Azərbaycanda ölüm hallarının artımı koronavirusdan ölənlərin sayından xeyli çoxdur
Artıq ikinci aydır ki, Azərbaycanda ölənlərin rəsmi statistikası son illərin analoji göstəricilərini xeyli arxada qoyub. Eyni zamanda koronavirusdan ölənlərin sayı bu göstəricilərdən çox aşağıdır.
2020-ci ilin iyul ayında Azərbaycanda 6 410 adam ölüb, ötən ilin elə həmin ayında isə ölənlərin sayı 4 902 olub. Rəsmi məlumatlara görə, 2020-ci ilin iyul ayında koronavirusdan 235 ölkə vətəndaşı ölüb.
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ilin iyun və iyul ayları ərzində ölənlərin sayı son altı il ərzində orta statistik göstəricilərdən 3 755 hal çoxdur.
«Müqayisə üçün, 2019-cu ilin iyul ayında Azərbaycanda 4 902 nəfər ölüb, 2014-2019-cu illərdə isə orta göstərici 4 818 ölüm halı təşkil edib. Başqa sözlə desək, 2020-ci ilin iyul ayında 1592 “artıq” ölüm halı qeydə alınıb», – iqtisadçı və bloger Toğrul Maşallı özünün sosial şəbəkə səhifəsində yazır.
2020-ci ilin iyun ayında “artıq” ölümlərin sayı son altı ilin orta göstəriciləri ilə müqayisədə 2 163 hal təşkil edib.
2020-ci ilin iyul ayında rəsmi olaraq koronavirusdan 235 ölüm halı haqda məlumat verilib. Cəmi iyun və iyul aylarında COVID-19 infeksiyasından 385 nəfər ölüb.
Səhiyyə Nazirliyi ölkədə ölüm hallarının kəskin artımının səbəbəni şərh etmir.