Rusiyada həbsdə. Krım sakinləri Rusiya məhbəslərində necə ölür?
2014-cü ildə Krım Rusiya tərəfindən ilhaqa uğrayandan sonra yarımadadakı məhbusların həyatı dəyişib. Penitensiar sistem Rusiya qanunvericiliyinə keçib, çoxlarını Rusiyanın müxtəlif regionlarındakı, o cümlədən ən ucqarlardakı həbsxanalara köçürüblər. Ən ağır vəziyyətə HİV kimi ciddi xəstəlikləri olan insanlar düşüb. Bəziləri müalicə olunmadıqları üçün hətta ölür. Ukraynanın “Zaborona” nəşri ukraynalı məhbusların Rusiya həbsxanalarında başlarına gələnlər haqda bəhs edir.
2019-cu ilin sonunda Rusiyanın Şimali Qafqazdakı Adıgeya Respublikasının islah müəssisələrinin birində 33 yaşlı krımlı Andrey Titkov vəfat edib. Bundan iki il əvvəl Krımda məhkəmə onu oğurluq və silah saxlamağa görə məhkum edib. Titkovu Krımdan Rusiya islah müəssisəsinə göndəriblər. Onunla birlikdə cəza çəkənlər danışıblar ki, o, “cəmi iki ayın içində əriyib”.
Titkov HİV-ə yoluxmuşdu və vəkilləri həbsxanada antiretrovirus terapiyası almadığından şikayətlənirdi. “Həbsxana administrasiyası şüurlu şəkildə vaxtı uzadırdı, vəkillərə tibb vərəqini vermirdi”, – “Hüquqi təşəbbüs” təşkilatının vəkili Rüstəm Matsev deyir. – “O, [vəkil] bir sorğu göndərir, ona etiraz edirlər. O, şikayət edir, bu bir az da vaxt aparır. Bu süründürməçilik uzandığı müddətdə adam sadəcə öldü”.
Rusiyanın cəza müəssisələrində tibb xidməti məhbuslar üçün əsas problemlərdən biridir. Rürtəm Matsev deyir ki, şikayətlərin əksəriyyəti əsasən qeyri-müasir və lazımi səviyyədə olmayan tibbi yardımla bağlıdır.
Məhbəs ilhaqı
37 yaşlı ukraynalı İvan Fedirkonun zəngin kriminal hekayəsi var – o, beş dəfə məhkum olub (oğurluq və xəsarət yetirməyə görə). 2014-cü ildə Krımın ilhaqı zamanı Fedirko Krım həbsxanasında cəza çəkirdi.
Fedirko vaxtından tez azadlığa buraxılıb, amma sonra 2015-ci ildə Simferopolda yenidən həbs edilib. Deyir ki, “bacardığı kimi yaşamağa çalışırmış”, onu qarətə görə həbs edib, beş il cəza veriblər. Elə həmin il Fedirko Adıgeya həbsxanasına göndərilib. Təxminən həmin vaxt o, öyrənib ki, sən demə, Rusiya vətəndaşı olub. Bu, Krım məhbusları üçün standart vəziyyətdir: əksəriyyətinə zorla Rusiya vətəndaşlığı verilib, əgər yazılı imtina ərizəsi yazmayıblarsa.
Ukraynanın hüquq müdafiəçiləri danışırdılar ki, Krım ilhaq olunduğu zaman həbsxanalarda 3400 nəfər məhkum olub, onların böyük hissəsinə zorla Rusiya pasportu verilib. İlhaqdan sonra onları tədricən Rusiyaya göndəriblər – ümumilikdə 4700 nəfər. Bunlar 2014-cü ildən sonra saxlanılan və artıq cəza çəkən insanlardır.
Bu təcrübə beynəlxalq hüquqla qadağan olunub, çünki Krım müvəqqəti olaraq işğal olunmuş ərazi hesab edilir.
Adıgeyada Fedirko daha üç krımlı ilə tanış olub – Andrey Titkov, Roman Jubaroviç və Valeri Makarovla. Titkovdan başqa hamısını təxminən eyni vaxtda Adıgeyaya göndəriblər. Fedirko istisna olmaqla hamısı HİV-ə yoluxub. Üstəlik Rüstəm Matsev danışır ki, Makarov HİV-ə yoluxduğunu təsadüfən 2017-ci ildə öyrənib. Yarım il ərzində ona antiretrovirus terapiyası təyin olunmayıb, çünki həbsxanada infeksionist həkim olmayıb.
Roman Juraboviç narkotik aludəçisidir. Narkotiklərlə bağlı Rusiya qanunvericiliyi kifayət qədər repressivdir, RF Cinayət Məcəlləsinin 282-ci maddəsi (narkotiklərin qanunsuz əldə edilməsi və yayılması) ən populyar maddələrdəndir, hər dördüncü məhbus bu maddə ilə məhkum olub. Rusiyada həmçinin matadon terapiyası da qadağandır, bu terapiyada heroindən asılı xəstəni metadona keçirirlər ki, asılılığını azaltsınlar.
“Ona [Juraboviçə] yazıblar ki, o, sağlam insandır”, – Fedirko əlavə edir. – “Titkov da onlar üçün sağlam idi. Biz onu xəstəxanaya aparırdıq. O, müstəqil şəkildə ora gedib çıxa bilmirdi, otuz kilo çəki itirmişdi. Ona isə deyirlər ki, niyə gəlmisən? Dünən tam sağlam idi”.
HİV-ə məhkumlar
2019-cu ilin əvvəlində Rusiya həbsxanalarında 61,5 min HİV-ə yoluxmuş məhbus olub, onların yarısından azı antiretrovirus terapiyası alıb. Rusiya həbsxanalarının böyük hissəsinin əksəriyyətində köhnə müalicə sxemlərindən istifadə olunduğu üçün belə olur.
Rusiya Federal Cəzaların İcrası Xidməti bildirib ki, müəssisələrdə HİV-li insanların sayı azalır, eyni zamanda ölüm halları da azaır. Amma 2016-cı ilin martında Rusiya Avropa ölkələri arasında məbusların ölüm sayına görə lider idi. Rusiya həbsxanalarında konkret nə qədər insanın öldüyünə dair daha yeni məlumatlar yoxdur.
FCİX-in məlumatına əsasən, beş il müddətində Rusiya həbsxanalarında HİV-dən 696 nəfər ölüb. Məhbusların əksəriyyəti HİV-dən yox, əlavə xəstəliklərdən ölüblər – hüquq müdafiəçisi German Urıkov aydınlıq gətirir. Çox vaxt səbəb məhbusların lazımi tibbi yardımı almaması ilə bağlı olur.
Bununla yanaşı terapiyanın əlçatımlığı ilə bağlı bir qayda olaraq problem olmur – German Urıkov izah edir, cəza müəssisələri çox vaxt dərmanlarla yaxşı təchiz olunur. Problem dərmanların təyinatı zamanı başlayır. “Çox vaxt müalicə sxemləri dəyişdirilir, üstəlik çox vaxt bu, dərmanların alınması ilə bağlı olur, [məhbusun] sağlamlıq durumu ilə yox”, – Urıkov deyir. – “Diaqnostikanı qeyri-müasir aparırlar, məsələn, preparatlar dəyişdirilən zaman uyğunluluqla bağlı əlavə analizlər aparmırlar. Nəticədə məbuslar çox vaxt yan təsirlərə görə terapiyanı dayandırırlar”.
Roman Jurabobiç və Valeri Makarovun Adıgeya həbsxanasında cəzaları davam edir. “Hüquqi təşəbbüs” təşkilatının vəkilləri müvəkkillərinin lazımi tibbi yardımı almadıqları üçün Avropa İnsan Haqları Məhkəməsinə şikayət ediblər. Matsev deyir ki, böyük ehtimalla məhkəmə iddianı təmin edəcək.
İvan Fedirko, azad ediləndən sonra onlarla əlaqə saxlamır. O, Xarkov ətrafında yaşayır, işləyir və deyir ki, keçmişə qayıtmaq istəmir. O, Adıgeya həbsxanasında ciddi xəstəlikləri olan məhbuslara qarşı ədalətli münasibə nail ola bilmədiyini xatırlayır.
“Mediaşəbəkənin dəstəyi ilə”