Laşa Buqadze, Tbilisi
Parmen Marqvelaşviliyə səs verin!
Bu çağırış yadınızdadır?
Yəqin, kiminsə yadında olar, amma düşünmürəm ki, bu adamı deputat kimi çoxları xatırlasın.
Ona necə də böyük ümidlər bağlayırdıq!
Yadımdadır ki, gürcü dili müəlliməmiz deyirdi ki, Gürcüstan taleyüklü seçim qarşısında durub və Xalq Deputatlarının Ümumittifaq Qurultayında kim tərəfindən layiqli təmsil olunmağımız böyük əhəmiyyət kəsb edir…
Bütün Gürcüstan Parmenin yanında olmalıdır, çünki Parmen bizim ümidimizdir!
Mənim favoritim, valideynlərimin favoriti, dostlarımın favoriti və nəhayət müəlliməmin favoritinə deyil, qoca, mamır basmış “qırmızı ziyalıya səs verməyə hazırlaşan qonşumun anası Siala xala ilə necə dalaşdığımı xatırlayıram:
– Siala xala, – qonşumun anasına deyirdim, – Kim bu adamdan başqa Gürcüstan haqqında elə danışa bilər ki, bütün Sovet İttifaqı onu eşitsin?! Onu hətta mənim atam tanıyır…
Yaş məhdudiyyətinə görə seçkilərdə iştirak edə bilmədiyim üçün əsəbiləşirdim – axı bu, həyatımda (elə Gürcüstan üçün də) ilk azad seçkilər idi, düzdür, o vaxt hələ müstəqil Gürcüstan mövcud deyildi və xalq deputatını biz Qorbaçyov-Şevardnadze tərəfindən ixtiyari və ya qeyri-ixtiyari olaraq dəyişdirilən və ya dəyişdirilməkdə olan SSRİ xalq deputatları qurultayına seçirdik.
Məhz bu seçkiləri mən xüsusi ümidlə gözləyirdim və özümün bu seçkilərdə iştirak edə bilməməyimə baxmayaraq, yorulmadan və böyük həvəslə Parmen Marqvelaşvilinin qələbəsi uğrunda mübarizə aparırdım: blokda, həyətdə, məktəbdə qarşıma çıxan hər kəsə Parmen Marqvelaşvilinin müsbət cəhətlərindən danışır, həmsöhbətimin gözlərində şübhə görən kimi də anındaca özümdən çıxırdım:
– Məhv olacağıq! Parmen Marqvelaşvili qalib gəlməsə məhv olacağıq!
Milli hərəkatı dəstəkləyənlər Şevardnadze ilə dostluq münasibətlərində olan məşhur kinorejissora deyil, Parmen Marqvelaşviliyə azarkeşlik edirdilər. Buna görə də şübhə edən adamı inandırmaq alınmayanda pıçıltı ilə deyirdim: “Parmeni Zviad və Merab da dəstəkləyir. Amma bu arqument də işə keçməyəndə, artıq sosial ənənəyə çevrilən labüd fikirlərə müraciət edirdim:
– Parmen qurultayda Rusiyanı ifşa edəcək!
– Parmen Sovet İttifaqının cinayətlərinin bütün detalları haqqında danışacaq!
– Parmen Rusiyaya zərbə endirəcək!
– Parmen bütün dünyaya Rusiyanın necə olduğunu göstərəcək!
– Parmen 9 aprel haqqında danışaraq, bütün dünyanı sarsıdacaq!
– Parmen gürcülərin hansı əzablardan keçdiyi barədə ucadan danışacaq!
– Parmen öz mədəniyyəti və ciddiliyi ilə hətta baltiyalıları da ötüb keçib!
– Parmen öz ölkəsi üçün böyük nüfuz qazanacaq!
– Parmen qırmızı ziyalıları və seçilmişləri deyil, məhz xalqı təmsil edəcək…
– Parmen xalqını səmimi ürəkdən sevir…
– Qorbaçyov və Şevardnadze Parmendən patoloji şəkildə qorxur… Ən çox da ondan Qumbaridze qorxur. Parmen real gücdür, onun arxasında bütün gürcü xalqı durur…
– Parmen yeni Gürcüstanın özüdür…
– Parmen qalib gəlməlidir, əks halda xilas ola bilməyəcəyik!
Və möcüzə baş verdi – Parmen həqiqətən də qalib gəldi, onu seçdilər. Deyirdilər ki, onun əsas rəqibi infarkt oldu (bu, şayiə olsa da hamı sevindi); Zviad Qamsaxurdiya çoxsaylı mitinqdə Parmeni təbrik etdi; qonşu Siala ilə mənalı təbəssümlə salamlaşırdım…
Seçkilərin ikinci ya üçüncü günü atamla birlikdə “Xalq Cəbhəsinin qurultayına getdim (sovet dövrünün axırlarına yaxın 12 yaşlı uşağın Tbilisidə gedə biləcəyi başqa bir yer də yoxuydu: səhər məktəb və ya “Xalq cəbhəsinin qurultayı ya da buna oxşar tədbirlər, gündüz Saburtala bazarının yaxınlığında yerləşən “Qazapxuli kinoteatrı, axşam da Siala və onun uşaqları ilə mübahisə) və məhz Kino evinin pilləkəninin ağzında, “Xalq cəbhəsinin sədri Nodar Natadzenin narıncı “Zaporodjetsinin yanında (niyəsə bu maşını məhz bu cür xatırlayıram) qarşımıza ahıl və gülərüz kişi çıxdı. Bizə baxdı, qucaqladı, həyəcanla öpdü, utancaq tərzdə yumruğunu yuxarı qaldıraraq, onu müşayiət edən adamlarla birlikdə Rustaveli heykəlinin pyedestalına tərəf, onun yanındakı içməli su kranına tərəf götürüldü. Əlində tünd qırmızı rəngli qovluq varıydı. O, yolda qarşısına çıxan hər kəslə öpüşürdü.
– Bilirsən, bu kimdir? –atam soruşdu.
Başımı yellədim, çünki bu adam mənə tanış deyildi.
– Parmen Marqvelaşvili, – atam dedi.
– Parmen Marqvelaşvili? Bu, Parmen Marqvelaşvilidir?
Öz gözlərimə inanmırdım, məni tanınmış xalq deputatı,
demək olar ki, qəhrəman, uğrunda məktəbdə və evin həyətində bu qədər mübarizə apardığım adam öpdü… O necə də sadə və xoş insanıymış…
Yadımdadır ki, həmin gün həyəcandan gözümə yuxu gəlmədi.
Parmen Marqvelaşvili həqiqətən də sadə və çox xoş insan idi – yəqin ki, gürcü siyasətində ilk və son sadə və xoş insan – o dərəcədə sadə ki, Xalq deputatlarının Ümumittifaq Qurultayında onu ancaq səslərin hesablanması komissiyasının üzvü seçdilər, amma bu belə Gürcüstanda böyük qələbə kimi qiymətləndirildi. O, səsvermə zamanı həmkarları olan deputatların sıraları arasında gəzərək, komissiyanın digər üzvləri ilə birlikdə mandatları sayırdı; bəzən sektorların arasında gəzərkən, televizorda da görünürdü, biz də ümid qarışıq sevinclə “Odur! Odur, – deyə qışqırırdıq.
Bir dəfə mən hətta onun səsinə də eşitdim: “Dörd… Beş… Altı – o mandatları sayırdı…
– O nə vaxt tribunaya çıxacaq? Nitqini nə vaxt eşidəcəyik? – bir-birimizdən xəbər alırdıq.
– Vaxtı çatanda çıxacaq, indi isə belə lazımdır, – daha məlumatlı olanlar cavab verirdi.
Çıxmadı… çıxış etmədi.
Elə qurultay boyu da bu cür sektorların arasında mandatları hesablamaqdan yorğun və gərgin halda gəzdi.
İndi də Siala xala mənalı-mənalı mənə gülümsəyirdi…
Maraqlıdır, mən onda anladım yoxsa hələ də anlaya bilməmişəm ki, siyasətçilər haqqında şişirdilmiş fikirdə olmaq lazım deyil (bu, elə sağlamlıq üçün də ziyandır): əsəbiləşirsən, narahat olursan, mübahisə edirsən, özünü divara döyürsən, özünə yalançı ümidlər verirsən, gecələr yata bilmirsən, gündüz əsəblərin pozulur, onlarsa işləmək lazım olanda ən yaxşı halda sektorlar arasında gəzməyə qadirdirlər… Bu da ən yaxşı halda.
Düşünürəm ki, özünün, öz bacarıqlarının obyektiv qiymətləndirilməsi heç kimə mane olmaz…
Amma müstəqilliyin keçən 25 ili bunun əksini sübut edir.
P.S. Bu mətn ilk növbədə mənim – siyasətə başı qarışan, ümidləri boşa çıxan dinməz seçici, 26-27 il bundan əvvəlki təəssüratlarım haqqındadır, heç də yaxşı filoloq olan, siyasətlə məşğul olan ən uğurlu filoloq və digərlərindən fərqli olaraq vaxtında siyasətdən getməyi bacaran ləyaqətli filoloq, bundan bir neçə il əvvəl olduğu kimi simpatiya ilə yanaşdığım Parmen Marqvelaşvili haqqında deyil.
Dərc edilib: 07.10.2016