Azərbaycanda koronavirusdan daha bir ölüm və 97 yeni yoluxma
Ötən sutka ərzində Azərbaycanda COVID-19 koronavirusundan daha bir nəfər ölüb, 97 yeni yoluxma halı qeydə alınıb.
30 nəfər sağalıb və xəstəxanadan evə buraxılıb.
Beləliklə, rəsmi statistikaya əsasən, hazırda yoluxanların ümumi sayı 2519 nəfərdir, onlardan 32 nəfər ölüb, 1650 nəfər isə sağalıb.
Son bir neçə gün ərzində davamlı olaraq yoluxanların sayı sağalanların sayını üstələyir, bu da məmurlara növbəti yoluxma dalğasının yaxınlaşdığını deməyə əsas verir. Birincisi onların hesablamalarına görə aprelin ortalarına təsadüf edib. Bununla yanaşı, ikinci yoluxma dalğasının məsuliyyətini hakimiyyət vətəndaşların və onların karantin qaydalarına nə dərəcədə riayət etmələrinin üzərinə qoyur.
Azərbaycanda karantin rejimi mayın 31-də elan olunub, amma bir neçə gündür ki, məhdudiyyətlər yumşaldılıb. Hazırda bütün ölkədə mağazalar, gözəllik salonları və fotostudiyalar açılıb, Bakıda metro yenidən, regionlarda isə kafe və restoranlar işə düşüb və vətəndaşların hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.
Bakı metrosu mayın 9-dan açılıb və sərnişinlərin metroya yalnız maska ilə buraxılması şərti qoyulub. İlk gün bir nəfər maska geyinmək istəmədiyi və polislə mübahisə etdiyi üçün 10 sutka inzibati cəza alıb. Daha 167 sərnişinə xəbərdarlıq edilib.