Laşa Buqadze, Tbilisi
Klassik musiqinin hələ anadan olmamış vurğunu olmuşam. Xüsusən də Mosartın fortepiano ilə orkestr üçün iyirmi birinci konsertinin heyranıyam.
Hələ ana bətnindəykən Rober Kazadesiusun ifasında Mosartın Si bemol major konsertini dinləmişəm.
Bundan başqa, sovet valının üstündə patefon iynəsinin cırıltısını, hər dəfə kadensiyanın eyni xarab olmuş yerində, məhz birinci “Allegronun ən axırında necə ilişdiyini də eşitməli olurdum.
Məndən olsaydı, tarixi qeybətləri sevdiyim üçün böyük məmnuniyyətlə həmin konserti eksentrik Mariya Yudinanın ifasında dinləyərdim. Bu ifanı radioda eşidən Stalin onun lent yazısını tələb edir. Amma ifa lentə alınmamışdı, konserti radioda canlı verirdilər. Elə həmin gecə “xüsusi şöbə Yudinanı studiyaya gətirir, orkestr artıq onu burada gözləyirdi. Lent yazısı da elə burada yazılır.
Bu hadisəni artıq doğulandan sonra eşitdim. Buna görə də dünyaya gələnə qədər 20 yaşlı atamın hamilə olan 19 yaşlı anam üçün seçdiyi ifa ilə qənaətlənməli olmuşdum.
Atam [tanınmış gürcü rəssamı Giya Buqadze] şəxsən valları dəyişir, ehtiyatla iynəni xarab olan kadensiyadan götürür və patefonu elə işlətməyə çalışırdı ki, bir tərəfdən adəti üzrə sovetlərin “Vremya informasiya proqramına baxan babamı narahat etməsin, digər tərəfdən də minus səkkiz aylıq olan oğlu anasının qarnında musiqini aydın eşidə bilsin.
Məlum oldu ki, aydın eşidə bilmişəm, çünki anadan olandan on üç il sonra Tbilisinin “Quru körpüsündə əldə elədiyim val kolleksiyasının ilk nümunələri məhz Mosartın fortepiano konsertləri oldu.
Bununla da kifayətlənmədim.
Klassik musiqi içimə anam vasitəsilə hopsa da, atamın fonunda o, passiv dinləyici kimi görünürdü.
Atam fəal dinləyicidir. Dirijorluğun simulyasiyasını da ondan öyrənmişəm – bütün simfonik musiqi sevənlər özlərini bircə dəfə də olsa dirijor kimi hiss ediblər. Başqa cür ola da bilməz. Patefonun yanında. Evdə. Bacarmadan. Bəziləri duş qəbul edə-edə oxuyur (mən də istisna deyiləm), digərləri dirijorluğu imitasiya edir – bundan həzz alırlar.
Yaddaşımda həkk olunan xatirələrdən biri atamın çiyinlərilə bağlıdır: atam rəssam üçün rahat olmayan yarıqaranlıq və alçaq tavanlı emalatxanasında kətanın qarşısında durub, şəkil çəkir, mənsə onun çiyinlərində oturub, hər şeyə yuxarıdan aşağı baxıram. Yaddaşımda iki xatirə var: yağlı boyanın iyi və döşəmənin üstündəki patefonun səsi. Musiqini xatırlamıram, hisslərimi xatırlayıram. Baxmayaraq ki, artıq bu gün o vaxtlar atamın çox sevdiyi Maleri dinlədiyini bilirəm. “Melodiya sovet musiqi nəşriyyatı sonradan kolleksiyama düşən mavi vallar buraxırdı: qəribə pırtlaşıq saçlı Rafael Kubelikin şəkli əks olunan doqquz val, həm də üzərində ya dirijorluq edən, ya da mühazirə oxuyan Villem Menqelberqin fotosu olan mavi bir val.
Başqa Maler sovet Gürcüstanına gəlmirdi. Hər halda mənim atamda yoxuydu. O, Malerin bu mavi vallarını dinləyir və öz trilogiyasını çəkirdi, bu şəkillərin üzərində indi də Malerin simfoniyasının müxtəlif hissələrinin adları yazılıb: Urlicht – ikinci simfoniya, birinci və axırıncı hissə və beşinci simfoniyanın adagietto-su.
Son ikisini hər gün görürəm. Urlicht-in əsərlərindən birinin 1980-ci illərin qarışıqlığında və “Tbilisi müharibəsi zamanı itirildiyi zənn edilirdi, amma bir neçə il əvvəl onu heç kəsə etibar etməyən bir kolleksiyaçıda aşkar etdim, o ürəksiz etiraf etdi ki, atamın “Maleri divarından asılıb. Bir neçə dəfə əsəri atama göstərməsi üçün onu dilə tutdum, alınmadı, görünür, atamın rəsmi onun əlindən alacağından və ya yenidən belə bir şəkil çəkəcəyindən qorxur. Axı kolleksiyaçılar həyatda olan rəssamları sevmir.
Sovet Gürcüstanında əyləncə yerləri olmurdu, buna görə də ailələrdə yeknəsəq sovet həyatına rəng qatmaq üçün hər dəfə təzə bir şey fikirləşirdilər. Misal üçün, xalam kukla teatrı yaratdı və böyük çətinliklə, pozulmuş əsəbləri bahasına “Sehrli fleyta operasını təqdim etdi. Operada onun özünün tikdiyi kuklalar çıxış edirdi. Amma xalamda kuklaları cinslərə ayırmaq alınmadı, ona görə də hansının kişi, hansının qadın olduğunu anlamaq mümkün deyildi – Pamina və Zarastro bir-birinə oxşayırdı, bu da mənim etirazım və narazılığıma səbəb olurdu.
Atamın dostu vardı, məşhur gürcü bəstəkarının oğlu və musiqiçi idi. İri qartal burnu, pırtlaşıq saçları və qabağa çıxan dişləri vardı. O, Karayanın və deyəsən, ümumiyyətlə Knappertsbuşdan başqa hər kəsin adının çəkilməsini az qala günah sayırdı. Və əksər dirijorlar kimi, onun da deyəsən, uşaqlardan xoşu gəlmirdi, çünki bir dəfə o kiminsə hündür tavanlı qədim evində “Sehrli fleytanın diletant tamaşasını səhnələşdirməyə cəhd edəndə atam məni də özü ilə premyeraya apardı (o, dostunun bu tamaşası üçün pərdəsini şəkillərlə bəzəmişdi), o da böyük narazılıqla mənə baxıb, atama irad tutdu:
– Biz axı danışdıq ki, uşaqları gətirməyəcəyik. Yersiz danışmağa başlayırlar, ucadan əsnəyirlər.
İstədim deyəm ki, bağışlayın, amma Mosartı hələ anadan olmamış dinləməyə başlamışam, amma özümü saxladım, çünki 6 yaşım vardı və hər halda nəzakətli uşaq kimi tanınırdım. Onun “Sehrli fleytasında isə sadəcə yuxuya getdim. Əsnəmədən.
Atam musiqi haqqında danışmağı bacarırdı. Operanı onun danışdıqlarından sevdim. Süjetləri böyük həvəslə nəql edir, ara-sıra fırçası ilə dirijorluğa başlayırdı. “Don Juanın axırıncı səhnələrindən birini, şam yeməyinə don Juanın evinə Komandorun heykəlinin gəldiyi səhnəni də o mənə beləcə danışdı. Komandorun gəlişini müşayiət edən akkordlar mənə çox güclü təsir bağışladı və bundan sonra əlimin altına keçən hər şeyin üstündə – vərəqələrdə, masanın, divarların, hətta mətbəx qapısının üzərində Komandorun gəldiyi səhnəni təsvir edirdim.
– Uşağı dəli gününə salıb, bir azdan mənim başımda da çəkməyə başlayacaq! – nənəm atama deyinirdi.
Val kolleksiyasını da məhz “Don Juandan toplamağa başladım: onları “Quru körpüdə yerləşən yarmarkada aldığım günü dəqiq xatırlayıram. Bu, 1992-ci ilin may ayına, olduqca ağır və depressiv bir dövrə təsadüf edirdi. Sovet İttifaqı bir neçə ay əvvəl dağılmışdı (bu, öz-özlüyündə yaxşıydı), amma məhz həmin vaxt Tbilisidə silahlı müxalifətlə Gürcüstan prezidentinin tərəfdarları arasında müharibə başladı. Bu səbəbdən hamı birdən-birə Gürcüstanda uzun illər boyu nəyi gözlədiyini unutdu, yəni Sovet İttifaqının dağılmasını və Gürcüstanın azad olmasını.
Dəhşətli bir dövr başladı: nə işıq, nə pul vardı, nəqliyyat işləmirdi… Soyuq idi. Valideynlərimin buna necə tab gətirdiyini bilmirəm. Təbii ki, elektrik enerjisinin olmaması məni narahat edirdi, amma valideynlərimdən fərqli olaraq məni “necə sağ qalaq” kimi fikirlər üzmürdü. Qəribədir ki, necə sağ qala bildiyimizi heç xatırlamıram da. O vaxtlar mən də valideynlərim yaşda olsaydım bəlkə də ağlımı itirərdim – həmin o reallığı qəbul edə bilməzdim. Onlar isə – analar, atalar, nənələr, babalar dözdülər…
İşıq ümumiyyətlə olmurdu, ya da bir neçə saatlıq, o da gecə yarı, saat ikidən dördə qədər. Bu səbəbdən də real həyat (paltar yumaq, çimmək, əlinə keçəndən yemək bişirmək, verilişsiz televizora baxmaq) həmin o iki saatla məhdudlaşırdı.
Atam nə cürsə əsərlərini sata bilirdi (bu kiçik mənzərələri kriminal yolla varlanan gürcülərin estet xanımları alırdı). Babam keçmiş iş yoldaşı ilə birlikdə Əməyin Mühafizəsi İnstitutunun yanında (bu cür absurd bir idarə ancaq Sovet İttifaqında mövcud ola bilərdi) xaçapuri mağazasına oxşar bir şey açmağa çalışdı, amma bir neçə ay sonra işi batdı və passiv depressiyaya düşdü: həyat tərzinin bu cür kəskin dəyişməsindən onu tam çaşqınlıq halına saldı. Bütün bunlara baxmayaraq, atamın (allahın və kriminalların estet xanımlarının sayəsində) həmişə mənə val almaq üçün 2-3 lari vermək imkanı olurdu, onları da gecə saat ikidən dördə qədər dinləməyə çalışırdıq. Musiqi sığınacağımız idi.
O sovet illərində də sığınacağımız olub, valideynlərim klassik musiqinin köməyilə sovet reallığından uzaq olmağa, hətta bu musiqinin bir vaxtlar yarandığı yerlərə köçməyə çalışırdılar, o vaxtlar da belə oldu, çünki “Quru körpüdə aldığım ilk vallarım (təzə olmasa da, yaxşı vəziyyətdə idilər) – Mosartın fortepiano konsertləri, Don Giovanni, Cosi fan tutte operalarından fraqmentlər və Bastianinin baritonu ilə “Riqoletto bizi reallıqdan uzaqlaşdıra bilirdi.
Mənim üçün ən dözülməz anlar elektrik enerjisinin verildiyi, amma naməlum səbəblər üzündən gərginliyin zəif olduğu vaxtlar idi – yəni sanki işıq həm vardı, həm də yoxdu… Lampa zəif işartı verir, televizorun ekranı yanıb-sönür, val isə ağır-ağır fırlanırdı, çünki işıq zəif olduğundan patefonun gücü çatmırdı. Buna görə də musiqinin tempi azı beş dəfə düşür, müğənnilərin səsləri isə nəriltiyə bənzəyirdi.
– Söndür onu, insafın olsun, bu musiqi deyil, işgəncədir, – mən bu problemi aradan qaldırmağa çalışanda atam deyirdi.
Sovet İttifaqı statik zaman ölkəsiydi.
Müstəqilliyin ilk illərini taqətdən düşmüş patefon və ağır tərpəniş illəri kimi xatırlayıram. Amma yenə də bu tərpəniş idi, statika deyildi.
Statika həmişə gürcü tarixinə soxulub: Rusiya imperiyasının ideoloqları və senzorları çoxəsrlik gürcü polifoniyasını imperiya monosəsi ilə əvəz etməyə çalışıblar. Tarixi məhv etmək üçün ən qədim kilsələrin divarlarında gürcü freskalarını silib, üstündən ağ boya çəkdikləri kimi. Gürcüstanda çar Birinci Demetrenin doqquzuncu əsrdə yazdığı şerə bəstələnən üç səsli “Sən üzüm tağısan, onlarla “Mravaljamier və çoxsəsli Gürcüstanın identikliyinin bir hissə olan başqa mahnılar oxuna bilməzdi.
Amma mahnılar qaldı.
Yaddaş da qaldı.
Musiqi həmişə sığınacağımız olub. Əsrlər əvvəl də, qorxu və məyusluq içində yaşayan insanların evində ara-sıra mahnıların (və ya Tbilisinin köhnə məhəllələri üçün səciyyəvi olan fortepiano səslərinin) eşidildiyi 80-ci illərdə də, valların zəif fırlanmadığı indiki dövrdə də. Amma təəssüf ki, indi də heç də zəif olmayan adamlarda tarixin gedişatını zəiflətmək və ya dayandırmaq istəyi yaranır.
Düzdür, düşünmürəm ki, bundan nəsə alınsın. Musiqisiz mədəniyyət heç vaxt və heç cür musiqi mədəniyyətinin qarşısını ala bilməyəcək.
Bunu hələ onda, anamın bətnində minus səkkiz aylıq olarkən Mosartın iyirmi birinci konsertini dinlədiyim vaxt anladım.
Bunu o vaxtlardan bilirəm.