Lazımsız dil?
Şimali Osetiya – Alaniya
Osetin dili Şimali Osetiyada rus dilindən sonra ikinci rəsmi dövlət dilidir. Bununla belə, dil sürətlə yoxa çıxmağa doğru gedir. Hər halda, hələ 2009-cu ildə UNESCO osetin dilini ölən dil kimi tanıyıb.
Bundan sonrakı yeddi il ərzində respublikada doğma dilin qorunması üçün hansısa proqram işlənib hazırlanmayıb. Dil haqqında qanun da hələ qəbul edilməyib. Hakimiyyət 2007-ci ildən onun üzərində işləyir, 2013-cü ilin axırlarında isə qanun layihəsi parlamentə təqdim olunub. Amma deputatlar onu qəbul etməyiblər. Dialekt problemi onların razılığa gəlməyinə imkan verməyib.
Osetin dilində iki dialekt var – iron və diqor. Əksər parlamentarilər hər iki dialektin osetin xalqının dövlət dilinin bərabərhüquqlu elementi kimi tanındığı qanunu qəbul etmək istəyirdilər. Bu zaman onlar vəziyyətin elə bu cür qeyd olunduğu konstitusiyaya istinad edirdilər. Deputatların daha az hissəsi isə ancaq diqor dialektinin dil kimi qəbul edilməsini və dövlət dili statusunu almasını qətiyyətlə istəyirdi.
Eyni zamanda cəmiyyətdə bu diskussiyaların əsas məqsədin pərdələnməsi, qanunun qəbulunun qarşısının alınması üçün bəhanə olduğuna dair fikir yayıldı. Bu fikrə əsasən məmurlar sözügedən qanunun realizəsi üçün respublika büdcəsində lazımi vəsait tapa bilmirlər.
Dövlət hakimiyyəti orqanlarında bütün bürokratiya rus dilində aparılır. Dövlət qurumlarının rəsmi saytlarında heç də həmişə osetin dilində versiyalar olmur. Düzdür, dövlət idarələrinin fasadlarındakı lövhələr iki dildə – rus və osetin dillərindədir.
“Milli televiziya yoxdur, osetin radiosu yoxdur. Elə məişət səviyyəsində də osetin dili mövqelərini itirir. Ancaq kəndlərdə və dağ rayonlarında hələlik osetin dilində danışırlar”, – Şimali Osetiya parlamentinin “Rusiya vətənpərvərləri partiyasından olan deputatı, Milli Siyasət və Gənclərlə İş Komitəsinin üzvü Vitali Çeldiyev etiraf edir.
O deyir ki, fraksiyalar arasında razılıq əldə etmək və müxtəlif mövqeləri barışdırmaq lazım olanda o, osetin dilində danışmağa başlayır, səmərəsini də görür.
“Gənclər osetin dilində danışmırlar, çünki bilmirlər, utanırlar, – Azanbek Mayramukayev deyir. – Elə biri mən”.
Azanbek Vladiqafqazda osetin ailəsində anadan olsa da, ailədə hamı rus dillidir. Valideynləri uşaqlıqdan onunla rus dilində danışıblar, bağça və orta məktəbdə də rus dilində təlim-təhsil alıb.
Respublikada çoxları deyir ki, on il əvvəl osetin dilində danışmaq cəmiyyətdə savadsızlıq əlaməti sayılırdı. Ancaq axır vaxtlarda bu stereotip dəyişməyə və osetin dili bir növ “dəbə düşməyə başladı.
Filologiya elmləri namizədi Diana Sokayeva problemin olduğunu qəbul etsə də, UNESCO ilə razı deyil. O hesab edir ki, osetin dilinin məhv olmaq təhlukəsi hələ yoxdur:
“Osetinlər iki dilli millətdir, osetin dilinin ucqar yerlərdə mövqeyi hələ də güclüdür, orada əhali həm rus, həm də osetin dilində eyni dərəcədə yaxşı danışır. Eyni zamanda hər iki dialekti bilirlər”.
Başqa bir filoloq, filologiya elmləri doktoru Tamerlan Kambolov orta məktəb və uşaq bağçaları üçün osetin dilinin tədrisinin yeni metodikalarını işləyib hazırlayır. Onun fikri başqadır: o dilin məhv olduğunu düşünür və hesab edir ki, onu ancaq bütün cəmiyyətin fəal iştirakı ilə xilas etmək mümkündür.
Bununla belə, Şimali Osetiyada osetinlərin doğma dilə olan marağını qaytarmaq üçün ancaq bir neçə kiçik ictimai təşkilat nəsə edir.
Məsələn, Milli İdman Növləri, Oyunları və Mədəniyyəti Federasiyası “Союзмульфильм və “Disney studiyalarının populyar cizgi filmlərini osetin dilində də səsləndirmək istəyir. Lazımi vəsaiti toplamaq üçün fəallar Osetiyanın milli üçrəngli bayrağına uyğun olaraq, qırmızı, sarı və ağ rənglərdə silikon qolbağlar satırlar.
Qolbağların üstündə bu sözlər yazılıb: “Osetinsənsə doğma dilini bil!. Lazımi məbləği toplamaq üçün onlar on min qolbağ satmalıdırlar.
Aksiya könüllüsü, tələbə Albert Urusov Vladiqafqazda ədəbi osetin dilini mükəmməl bilən çox az gənclərdən biridir. O, deyir ki, ana dilini yaxşı bilməsi ailəsində həmişə osetin dilində danışdıqları ilə bağlıdır.
“Biz indi dostlarımızla məqsədyönlü olaraq əsasən osetin dilində danışmağa çalışırıq”, – o bildirir.
Ana dilini məktəblilər birinci sinifdən öyrənməyə başlayır, tədris 11-ci sinifə qədər davam edir. Amma ana dilinin tədrisinə həftədə cəmi iki saat ayrılır. Daha iki saat osetin ədəbiyyatının öyrənilməsinə verilir. Bir çox müəllimin fikrincə, ana dili üzrə dərsliklərin keyfiyyəti xeyli aşağıdır.
Vladiqafqazda ancaq bir, Kosta Xetaqurov adına məktəbdə bütün fənlər qismən osetin dilində tədris olunur.
Osetin dilini həm də birinci kurs tələbələri birinci semestrdə öyrənirlər.
Mayın 15-dən Vladiqafqazda osetin dilinə dəstək aksiyası keçirilir. Onun Teatr Meydanındakı təntənəli açılışı çox maraqlı oldu. Teatr binasında quraşdırılan böyük dinamiklərdən milli osetin musiqisi səsləndirilirdi. Meydana “Æ əməliyyatı yazılı çox böyük tort və ənənəvi osetin piroqları çıxarıldı.
Bir çox gənc aksiyaya çərkəzi papaq və gümüş xəncərlə, digərləri osetin bayraqları ilə gəldilər.
Georgi Bestayevin 27 yaşı var, “Artxuron folklor ansamblında rəqs edir. Qızmar yay gününün olmasına baxmayaraq, o çərkəzi papaqda və dizinə qədər olan dəri çəkmələrdə idi. O, qolbaq satmır, aksiyada başqa cür iştirak edir – çoxlu qolbaq alıb, bununla da aksiyanın büdcəsini doldurmağa çalışır.
Georgi suallarımı dinləyəndən sonra deyir: “Fikir verin, ikimiz də osetinik, osetin dilinə dəstək aksiyasını müzakirə edirik, amma rus dilində danışırıq”.
Cənubi Osetiya
Cənubi Osetiyada da ana dili ilə bağlı vəziyyət eynidir.
Burada osetin dilində iki nəşr var – “Xurzarin qəzeti (həftədə üç dəfə) və “Fidiuaq jurnalı (ildə altı dəfə). Yerli telekanallarda yayımın 60 faizi osetin dilində, qalan 40 faiz isə rus dilindədir.
Məktəbdə təhsil ancaq rus dilində aparılır, osetin məktəbləri yoxdur. Sxinval universitetində osetin filologiyası kafedrası istisna olunmaqla vəziyyət eynidir.
Məhkəmə icraatı və iş yazışmaları ancaq rus dilində aparılır. Parlament iclaslarında iki dildən istifadə olunur.
Cənubi Osetiyada doğma dilə dəstəklə bağlı ictimai təşəbbüslər yoxdur. Bununla belə, 2012-ci ildə respublika hökuməti yanında Osetin Dilinin Qorunması və İnkişafı Komissiyası təsis olunub. Komissiyaya hər kəs təkliflə müraciət edə bilər.
“Bu yaxınlarda osetin dilində cizgi filminin çəkilməsi layihəsini müzakirə edirdik. Büdcə milyon rubl [təxminən $15,500] təşkil etdi, – Cənubi Osetiya hökumətinin sədr müavini, komissiya üzvü Erik Puxayev danışır. – Biz ərizəçiyə rədd cavabı verdik, çünki hesab etdik ki, bu məbləğə osetin dilinə artıq mövcud olan çoxlu sayda cizgi filmini tərcümə etmək olar.
“Komissiyaya əsasən, dərslik və elmi əsərlərin buraxılması ilə bağlı təkliflər daxil olur, nəşriyyat fəaliyyətinə proqramın bütün vəsaitinin təxminən 85 faizi ayrılır”, – Puxayev deyir.
“Bununla da biz bilirik ki, dərsliklər məsələsini həll etmişik. Amma bu, kifayət etmir, osetin dilinin mövqelərini möhkəmləndirmək üçün daha çox işlər görmək lazımdır”.
- Müxtəlif məlumatlara görə, dünyada 500 mindən 700 minə qədər adam osetin dilində danışır. Bu, Böyük Qafqaz sıra dağlarının hər iki tərəfində yaşayan osetin xalqının doğma dilidir. Bundan başqa, XIX əsrin ikinci yarısında tarixi vətənini tərk edən osetin mühacirlərinin Gürcüstanın və Türkiyənin bir neçə rayonunda yaşayan nəvə-nəticələri də osetin dilində danışırlar
Məqalədə yer alan fikirlər müəllifin terminologiyası və baxışlarını ifadə edir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dərc edilib: 26.07.2016