Laçın dəhlizinə alternativ yolu kim çəkir? Bakıdan şərhlər
Sosial şəbəkələrin Azərbaycan seqmentində Həkəri çayı üzərində inşa edilən körpünün fotosu yayılıb. Bildirildiyinə görə, bu körpü Laçın dəhlizinə alternativ yolun bir hissəsi olacaq. Sözügedən dəhliz Ermənistanı Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi hissəsi ilə birləşdirir. Bəs bu yolu kim çəkir? Azərbaycanlı ekspertlər vəziyyəti fərqli şərh edirlər.
- Rusiya sülhməramlıları Qarabağı tərk edəcəklərmi? Bakıdan şərhlər
- Rusiya XİN Azərbaycan və Fransa arasında diplomatik qalmaqala qarışıb
- “Bir-birimizə baxırıq” – ermənilər və azərbaycanlılar müharibədən sonra Qarabağda
Nə baş verib?
Azərbaycanlı hərbi icmalçı Ədalət Verdiyev Facebook səhifəsində Laçın rayonunda Həkəri çayı üzərində körpü inşaatını əks etdirən foto paylaşıb.
Müəllif bildirir ki, inşa edilən yol Ermənistanı Qarabağın RF sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi hissəsi ilə birləşdirən yeganə yola – Laçın dəhlizinə alternativ olacaq.
Amma müəllif körpü inşaatını hansı tərəfin başlatdığını qeyd etməyib.
Foto müəllifində olan məlumata əsasən, Laçın dəhlizinə alternativ yol Ermənistanın Qoris rayonunun Qornidzor kəndindən başlayacaq, Laçın rayonunun Qayğı kəndindən keçəcək və dağların arası ilə Xankəndinə [ermənilər bu şəhəri Stepanakert adlandırırlar – JAMnews] qədər uzanır.
Laçın dəhlizinə alternativ yolun inşası ikinci Qarabağ müharibəsinə son qoymuş üçtərəfli bəyanatda nəzərdə tutulub.
Üçtərəfli bəyanatda nə deyilir?
Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı 2020-ci il 10 noyabr bəyanatının 6-cı maddəsində deyilir:
“Ermənistan Respublikası 2020-ci il noyabrın 15-ə qədər Kəlbəcər rayonunu, 2020-ci il dekabrın 1-ə qədər Laçın rayonunu Azərbaycan Respublikasına qaytarır. Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən və Şuşa şəhərindən keçməyən Laçın dəhlizi (eni 5 km) Rusiya Federasiyasının sülhməramlı kontingentinin nəzarətində qalır.
Tərəflərin razılaşmasına əsasən, yaxın üç ildə Dağlıq Qarabağ və Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşaat planı müəyyən ediləcək, bunun ardınca həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin yerdəyişməsi baş tutacaq.
Azərbaycan Respublikası Laçın dəhlizi üzrə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə hərəkətinin təhlükəsizliyinə zəmanət verir”.
Yeni yolu kim inşa edir?
“Körpünü Azərbaycan şirkətləri inşa edir”, – hərbi icmalçı Ədalət Verdiyev qeyd edib.
Onun sözlərinə görə, üç il ərzində Ermənistanı Xankəndi ilə birləşdirən yeni yolun inşasını Azərbaycan öz üzərinə götürüb və tərəflər bununla razılaşıb:
“Körpünün inşaatına daha əvvəl başlamışdıq. Lakin Ermənistan tərəfi Zəngəzur dəhlizi [Azərbaycanda Ermənistan ərazisindən keçərək Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən yolu belə adlandırırlar — JAMnews] və digər sərhəd təyin edilmə prosesinə kifayət qədər soyuq yanaşdığına, işləri ləngitdiyinə görə Azərbaycan da bu inşaatı dayandırmışdı. Son günlərdə isə cənab prezident də vurğulamışdı ki, Ermənistandan müsbət siqnallar alınır”.
Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov fərqli fikirdədir. Onun sözlərinə görə, inşaat işləri Rusiya sülhməramlıları tərəfindən aparılır.
“Deyəcəklər ki, sülhməramlı əməliyyatların daha yaxşı kommunikasiya olunması üçün özümüz üçün tikirik. Yaxud köhnə körpünün savaşda zərbələrə görə bərbad vəziyyətə düşdüyünü bəhanə edib, “təzələyirik” deyəcəklər. Bu şəkildə söhbətlər ola bilər”, – Zülfüqarov qeyd edib.
“İstənilən halda bizə qalacaq. Buna heç kəsin şübhəsi olmasın. Nə tikirlər hamısı bizə qalacaq. Özləri də (ermənilər) istifadə edə bilərlər, ancaq bu, Azərbaycan dövlətinin tərkibində mümkündür”, – keçmiş XİN rəhbəri əlavə edib.
Yeni yol Azərbaycana hansı üstünlükləri verir?
JAMnews Laçın dəhlizinə alternativ yolun inşası haqda yayılmış informasiyanı şərh etməyi azərbaycanlı siyasi içmalçı Aqşin Kərimovdan xahiş edib.
“Yayılan məlumatların həqiqiliyini və ya mötəbər mənbəyə söykəndiyini müəyyən etmək bir qədər çətindir, ən düzgün cavab 10 noyabr üçtərəfli bəyanatının tərəfləri olan Azərbaycan, Rusiya və Ermənistan hökumətlərindədir.
Lakin Laçın dəhlizinə alternativ yolun çəkilişi ideyası yeni bir təşəbbüs deyil, bu, hətta 10 noyabr bəyanatına da salınıb.
Bəyanatın 6-cı maddəsinə əsasən, Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək.
Bəs Azərbaycan bununla nə qazanmaq istəyir?
Nəzərə alaq ki, Laçın dəhlizinin bir hissəsi Laçın şəhərinin içərisindən keçdiyinə görə, Rusiya sülhməramlı kontingentinin bir qismi də Laçın şəhərinə dislokasiya edilib.
Alternativ yolun məqsədi isə budur ki, dəhliz Laçın şəhərinin dərinliyindən keçməsin və sülhməramlılar Laçın şəhərindən çıxarılsın.
Amma alternativ yol sülhməramlıların ümumilikdə çıxarılması demək deyil, sadəcə həmin yol çəkildikdən sonra Rusiya sülhməramlı kontingentinin həmin əraziyə yerdəyişməsi nəzərdə tutulur.
Ancaq istənilən halda, alternativ yol sülhməramlıların çıxarılması elementlərinin işartılarını ortaya qoya bilər.
Həmin alternativ yolun inşası üçün üç il nəzərdə tutulub, Prezident İlham Əliyev 10 noyabr bəyanatının 6-cı maddənin izahını verərkən bu barədə danışmışdı və razılaşdırılmış müddəti göstərmişdi.
Yeni alternativ dəhlizin parametrləri müəyyən olunandan sonra Laçın dəhlizi Laçın şəhərini əhatə etməyəcək”, – Kərimov bildirib.