Krımda ukraynalı turistlər: “Qiymətlərdən başqa heç nə dəyişməyib”
2014-cü ilin mart ayından sonra Ukraynadan Krıma turist axını kəskin şəkildə azalıb: 5 milyon ukraynalıdan 400-500 min nəfərə qədər. Bu yay Krım rəhbərliyi yarımadaya Ukraynadan 260 min turistin gəldiyini bildirdi. Kiyevdə isə başqa rəqəm göstəriblər: 100 min turist.
“Novaya qazeta”nın müxbiri üç gün sürən axtarışlardan sonra ukraynalı turist tapa bildi. Sualları eşidən turist gözlərini bərəldərək dedi: “Qadağalardan mənə nə? Mənim burada qardaşım yaşayır”. Və sağollaşıb gedir.
– Bütün yay boyu bizdə 8 ukraynalı qalıb, – Feodosiyadakı “Fortnoks” mehmanxanasının sahibi Konstantin Oqnev-Çyornı deyir. – Rusiyadan gələnlər isə, məsələn, 280 nəfər idi. Bu il Ukraynadan çoxu gəlmək istəmirdi, çünki Ukrayna tərəfində sərhəddə yoxlanış sərtləşdirilib: insanların üstünü yoxlayırlar, çoxları Krıma gəlmək üçün günlərlə növbədə gözləməli olur.
Başqa otellərdə, o cümlədən də çox ucuz hostellərdə belə ukraynalı turist tapmaq mümkün olmadı. “Bu il ukraynalı turistlərlə bağlı vəziyyət keçən ildəkindən də betərdir”, – mehmanxana sahibləri deyir.
Vərdişin gücü
Bu da daha bir ukraynalı: “Novaya qazeta”nın əməkdaşının vağzalda təsadüfən rastlaşdığı təxminən 50 yaşında qadın. Svetlana Nikolayevna özəl uşaq bağçasında tərbiyəçi işləyir.
– Krıma səfər etməkdə heç bir qəbahət görmürəm. Birincisi, mən valideynlərimlə sovet vaxtı burada dincəlmişəm, SSRİ dağıldıqdan sonra da hər il bura gəlirəm. İkincisi, Ukrayna Rusiya ilə hara da fırlatsan axıra qədər küsülü qala bilməyəcək: əsrlər boyu bir yerdə yaşamışıq və bir dənə 2014-cü il prinsipial olaraq heç nəyi dəyişmir.
— Amma Krım getdi, Donbass gedir. Məgər bu prinsipial dəyişiklik deyil?
— Bundan mənə nə? – Svetlana Nikolayevna sakit tərzdə etiraz edir. – Sadə insanlar öz həyatlarını yaşayır. Ev – iş. Mənim üçün az şey dəyişib. Elə tanışlarım üçün də. Bizim Çernovtsı şəhərinə müharibə gəlib çıxmayıb.
Kiyev hökumətinə də Svetlana Nikolayevnanın münasibəti normaldır.
— Yanukoviç olanda deyirdilər: “O, Rusiyanın tərəfindədir!” O nə vaxt Rusiyanın tərəfində olub? Avropa İttifaqına can atırdı. Poroşenko da can atır, sadəcə templər fərqlidir. Sözün düzü, mənim üçün fərqi yoxdur: Rusiya ilə, Rusiyasız. Mən 20 ildir bir evdə yaşayıram, qonşularım demək olar ki, dəyişmir, elə dostlarım da. Dəqiq bilirəm ki, həyatımı bu insanların arasında yaşayacam, day harada olacağıq – Avropada və ya Rusiya yönlü ölkədə – nə fərqi var bunun.
Svetlana deyir ki, Ukrayna dönəmi ilə müqayisədə, Krımda hər şey bahalaşıb. Buna baxmayaraq, gələn il də artıq 6 ildir ki, getdiyi marşrutu təkrarlamaq niyyətindədir.
Qohumların yanına
Nikolayevdən olan 25 yaşlı proqramçı Krıma qohumlarının yanına gəlib.
—Sərhəddən keçmək həqiqətən çətindir, – o deyir. – Əlbəttə günlərlə gözləməli olmursan, amma iki saat yarım itirdim. Rusiyalı sərhədçilər bizimkilərə baxanda daha çox yoxlayır. Çantamın hər cibini yoxladılar. Bizdə isə metal axtaran qurğu ilə yoxlayıb, buraxırlar.
Nikolayevdən olan qonaq danışdı ki, bu onun Krıma, yarımada Rusiyanın tərkibinə keçəndən sonra ikinci səfəridir.
—Mən ümumiyyətlə, Rusiya ilə yaşamaq istəyən gəncləri tanımıram, xüsusilə də İT sahəsində. Mənim Simferopolda yaşayan xalam isə – yaxşı qadındır – amma onun üçün Rusiyanın da, Ukraynanın da tərkibində bazarda meyvə satmaq eyni dərəcədə təhlükəsizdir. O uşaq vaxtı mənim nazımı çox çəkib, ona görə yanına gedib-gəlməyi özümə borc bilirəm. Yoxsa gəlməzdim, Krımda nə işim var mənim.
“Mən Krımı işğal olunmuş hesab etmirəm”
2017-ci ildə Krıma səfər edən ukraynalı turistlər arasında məmurlara da rast gəldik: Odessa vilayət şurasının keçmiş deputatı Aleksey Albuya və Ukrayna Ali Radasının keçmiş deputatı Aleksey Juravkoya.
Albu Krımda istirahətlə bağlı sualları cavablandırmadı, Juravko ilə isə skype ilə danışmaq mümkün oldu.
— Kiyevin qadağaları? – o təkrarən soruşur. – Vecimə də deyil. Mənim indiki hakimiyyətlə heç bir məsələdə fikirlərimiz üst-üstə düşmür. Mən Krımı işğal olunmuş ərazi hesab etmirəm.
— Yəni sizin fikrinizcə, referendum qanuni idi?
— Mənim fikrimcə, hə. Bundan əlavə, Ukrayna enerji blokadası yaratmaqla, Şimali Krım kanalını bağlamaqla özü Krımın ayrılmasına səbəb oldu.
Juravko Krımda 28 gün olub – Koreiza, Yalta, Aluşta və Sevastopolda. Ukrayna dövrü ilə müqayisədə əsas dəyişiklik olaraq nəhəng layihələri göstərir: Kerçen körpüsü, “Simferopol” aeroportunun yeni terminalının, “Tavrida” yolunun inşası.
— Ukraynalı turist üçün Krım təhlükəsiz yerdir, – o deyir. – Əlbəttə, əgər Ukrayna bayrağını dalğalandırıb, Krım Ukraynanındır, deyə qışqırmasan.