“Laçın dəhlizinin bağlanması tələbi populizmdir”. Bakıdan şərh
Laçın dəhlizinin bağlanması tələbi
Rəsmi Bakı ilə Rusiyanın Qarabağdakı sülhməramlı kontingenti arasında münasibətlər qızışır. Bunun fonunda Azərbaycanın paytaxtında Laçın dəhlizi ilə nəqliyyat vasitələrinin hərəkətini nəzarətə götürməyə çağırışlar səslənir, bəzi siyasətçilər bu yolun bağlanmasını tələb edirlər. Laçın dəhlizinin bağlanması tələbi populizmdir – Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.
- Naxçıxanda nə baş verir? Bakıda muxtariyyətin ləğvi ehtimalı haqda danışırlar
- “Zəngəzur dəhlizilə bağlı Azərbaycan Rusiya ilə danışıqlar aparır”. Bakıdan şərh
- İlham Əliyev: “Fransa sülh prosesində iştirak edə bilməz”
Zülfüqarov Laçın dəhlizinin bağlanması tələbi haqda
“Bizdə rəqiblərimizin və bəzi populistlərin ortaya atdığı yanlış “Laçın dəhlizini bağlayın” ifadəsinin işlətdilməsini oxumaq bir az qəribədir.
Əminəm ki, bizim məqsədimiz silahların, konstitusiyaya zidd fəaliyyət və təbliğatla, qaçaqmalçılıqla, narkotik vasitələrin qanunsuz dövriyyəsilə və s. məşğul olan şəxslərin ölkəmizin ərazisinə daxil olması üçün istənilən imkanları bağlamaqdır. Qanunlarımıza zidd olmayan fəaliyyətlər, o cümlədən humanitar əlaqələr maneəsiz davam edə bilər və davam etməlidir”, – Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov sosial şəbəkədəki səhifəsində yazıb.
Onun sözlərinə görə, belə bir rejimin təmin edilməsi üçün DSX postları ilə yanaşı, mövcud qanunvericiliyə uyğun olaraq sərhəd mühafizəsi, gömrük xidməti və fitosanitar nəzarət postunun yaradılması kifayətdir:
“Bu, Azərbaycanın dövlət strukturlarıтжт sərhəd haqqında qanunun tələblərini təmin etsin deyə funksiyaların bölünməsinə imkan verəcək, Rusiya sülhməramlıları isə 10 noyabr 2020-ci il tarixli bəyanatın müddəalarına uyğun olaraq təhlükəsizliyi təmin etməyə davam edəcəklər.
Belə yanaşma bu problemin həllində situasiyanın konfliktsiz transformasiyasını təmin edəcək və əks-təbliğatda rəqiblərimizi arqumentlərdən məhrum edəcək”, – deyə o əlavə edib.
Zülfüqarov həmçinin qeyd edib ki, təxribatların qarşısını almaq üçün Azərbaycan postlarının fəaliyyətinin daimi onlayn yayımını təmin etmək məqsədəuyğun olardı.
Azərbaycan Müdafiə Nazirliyi sülhməramlıları tənqid edir
Son bir həftə ərzində rəsmi Bakı ilə Rusiya Federasiyasının Qarabağdakı sülhməramlı kontingenti arasında münasibətlər heç vaxt olmadığı qədər pisləşib. Gün keçmir ki, Azərbaycan Müdafiə Nazirliyi sülhməramlıları gündəlik bülletenlərində yazı tərzlərinə görə tənqid edən bəyanat yaymasın.
O cümlədən, Azərbaycan Müdafiə Nazirliyi Rusiya sülhməramlı kontingentinin diqqətini Azərbaycanda “Dağlıq Qarabağ” adlanan inzibati vahidin olmamasına cəlb edir. Müdafiə Nazirliyi həmçinin Qarabağda Azərbaycan müstəqillik əldə etdikdən sonra adları dəyişdirilən yaşayış məntəqələrinin köhnə adlarından istifadə edilməsini yolverilməz hesab edir.
Rusiya Müdafiə Nazirliyi hələlik bu bəyanatlara cavab verməyib.
Silah təchizatı iddiaları
Rəsmi Bakı son vaxtlar müxtəlif səviyyələrdə dəfələrlə bəyan edib ki, Ermənistandan Laçın yolu ilə Qarabağın erməni əhalisinin yaşadığı hissəsinə silah-sursat gətirilir.
Bu bəyanatlar həm Azərbaycan XİN-in bəyanatlarında öz əksini tapıb, həm də xarici həmkarları ilə görüşlərdə müxtəlif səviyyəli rəsmilərin dilindən eşidilib.
Azərbaycan siyasətçiləri bu bəyanatla Qarabağa yükdaşımalara nəzarətin zəruriliyini əsaslandırırlar.
Ekspert rəyi
Mövcud vəziyyəti qiymətləndirmək üçün “faktiki olaraq ikinci Qarabağ müharibəsinin son nöqtəsinə çevrilən” 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı oxumaq lazımdır – politoloq Fariz Əliyev hesab edir.
“Bəyanatdakı doqquz bənddən ikisi Laçın dəhlizinə və Azərbaycanın qərb rayonlarını Naxçıvan Muxtar Respublikası ilə birləşdirməli olan yola həsr olunub. Azərbaycanda bu yola Zəngəzur dəhlizi deyirlər, çünki hələ sovet dövründə Naxçıvana gedən yol Zəngəzurdan keçirdi və bu, Zəngilanla muxtar respublika arasında ən qısa yol idi.
Azərbaycan tərəfi Naxçıvana gedən yolun “dəhliz” statusu ilə bağlı tələblərində haqlıdır, çünki üçtərəfli bəyanatda iki yola tələblər eynidir. Hər iki halda marşruta Rusiya qoşunları nəzarət edir. Amma Ermənistan hələ də bu reallığı qəbul edə bilmir və sərhəd nəzarətinin yaradılmasını tələb edir. Hər iki yolun şərtləri eyni olduğundan, Azərbaycan Laçın dəhlizinə münasibətdə də eyni şeyi tələb edir.
Burada başqa bir mühüm məqam da var. Əgər Laçın dəhlizi vasitəsilə Ermənistandan Azərbaycan ərazisinə, yəni Qarabağa insan və yük gəlirsə, Zəngəzur dəhlizində vəziyyət başqadır: bu yoldan keçən insanlar və yüklər Azərbaycanın bir hissəsindən digər hissəsinə keçir. Məntiqi başa düşürsünüz? Yəni Zəngəzur dəhlizi boyu marşruta Rusiya sərhədçiləri ciddi nəzarət edirsə, o zaman Ermənistan bu yol ilə daşınanlara heç bir şəkildə müdaxilə edə bilməz. Laçın dəhlizi ilə bağlı eyni şeyi demək olmaz – Azərbaycan təbii ki, başqa ölkədən öz ərazisinə arzuolunmaz yüklərin gətirilməsinə razı ola bilməz.
Xülasə, deyim ki, burada seçim Ermənistanındır: Zəngəzur dəhlizinə nəzarətdə israrlı olsa, Laçın yolunda Azərbaycanın sərhəd dirəkləri peyda olacaq. Bu elementardır”, – deyə politoloq JAMnews-a müsahibəsində bildirib.