Sutka ərzində 230 yeni yoluxma – Azərbaycanda yoluxanların sayı artır və karantin qismən uzadılır
Azərbaycanda COVID-19 virusuna yoluxanların sayı artmaqda davam edir. Ötən sutka ərzində növbəti rekord say qeydə alınıb – 230 yeni yoluxma. İki nəfər ölüb. Daha 103 nəfər sağalıb və xəstəxanadan evə buraxılıb. Ölkədə karantin rejimi mayın 31-də başa çatır, amma hakimiyyət karantini qismən iyunun 15-ə qədər uzatmaq qərarına gəlib.
Aşağıdakılar nəzərdə tutulub:
– kafe və restoranlar 08:00-dan 22:00-a qədər işləyəcək;
– iyunun 1-dən ticarət mərkəzləri açılacaq, amma həmin mərkəzlərdə fəaliyyət göstərən uşaq əyləncə məkanları, kinoteatrlar və ictimai iaşə obyektləri bağlı qalacaq;
– tamaşaçı olmadan açıq məkanlarda idman yarışları keçirmək mümkün olacaq.
Bütün ölkədə artıq ictimai nəqliyyat işləyir, bütün mağazalar açılıb və vətəndaşların hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.
Toylar da daxil olmaqla, kütləvi tədbirlərin keçirilməsi hələ də qadağandır.
İyunun 15-ə qədər sərhədlər də bağlı qalacaq.
Rəsmi statistikaya əsasən, hazırda ölkədə yoluxanların ümumi sayı 4989 nəfərə çatıb, onlardan 58 nəfər ölüb, 3125 nəfər artıq sağalıb.
1 806 nəfərin müalicəsi davam edir.
Mayın əvvəlindən yoluxanların sayının artdığı müşahidə olunur, baxmayaraq ki, buna qədər epidemiya sanki geri çəkilirdi. Amma hakimiyyət xüsusi narahatlıq ifadə etmir, vəziyyəti karantindən çıxışın təbii nəticələri kimi izah edir və vətəndaşları qaydalara əməl etməməkdə günahlandırır.
Nazirlər Kabineti yanında Operativ Qərargah parlamentdən tibbi maska taxmamağa görə cərimələrin tətbiq edilməsini tələb edir. Baxmayaraq ki, indiyə qədər heç kim insanlara maskanı məhz harada taxmaq lazım olduğunu izah etməyib.
Bir çox ölkə sakinləri öz növbəsində karantinin yumşaldılmasını virusun yox olması kimi dəyərləndirib və hesab edirlər ki, artıq qorxulu bir şey yoxdur.