Azərbaycanda “karantin müavinəti” mənimsənilib – İcra Hakimiyyəti başçısı şübhəli bilinir
Hökumətin karantindən ziyan çəkən vətəndaşlara ayırdığı maddi yardımı mənimsəməkdə şübhəli bilinən Azərbaycanın Biləsuvar rayonu İcra Hakimiyyətinin başçısı saxlanılıb.
İcra hakimiyyəti başçısı aprelin 29-da saxlanılıb, aprelin 30-da isə prezident İlham Əliyev onu vəzifəsindən azad edib.
Bu işlə bağlı hələlik çox az məlumat var.
Yalnız o məlumdur ki, Biləsuvar rayonunun İcra Hakimiyyəti başçısı Mahir Quliyevdən çox sayda şikayət daxil olub, bundan sonra xüsusi təyinatlılar İcra Hakimiyyəti binasında xüsusi əməliyyat keçirib və Quliyev saxlanılıb. Onunla birlikdə rayon xəstəxanasının baş həkimi də nəzarət altına alınıb.
- “Dedi ki, sadəcə evdə olmadığımız üçün bizi cərimələyir” – Azərbaycandan hekayə
- Gürcüstan: karantin zamanı turizm
Bu, son yarım ildə Azərbaycanda rüşvət, mənimsəmə və bu qəbildən digər cinayətlərdə ittiham olunaraq saxlanılan artıq ən azı üçüncü icra hakimiyyəti başçısıdır.
Cəmiyyətdə bu, bir qayda olaraq, spesifik reaksiya doğurur – insanlar məmurun bu cinayətləri törətməsinə yox, həbs faktının özünə təəccüblənirlər.
İcra hakimiyyəti başçıları (xüsusən də əyalətlərdə) bir növ rəhbərlik etdikləri rayonun ağası hesab edilirlər, demək olar ki, həmişə vəzifə səlahiyyətlərindən sui-istifadə edirlər, amma heç vaxt buna görə cavab vermirlər. Onları bu əməllərinə görə cinayət məsuliyyətinə cəlb etmək “tendensiyası” nisbətən yeni yaranıb.