Lelo - qeyri-adi qaydaları olan gürcü reqbisi
Lançxuti rayonunun Şuxuti kəndində Pasxa günləri tam fərqli olur. Quriyanın adi kəndi bu gün bütün ölkənin diqqət mərkəzinə çevrilir – Yuxarı və Aşağı Şuxuti kəndlərinin sakinləri qədim gürcü oyunu olan lelo oynayırlar. Bu tamaşa da Gürcüstanın hər yerindən insanların diqqətini cəlb edir. Yerlilər özünü göstərmək imkanını əldən buraxmır və var gücü ilə oynayırlar.
Oyundan əvvəl güləşçilər döyüşür, ağır atletika üzrə yarışlar, mədəni tədbirlər, çıxışlar, yerli məhsulun sərgi-satışı keçirilir.
Lelo müxtəlif milli idman növlərinin elementlərini özündə birləşdirir, Gürcüstanda bu oyun reqbinin parodiyası sayılır. Belə bir əfsanə də var: 1954-cü ildə Şuxutinin kənarında quriyalıların azsaylı ordusu Osmanlı İmperiyasının ordusuna qalib gəlir. Bundan sonra da hər bir lelo yarışı həmin döyüşdə həlak olan quriyalıların şərəfinə keçirilir və həmin o döyüşün imitasiyası sayılır.
Ənənəyə görə, Şuxuti sakinləri iki komandaya bölünür – kəndin yuxarı və aşağı hissəsi.
Lelo oyunu üçün top dəridən tikilir, içinə taxta kəpəy və torpaq doldurulur, üstündən “aladasturi” üzüm şirəsi tökülür. Topun çəkisi azı bir pud və ya 16 kilo olur. Oyundan əvvəl top yerli kilsədə müqəddəs suya salınır, bundan sonra da hardasa kəndin mərkəzinə qoyulur və oyun başlayır.
Oyun meydançasının sahəsi topun start mövqeyindən müxtəlif tərəflərə təxminən 400 metrdir, burada sərhədi göstərmək üçün nişanlar qoyulur. Qalib topu əks tərəfin bu nişanlarından keçirə bilən komanda sayılır. Yarışın vaxtı və iştirakçıların sayına məhdudiyyət qoyulmur. Reqbi oyununu xatırladan yarışda yüzlərlə oyunçu iştirak edir, nəticədə də top hərəkətdə demək olar ki, görünmür. Oyun zamanı Şuxutidən keçən magistral yol oyun bitənə qədər bağlanır. Patrul polisi, xilasedicilər və təcili tibbi yardım briqadaları səfərbər olunur.
Leloda ancaq bir qayda var – oyunçulardan biri yıxılarsa və ya halı pisləşərsə, oyunun digər iştirakçıları əllərini yuxarı qaldırır və oyun bir saniyəlik dayandırılır ki, zədələnmiş oyunçu lazımi yardımı almaq üçün meydançanın mərkəzindən kənarlaşdırılsın. Oyunda istənilən fəndlər, istənilən təzyiq yolveriləndir. Buna görə də oyunçular tez-tez, bəzən də ölümcül travmalar alır. Sonuncu faciəvi hadisə 2015-ci ildə baş verib – qurban orta yaşlı kişi oldu (bununla belə, oyun dayandırılmadı və axıra qədər çatdırıldı).
2017-ci ildə yarış gözlənilməz şəkildə tez sona çatdı – 20 dəqiqə sonra və qurbansız. Yuxarı Şuxuti sakinləri qəflətən əldən düşən topa tez sahib oldular və böyük məsafəni qaçaraq qət etdilər ki, bu da oyunun taleyini həll etdi. Şuxutinin yuxarı hissəsinin sakinləri qalib gəldi. İndi də ənənəyə uyğun topu bu yaxınlarda vəfat edən əzizlərinin məzarı üstünə aparıb, orada həmişəlik qoymalıdırlar. Şuxutidəki qəbiristanlıqda lelo toplarını bir çox qəbirlərin üstündə görmək olar.
Leloda oyundan əvvəl güləşçilərin təkbətək döyüşü