Azərbaycanda koronavirusa qarşı vaksinasiya: könüllü, amma hansı preparatla?
COVID-19 infeksiyasına qarşı peyvəndin əldə edilməsi üçün vəsait Koronavirusla Mübarizəyə Dəstək Fondundan ayrılacaq. Artıq peyvəndin ilk növbədə vurulacağı risk qrupu müəyyən edilib. Bununla belə vaksinasiya könüllü xarakter daşıyacaq. Hakimiyyət peyvəndin hansı ölkədən alınacağı haqda məlumat verməyib.
• Gürcüstanda görünməmiş koronavirus partlayışı, hər gün yeni anti-rekord, yeni ölümlər qeydə alınır
• Ermənistan hakimiyyəti koronavirus hallarının kəskin artımını proqnozlaşdırır
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) idarə heyətinin sədri Ramin Bayramlının sözlərinə görə, Azərbaycanda koronavirus epidemiyası ilə bağlı vəziyyət stabildir.
“Hazırda Azərbaycan koronavirusa qarşı peyvəndlə bağlı həm ikitərəfli, həm də çoxtərəfli danışıqlar aparır. Hazırda dünyada doqquz şirkət peyvənd hazırlığının üçüncü mərhələsindədir. Həmin peyvəndlərdən hansı beynəlxalq səhiyyə qurumları tərəfindən təsdiq olunacaqsa, Azərbaycan da bu vaksini tətbiq edən ilk ölkələr sırasında olacaq”, – o bildirib.
Bayramlı qeyd edib ki, aparılmış tədqiqatlara əsasən, ilkin mərhələdə əhalinin 20 faizinin vaksinasiyası epidemioloji vəziyyətə müsbət təsir edə bilər.
“Vaksinlərlə bağlı Azərbaycanda iki istiqamətdə iş aparılır: bir istiqamət vaksinin ölkədə istehsal edilməsi, digər istiqamət isə xaricdən alınaraq Azərbaycana gətirilməsidir.
Vaksinlərin hazırda Azərbaycanda istehsal imkanı mümkün görünmür, nəinki Azərbaycanda bir çox ölkələrdə bu, mümkün deyil. Ona görə də əsas istiqamət vaksinlərin xaricdən gətirilməsidir”, – TƏBİB idarə heyətinin sədri deyib.
Bayramlının fikrincə, risk qrupuna əhali ilə mütəmadi təmasda olan səhiyyə sahəsində çalışanlar, hüquq-mühafizə orqanlarının əməkdaşları, o cümlədən də şəkərli diabet, ürək-damar xəstəlikləri, böyrək çatışmazlığından əziyyət çəkən, dializdə olan xəstələr daxildir.
Qeyd olunur ki, vaksinasiya könüllü xarakter daşıyacaq.
Hazırda yalnız Rusiyda əhalinin ölkədə istehsal olunmuş preparatla vaksinasiyası başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı peyvəndin sınaqları və istehsalına görə Rusiyaya minnətdarlığını bildirib, amma hələlik COVID-19 infeksiyasına qarşı tövsiyə olunan peyvənd kimi təsdiq etməyib.