Azərbaycanda ikinci koronavirusa yoluxma dalğası başlayıb, amma bu, demək olar ki, müzakirə olunmur
Az əvvəl Azərbaycanda COVID-19 virusunun səngiməsi müşahidə olunsa da, artıq bir həftəyə yaxındır ki, yoluxmaların sayı kəskin artıb. Amma media və sosial şəbəkələrdəki bununla bağlı sakitliyi nəzərə alsaq, deyəsən, bu, nə məmurları, nə də əhalini çox da narahat etmir. Ölkə tədricən karantindən çıxır.
- “Səhərə qədər rəqs edəcəm və döymə döydürəcəm”, – bakılılar karantindən sonrakı planları ilə bölüşürlər
- Neft və koronavirus – Azərbaycan iqtisadiyyatının iki bəlası
- Azərbaycanın koronavirus üzərində parlaq qələbəsi: müəmmadırmı? Şərh
İkinci dalğa olacaq, amma hər şey nəzarət altındadır
Mayın 12-ə olan rəsmi məlumata əsasən, Azərbaycanda 104 yeni yoluxma halı qeydə alınıb və bir nəfər ölüb. Hazırda yoluxanların ümumi sayı 2693 nəfər təşkil edir. Onlardan 33 nəfər ölüb, 1735 nəfər artıq sağalıb.
Hələ az əvvələ qədər sutka ərzində sağalma halları yeni yoluxmaları xeyli üstələyirdi. Ekspertlər bildirirdilər ki, yoluxma piki artıq geridə qalıb, media isə Azərbaycanın koronavirusu çox tez və bacarıqla yendiyi haqda yazırdı və ölkə sakinlərinin prezident İlham Əliyevə ünvanladığı “minnətdarlıq məktublarını” dərc edirdi.
İndi mənzərə tam fərqlidir, sutka ərzində yeni yoluxanların sayı sağalanların sayını təxminən iki dəfə üstələyir və görünən odur ki, ikinci yoluxma dalğası ya artıq başlayıb, ya da tezliklə başlayacaq.
Amma hakimiyyət də, jurnalistlər də nikbinliyi əldən vermir. Bircə minnətdarlıq məktubları artıq dərc edilmir.
Ölkə sakinləri isə görünür, artıq rəqəmlərdən və karantindən sadəcə yorulublar və hər şeyə əl yelləyiblər. Əslində elə hakimiyyət də ikinci dalğanı bununla izah edir.
Nazirlər Kabinetinin və prezidentin səsləndirdiyi əsas tezislər:
- Karantindən çıxdıqca ikinci yoluxma dalğası qaçılmazdır, amma biz bu vəziyyətə hazırıq;
- Ölkə sakinlərinin böyük hissəsi məsuliyyətsizdir, maska taxmırlar, məsafəni gözləmirlər, buna görə də yoluxurlar;
- Qorxulu heç nə baş vermir, hər şey nəzarət altındadır və Azərbaycan virusun öhdəsindən bir çox başqa ölkələrdən daha yaxşı gəlir.
Şopinqə də getmək olar, salona da, amma sms icazə alandan sonra
Rəsmi olaraq Azərbaycanda karantin mayın 31-ə qədər davam etməlidir. Amma karantin məhdudiyyətləri artıq xeyli yumşaldılıb: bütün mağazalar (ticarət mərkəzlərində yerləşənlərdən başqa), gözəllik salonları və fotostudiyalar açılıb, bir çox regionlarda isə hətta kafe və restoranlar da işləməyə başlayıb, sakinlərin hərəkət məhdudiyyəti də aradan qaldırılıb.
Bakıda ictimai nəqliyyatın hərəkəti tam bərpa edilib – mayın 9-dan metro işləməyə başlayıb, avtobuslar isə onsuz da karantinə rəğmən işləyirdi.
Bununla belə, paytaxtda parklar, bağlar və bu növ ictimai istirahət məkanları hələ də bağlıdır, evdən çıxmaq üçün isə insanların ya işdən arayışı olmalı, ya da hakimiyyətdən sms-lə icazə almalıdırlar.
İcazə cəmi üç saatlıq verilir, amma bu, küçələrin insanlarla dolu olması, avtobusların isə normalda pik saatlarında olduğu kimi basabas olması üçün kifayət edir.
Hamıya 112 dollar – işsizlərə, varlılara, ölülərə
Hələlik cəmiyyətdə ən çox narahatlıq karantin səbəbilə işsiz qalan insanlara ödənilməli olan birdəfəlik müavinatla bağlıdır. Ayda 190 manat (təxminən 112 dollar) həcmində vəsaitin ümumilikdə təxminən 600 min nəfərə ödənilməsi nəzərdə tutulub (baxmayaraq ki, işsizlərin həqiqi sayı qat-qat çoxdur).
Bu vəsait iki ay ərzində ödənilməlidir: aprel və may ayları üçün. İlk gündən bu müavinat ətrafında mübahisələr, qəzəb və ifşalar səngimək bilmir.
Sosial şəbəkələrdə tez-tez bu vəsati alanlar arasında rəsmən heç yanda işləməsə də, kifayət qədər təminatlı insanların olduğu haqda məlumatlar yayılır.
Üstəlik, onların arasında hətta ölülər də var (artıq pulun ödənildiyi vətəndaşların onlayn paylaşılmış siyahısına baxıldığı zaman bu hallar aşkarlanıb).
Ümumiyyətlə, vəsaitlərin ödənilməsi çox sayda maxinasiyalarla müşayiət olunub. Pulun köçürüldüyü bank kartını almaq üçün isə bankların qarşısında yenə də insan kütlələri toplaşır, həm də maska taxmadan və sosial məsafə gözlənilmədən.