Laçın dəhlizinə alternativ yolun inşası bitmək üzrədir
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Laçın dəhlizinə alternativ yolun tikintisinin gedişatı haqda hesabat yayıb. Yaxın zamanda bu yol Ermənistan və Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi hissəsi ilə birləşdirən yeganə yol olacaq. Hazırda bu funksiyanı Laçın dəhlizi yerinə yetirir. Yeni yol nəyə lazımdır?
- Ukraynadakı müharibə və Ermənistandakı gərginlik fonunda Paşinyan-Putin danışıqları
- Azərbaycanda hələ də koronavirusa görə karantin ləğv edilməyib. Səbəb nədir?
- Sülhməramlılar Qarabağda postların sayını artırıblar: bu nə deməkdir? Bakıdan şərhlər
AAYDA — Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Laçın dəhlizinə alternativ yolun inşası ilə bağlı hesabat yayaraq bu magistralı kimin tikdiyinə dair mübahisələrə nöqtə qoyub.
Bəyanatda deyilir ki, yeni yolun marşrutu iri yaşayış məntəqələrindən kənar keçməklə layihələndirilir.
Yeni avtomobil yolunun uzunluğu 32 km təşkil edir. 2 hərəkət zolaqlı olacaq yolun layihə üzrə hərəkət hissəsinin eni 7 metr, torpaq yatağının eni 12 metr, çiyin hissələrin eni isə 2×2.5 (5 m) metr təşkil edəcək.
Yolun 22-ci km-də inşa edilən və uzunluğu 140 metrə yaxın olan 4 aşırımlı körpüdə hazırda tikinti işləri son mərhələdə olmaqla icra olunur.
Yolun cari ilin sonuna qədər istismara verilməsi planlaşdırılıb.
Qeyd etmək lazımdır ki, bu yolun inşası ikinci Qarabağ müharibəsinə nöqtə qoyan 2020-ci il 10 noyabr üçtərəfli bəyanatda nəzərdə tutulub.
Üçtərəfli bəyanatda nə deyilir?
Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı 2020-ci il 10 noyabr bəyanatının 6-cı maddəsində deyilir:
“Ermənistan Respublikası 2020-ci il noyabrın 15-ə qədər Kəlbəcər rayonunu, 2020-ci il dekabrın 1-ə qədər Laçın rayonunu Azərbaycan Respublikasına qaytarır. Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən və Şuşa şəhərindən keçməyən Laçın dəhlizi (eni 5 km) Rusiya Federasiyasının sülhməramlı kontingentinin nəzarətində qalır.
Tərəflərin razılaşmasına əsasən, yaxın üç ildə Dağlıq Qarabağ və Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşaat planı müəyyən ediləcək, bunun ardınca həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin yerdəyişməsi baş tutacaq.
Azərbaycan Respublikası Laçın dəhlizi üzrə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə hərəkətinin təhlükəsizliyinə zəmanət verir”.
Bu yol Azərbaycanın nəyinə lazımdır?
Azərbaycanlı ekspertlərin sözlərinə görə, Laçın dəhlizinin Laçın şəhərinin içindən keçdiyi üçün Rusiya sülhməramlıları məhz bu rayon mərkəzində yerləşib.
Alternativ yolun inşasının məqsədlərindən biri ondan ibarətdir ki, yol Laçının içindən keçməsin. Bununla da Azərbaycan sülhməramlıları şəhərdən çıxara biləcək. Amma bu, sülhməramlı kontingentin tamamən ərazidən çıxarılması demək deyil, Rusiya hərbçiləri sadəcə yerlərini yeni yolun yaxınlığına doğru dəyişəcəklər.
İstənilən halda alternativ yol özündə sülhməramlıların hərəkət arealının kiçildilməsini və onların gələcəkdə regiondan tam çıxarılmasının elementlərini əks elətdirə bilər.