“Krım Rusiyanın olandan sonra Oksananın metadonunu kəsdikləri üçün o öldü” – Ukraynanın itirdiyi ada haqda yeni kitab
Tanınmış ukraynalı jurnalist Natalya Qumenyukun yenicə satışa çıxan “İtirilmiş ada” kitabı 2014-cü ildə bir həftə içində Ukraynanın tərkibindən çıxıb, Rusiyanın bir hissəsinə çevriləndən sonra Krımdakı həyatdan bəhs edir.
Krımda referendum keçirilib, səs çoxluğu ilə Krımın Rusiyanın tərkib hissəsi olmasına qərar verilib. Ukrayna və dünyanın qalan hissəsi bunu Kreml tərəfindən təşkil olunan ilhaq aktı hesab edir. Amma hələlik Şərqi Ukraynada siyasi debatlar və müharibə davam edir – Krımda hələ də iki milyon nəfərə yaxın insan yaşayır və uşaq böyüdür.
Natalya Qumenyuku da maraqlandıran elə bu olub. Altı il ərzində o, dəfələrlə Krıma gedib, insanlarla danışıb və öz reportajlarında onların hekayələrini nəql edib. Onlardan bəziləri ilhaq əleyhinə, digərləri isə lehinədir. Sadəcə həyatını davam etdirən, dəyişən vəziyyətə uyğunlaşmağa çalışanlar da var.
Bütün bu reportajlar bir kitabda toplanıb.
“İtirilmiş ada”nı niyə oxumaq lazımdır? – müəllif kitab haqda
“Bu kitab dəyişikliklər haqdadır – əvvəlcə şoka salan, sonra isə “sürünən” dəyişikliklər. Və bu dəyişikliklər müxtəlif insanlar üçün fərqli olub. Siyasi fəal insanlar üçün bu, mütəmadi risk və siyasi həyatın tam tıxanmasıdır”, – Natalya Qumenyuk JAMnews-a danışıb.
“Ən böyük dəyişiklik görünür ki, Krımın təcrid olunmasıdır. Dünya qloballaşmanı müzakirə edir, burda isə hansısa başqa qarışıqdır – sovet mentalitetinin, 1990-cı illərə aid bandit təsəvvürünün və Putin Rusiyasının”
“Mənim ixtisasım münaqişə zonasında jurnalistikadır. Rusiya-Ukrayna müharibəsi başlayana qədər mən Yaxın Şərqdə işləyirdim. Əlbəttə, təcrübəmi öz ölkəmdə tətbiq etməli olmağım dəhşətlidir”.
“Ən çətini və ən dəyərlisi sadə insanların sadə həyatını nəql etməkdir. Rutin hərbi əməliyyatlar deyil və adi həyata maraq azdır. Amma bu o demək deyil ki, bu, vacib deyil. Müharibəyə qədər mənim Krımla və Donbasla əlaqəm yox idi. Amma ora gedəndən və orada işləyəndən sonra insan problemlərinin nə dərəcədə universal olduğu xüsusilə aydın oldu.
Bir də bu anlayış daha aydın oldu – insan həyatından və ayrı-ayrı insanların təhlükəsizliyindən dəyərli heç nə ola bilməz”.
“İtirilmiş ada”dan bir neçə hekayə
“Biz 23 il işğalda olmuşuq və indi evə qayıdırıq. …Biz Rusiyaya tabe olan şəhər idik, Ukrayna dilini öyrənmirdik, qocalar dərmanların üzərində annotasiyanı oxuya bilmirdilər. Məgər belə olar? Bütün bu 23 ildə biz gəlib, lüğət götürürdük ki, belə dərmanlardan zəhərlənib, ölməyək”, – Sevastopolda Krımın Rusiyaya birləşməsini bayram edən reportaj qəhrəmanı deyir.
“Konsentrasiya düşərgəsində yaşadığını etiraf eləmək çətindir. …Əvvəlcə qəzəb vardı, sonra ağrı, indi isə laqeydlik. Ən əsası qarşına xırda məqsədlər qoymaqdır, məsələn, uşağını oxutmaq… Beləcə addım-addım irəliləmək”, – bu, Krım tatarlarının – Krımın hazırda ən həssas azlığını təmsil edənlərin – monoloqlarıdır.
Onların onlarla nümayəndəsi müxtəlif ittihamlarla Rusiya həbsxanalarındadır.
Kitabda ilhaq nəticəsində həyatını itirmiş qəhrəman da var, amma siyasi baxışları üzündən yox. Oksana adlı bu qız narkotik asılılığından əziyyət çəkirmiş, Ukraynanın tərkibində olan zaman o, metadon müalicəsi keçirmiş, amma Rusiyanın qanunlarına görə bu imkandan məhrum olub.
“Oksana öldü”, – 2014-cü ilin mayında əvəzləyici terapiya pasiyenti olduğu zaman çəkdiyim videonu göstərən zaman mənə izah edirlər. – “Mən fiziki cəhətdən bacarmıram! Bizi dozu azaltmağa məcbur edirlər. Bu, mütəmadi ağrıdır. Daimi zəiflik! Heç kim kömək etmək istəmir”, – o zaman Oksana danışmışdı.
Ümid
Kitabın 2019-cu ilin son günlərində əsirlərin dəyişdirilməsi nəticəsində Ukraynanın siyasi məhbuslarının azad edilməsinə həsr olunan son fəsli belə adlanır. Rusiya həbsxanalarından qayıdan ukraynalılar arasında ən məşhur siyasi məhbuslar krımlı Oleq Sentsov və Aleksandr Kolçenkodur.
“Krımdakı hadisələri işıqlandırdığım beş il ərzində bu, yarımada ilə bağlı ilk müsbət emosiyalardır. Sanki uzun filmin heppi-enddidir. Amma bütün bunları dərk etmək üçün zaman yetərli deyil – bizi başqa xəbərlər udur. Eyni zamanda ehtiyat edirəm: işğal olunmuş Krımın və orada qalan insanların hekayəsi bitmir. Azadlığa çıxanlar isə azadlığın xoşbəxtliyinə rəğmən hələlik evlərinə, Krıma qayıda bilməyiblər”.
“İtirilmiş ada” kitabını (rus dilində versiya yalnız elektron formadadır) buradan almaq olar.