Şərqi Ukraynada müharibənin parçaladığı kənddən reportaj
Ukraynanın yeni hakimiyyəti ölkənin şərqində hərbi əməliyyatların dayandırılmasını əsas prioritetlərindən biri elan edib. 2014-cü ildən hökumət qoşunları və Moskvanın dəstəklədiyi rusiyayönlü qüvvələr arasında münaqişə 10 mindən çox insanın həyatına son qoyub.
Tərəflər sülhün bərqərar olması üçün ilk addımları atmağa başlayıblar – əsirləri dəyişib və ayrı-ayrı sahələrdə qoşunların yerdəyişməsini həyata keçiriblər. Dekabrın 9-da isə Parisdə Ukrayna, Rusiya, Almaniya və Fransa liderləri “Normandiya formatı” adlanan prinsiplər üzrə münaqişənin nizamlanmasını müzakirə edəcəklər.
Ukraynanın Hromadske teleşirkətinin jurnalistləri ayrılma xəttində olublar ki, prosesin yerli sakinlərə necə təsir etdiyini və onarın gözləntilərinin nədən ibarət olduğunu öyrənsinlər.
Körpü
“Gəlin körpü tikək və yaşayaq” – bu ilin iyulunda Ukrayna prezidenti Vladimir Zelenski Luqanck Stanitsasının – Kiyevin nəzarəti altında olan ərazilərlə tanınmamış Luqansk Xalq Respublikası arasındakı ayrılma xəttində yerləşən yaşayış mənntəqəsinin sakinlərinə müraciət edib.
•Şərqi Ukrayna: cəbhə xəttində pensiya növbələrində ölənlər
•Rusiya-Ukrayna sərhədi – xalqlar dostluğu hasarı
•Gürcüstanda tikanlı məftil arxasında həyat – parçalanma xətti
2015-ci ildə körpü bombalarla dağıdılıb. İnsanlar əldədüzəltmə pilləkənlərlə onun üzərindən keçirdi – bu yolla ayrılma xəttindən gün ərzində 10 min nəfərə qədər insan gedib-gəlirdi.
Noyabrın 20-də bərpa olunmuş körpünün açılışı olub – amma yalnız piyadalar və təcili yardım maşınları üçün.
Körpünün Şimal Donets tərəfindən bərpası üçün çayın hər iki sahilindən qoşunlar bir kilometr geri çəkilib. Yayın ortasından Luqansk Stanitsasında atəş səsləri eşidilmir.
Ukrayna tərəfindən insanları körpüyə pulsuz avtobuslar çatdırır. Burada əlilliyi olan və yaşı 75-dən yuxarı insanları daşımaq üçün iki elektrokar da var.
Pensiyalar və ticarət
Son illərdə körpü ətrafında bir neçə spesifik biznes növü yaranıb.
Təmir olunmuş körpü üzərindən hər gün artıq 13 min insan keçir. Onların 80 faizi pensiyaçılardır [Ukrayna qanunlarına əsasən, nəzarət altında olmayan ərazilərin sakinləri Ukraynadan pensiya ala bimir. Buna görə də mütəmadi olaraq “o biri tərəfdən” pensiyaçılar sərhədi keçirlər ki, “köçkün” kimi qeydiyyata düşsünlər və pensiya alsınlar – JAMnews].
Daha əvvəl əlil arabası ilə nəzarət məntəqəsindən dağılmış körpüyə qədər bir kilomert yolu bir istiqamətdə getmək 150 qriven (6,3 dollar) idi. İndi pulsuz avtobus və elektrokar da var. Amma bir neçə nəfər maşınları ilə müştəri gözləyirlər.
Bir qadına körpüdə üç dəfə rast gəldik. O, pensiya dalınca getmir, “sərhəddən satmaq üçün” mal daşıyır.
— Əsasən nə aparırsız?
— Pendir, kolbasa.
— Burada daha ucuzdur?
— Bizimkilər, Ukraynadakılar daha ucuz və ləzzətlidir.
— Bəs orada nə daha ucuzdur?
— Siqaret və çörək. Məsələn, çörəyin qiyməti 12 rubldır (0,19 dollar).
Bir dəfəyə 50 kiloqrama qədər mal keçirmək mümkündür. Amma icazə verilən və qadağan olunan malların siyahısı var. Məsələn, bu yaxınlarda sərhədçilər Luqanska bir partiya kürk və cinslərin kemirilməsinə imkan verməyib.
Stanitsada pul qazanmağın bir növü də taksi xidmətidir. 100 qrivenə (4,2 dollar) onlar pensiyaçıları qarşısında uzun növbələrin yarandığı nəzarət məntəqələrinin yaxınlığındakı bankomatlardan daha uzaq bankomatlara daşıyırlar. Bu yolla növbədə üç saat yox, cəmi bir saat dayanaraq pensiyanı bankomatdan çıxarmaq mümkündür. Müharibəyə qədər Stanitsada iki bankomat vardı, indi 14 dənədir. Yenilərini də açmağı planlaşdırırlar.
Əgər bir ündə iki növbəyə dura bildinsə – qeydiyyat üçün Pensiya Fondunda və bankomat qarşısında – Stanitsada gecələməli olacaqsan. Yataq yeri 100 qrivendir, isidici ilə olsa 150 qriven.
“Sülh əldə olunsa, bütün bu biznes harda olacaq? Axı biz onlara pul qazandırırıq, biz olmayanda burada köşklər də bağlanır”, – körpünün o biri tərəfindən gəlib bankomat qarşısında növbə gözləyən qadınlar öz aralarında danışır.
Qoşunların aralanması – yerli sakinlər nə düşünür?
Qalina Barabaşova yerli fəaldır. 2016-cı ildə, ilk dəfə qoşunların aralanmasını həyata keçirmək istəyəndə o, bunun əleyhinə çıxış edib. İndi isə Qalina aralanmanın tərəfdarıdır.
[Ukraynanın Şərqində qarşıdurma tərəflərinin qoşunlarının aralanması atəşkəs haqda 2015-ci il Minsk razılaşmalarında nəzərdə tutulub. Amma real olaraq qoşunların bir-birindən aralanması bu ilin yayından, Ukraynada hakimiyyət dəyişəndən sonra həyata keçirilməyə başlayıb. – JAMnews]
“O zaman 2016-cı ildə hələ atışma gedirdi, hər gün bizi ələ keçirə bilərdilər. İndi isə sakitlikdir, Stanitsada polis patrulluq edir, sakitlik olub”, – Barabaşova deyir.
Onun oğlunun evi hələ 2016-cı ildə yanıb. O, Rusiyaya gedib, qadın əldə qalanlara nəzarət edir. Qalina ilə birlikdə bu evə gedirik. Amma həyətyanı sahə qoşunlar aralanandan sonra “boz zonada” qalıb. Ora doğru yolun üzərində “Stop” işarəli şlaqbaum var. Bura Ukrayna hərbçilərinin blok-postudur – icazə vərəqəsi olmadan burdan o yana getmək olmaz.
Natalya Jurbenko da yerli fəaldır. O, Luqanskdan köçkün düşüb və qoşunların aralanmasına etiraz edir.
“Mən ancaq Ukrayna ordusuna inanıram. Onlarla əmin hiss edirəm. Polisə isə inanmıram”, – Jurbenko deyir.
“Kaş ki, münaqişəni donduraydılar”
Stanitsada bankomatlar qarşısında, körpüyə qədər gedən avtobusda bütün söhbətlər qiymətlər, növbələr və əlbəttə ki, Parisdə baş tutacaq danışıqlar hadadır.
— O, hələ gəncdir, təcrübəsizdir. Bax buna görə narahat oluram, – Luqanskdan olan qadın prezident Vladimir Zelenskini xarakterizə edir. – Amma əlbəttə ki, adam sülhün olmasını istəyir, amma çətindir.
Fəallar Jurbenko və Barabaşova Paris görüşündən nə gözləyir?
— Mən yaxşı heç nə gözləmirəm. Bizim üçün hətta münaqişənin dondurulması daha yaxşı olardı, – Barabaşova deyir.
Və izah edir ki, “LXP”-da seçki ideyası və onun qəsəbəsində separatçıların fəallaşması ehtimalı onun xoşuna gəlmir.
— Mən ancaq ümid edirəm ki, bu görüş baş tutmayacaq. Mən Putinə inanmıram və bunun üçün mənim xeyli əsasım var, – Jurbenko deyir.
Körpüdə də nəzarət altında olan ərazidən işğal altında olan əraziyə gedən insanlara eyni sualı veririk.
— Ümid edirəm ki, biz nəhayət, pensiyamızı Luqanskda alacağıq. Nə qədər ora-bura gedib-gəlmək olar? – yaşlı qadın deyir.
— Gözləyirik ki, Ukrayna olmalı olduğu yerə gələcək, – kişi cavab verir.