Zamirə Hacıyevanın mülklərinin satışından əldə olunan vəsaitin böyük hissəsi Azərbaycana qaytarılacaq
Londonda mülklər – Zamirə Hacıyevanın işi
Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın Londondakı malikanəsi əlindən alınıb. Onun Britaniyadakı qolf klubu da müsadirə olunub.
Britaniya hökumətindən BBC-yə bildirilib ki, müsadirə olunan əmlakın satışından əldə edilən məbləğin bir hissəsi Azərbaycana qaytarılacaq.
- Azərbaycanda gənc politoloq dövlətə xəyanətdə ittiham olunur
- Putinin susqunluğu. Nə üçün Ukrayna ordusunun Rusiyanın dərinliklərinə doğru irəlilədiyi bir vaxtda o, Qafqazı gəzir?
- “Abzas Media işi” üzrə həbs edilənləri artıq 12 ilə qədər həbs gözləyir
Britaniyanın Milli Cinayət Agentliyindən bildirilib ki, Zamirə Hacıyeva bu dəbdəbəli əmlakı Azərbaycanda “geniş miqyasda dələduzluq və mənimsəmə, saxta uçot və çirkli pulların yuyulması yolu ilə dövlət bankının talanması nəticəsində” əldə edib.
Zamirə Hacıyeva məhkəmə prosesi boyu ittihamları qəbul etməyib. O, Britaniya məhkəməsində deyib ki, əri bank sədri olmazdan öncə, uğurlu biznesləri sayəsində müstəqil var-dövlət qazanmış qanuni iş adamı olub.
Məhkəmə ondan mübahisə obyekti olan var-dövlətinin qanuni maliyyə mənbəyini göstərməyi tələb edib.
Əvvəlki məhkəmə iclaslarında Hacıyevaya aid aktivlərin ümumi məbləği 26 milyon funtdan çox, təxminən 56 milyon manat dəyərləndirilib.
Zamirə Hacıyeva ilə razılaşmaya əsasən, əmlaklar satılarkən, təxminən 18 milyon funt-sterlinq, yəni təxminən 40 milyon manat Britaniya dövlətinin nəzarətində olacaq.
Hacıyevaya əmlakların hərracla satışından əldə edilən məbləğin 30 faizi veriləcək.
70 faizdən isə Milli Cinayət Agentliyinin istintaq xərcləri çıxılacaq və sonra yerdə qalan vəsait Azərbaycana qaytarılacaq.
“Böyük Britaniya hökuməti beynəlxalq qanunvericilik çərçivəsində korrupsiya ilə əldə edilmiş aktivlərin Azərbaycana qaytarılmasına sadiqdir”, – Britaniya hökumətindən BBC News Azərbaycancaya bildiriblər.
Hökumətdən o da əlavə olunub ki, indiki məqamda Azərbaycana qaytarılacaq məbləğin ümumi həcmini ehtimal etmək çətindir.
Zamirə Hacıyeva ona görə razılığa gedib ki…
Hacıyevanın hüquqlarını qoruyan “Gherson” vəkillik şirkətinin açıqlamasına görə, Zamirə Hacıyeva ona görə razılaşmaya gedib ki, onu müdafiə etmək mümkün olmayıb.
“Azərbaycan hökuməti Cahangir Haciyevdən lazım olan məlumatları almağa qəsdən imkan yaratmayıb”, – deyə Haciyevanın vəkilləri qeyd ediblər.
“Gherson” şirkətinin yaydığı açıqlamada deyilir ki, məhkəmə boyu iş üçün potensial əhəmiyyət kəsb edən məlumatlar Azərbaycanda həbsdə saxlanan Cahangir Hacıyevdə olub.
“Böyük Britaniyada işin davam etdiyi müddətdə Azərbaycan hakimiyyəti Hacıyevaya və onun Böyük Britaniyalı vəkillərinə Azərbaycanda həbsxanada olan cənab Hacıyevlə görüşə bilərəkdən icazə verməyib.
Bundan əlavə, Azərbaycan hakimiyyəti cənab Hacıyevin azərbaycanlı vəkillərinin Milli Cinayət Agentliyinin irəli sürdüyü iddiaları əks etdirən sənədləri nəzərdən keçirməsi və şərh verməsi üçün ona aparmasına mane olub”.
BBC Azərbaycanca Azərbaycan hökumətindən bu iddialara hələlik cavab ala bilməyib.
“Gherson” şirkəti onu da bildirib ki, bu səbəblə Avropa İnsan Hüquqları Məhkəməsinə iki müraciət edilib.
Zamirə Hacıyevanın “Harrods” xərci
Zamirə Hacıyeva 2006-2016-cı illər ərzində Londonun məhşur mağazası “Harrods”da təxminən 35 milyon manat xərcləməsi ilə dünya mediasının diqqətini çəkib. Bu, günə təxminən 7-8 min manat deməkdir.
Britaniya mediasının məhkəmə sənədlərinə istinadən yazdığına görə, o, çay və qəhvəyə təxminən 50 min, meyvə və tərəvəzə 21 min, Godiva şokoladlarına 69 min manat xərcləyib,
Məhkəmədə o da aşkar olunub ki, Hacıyeva bu 10 il ərzində oyuncaq mağazasında təxminən 545 min manat xərcləyib.
Bundan başqa, o bu illər ərzində on minlərlə manatlıq zinət əşyası və pal-paltar alıb.