vəziyyəti öyrənməkdir və əgər məktəblilərdə soyuq silah aşkarlanarsa, heç kim cəzalandırılmayacaq. Bu kampaniya onunla nəticələndi ki, reydlər zamanı heç kimdə nəinki bıçaq, biz, heç siqaret də aşkarlanmadı. Sonra valideynlər danışırdılar ki, müəllimlər şagirdlərə siqaret və bıçaqları gizlətməyə kömək edirmiş.
Cəmiyyətdə, o cümlədən də pedaqoqlar çevrəsində kök atmış yanlış normalar az deyil. Xeyli müəllim əmindir ki, oğlan dalaşmağı bacarmalıdır və məhz bu şəraitdə kişiləşməlidir.
Bilik problemi də var. Normal məktəb ümumilikdə uşağa münaqişə səviyyəsini azaltmaq bacarığı aşılamalıdır. Məsələn, Skandinav ölkələrində davaya kənardan baxmağın doğru olmadığını öyrədirlər – ya müdaxilə edib, davanı dayandırmaq, ya da kömək dalınca qaçmaq lazımdır. Güman edirəm ki, Gürcüstanda şagirdə belə vəziyyətdə necə davranmalı olduğunu tövsiyə edən məktəb tapmaq mümkün deyil”.
Maya Tsiramua, psixoloq
“Sərt cəzanın çıxış yolu olmadığı yüzlərlə tədqiqatla sübut olunub. Yeniyetmələr arasında repressiv metodlar heç vaxt yaxşı nəticə verməyib. Söhbət məsuliyyətdən necə yayınmaqdan getmir. Sosial şəbəkələrdə elə şərhlərə rast gəlmişəm ki, adam birtəhər olur: biri günahkarlar üçün qaz kamerası tələb edir, o biri Linç məhkəməsi, ömürlük həbs. Biz nə istəyirik? Cinayətkarlardan qisas almaq? Niyə? Bax, bu haqda düşünməyə dəyər.
Bu gün baş verənlər böhrandır. Buna görə də məktəblərdə böhran intervensiyası həyata keçirmək vacibiyyəti yaranır. Dərsə girən müəllimlər nə deyəcəkləri və nə edəcəkləri haqda çox ciddi düşünməlidir. Amma yanlış, uğursuz seçilmiş kəlmə uşağa dərin zərbə vura bilər.
Bu gün əsas vacib olan məktəbdə çalışanlarla iş aparmaqdır, çünki onlar dəhşətli stress vəziyyətindədirlər. Təhsil Nazirliyinin lazımi resursları mövcuddur. Mandaturi xidməti ilə güclü psixoloqlar qrupu işləyir. Onların bu prosesə qoşulacağına ümid etməyə dəyər. Bu gün bütün məktəblərdə kəskin suallar qoyulacaq. Hər bir məktəb böhranı idarə etmək strategiyasına sahib olmalıdır, hər bir məktəbdə həmyaşıdlar arasında qarşıdurma yarandığı, bulinq və ya deyək ki, intihar cəhdləri olduğu zaman necə hərəkət etməli olduqlarını bilməlidirlər. Bu gün belə bir qaydlayn yoxdur. Baxmayaraq ki, Təhsil Nazirliyinə dəfələrlə bunun yaradılması tövsiyə olunub. İndi biz təxirəsalınmaz vacibiyyət qarşısındayıq. Bu gün bu, hələ dünən həll olunmalı olan işdir”.