Azərbaycanda yeni qadağalar tətbiq olunacaq – koronavirusa yeni yoluxanların sayı hər gün rekord qırır
Ötən sutka ərzində Azərbaycanda COVID-19 koronavirusundan daha beş nəfər ölüb, 325 yeni yoluxma halı qeydə alınıb. Bu, ölkədə virus yayılandan ən yüksək göstəricidir.
Daha 101 nəfər sağalıb və xəstəxanadan evə buraxılıb.
Rəsmi statistikaya görə, ölkədə yoluxanların ümumi sayı 6260 nəfər təşkil edir, onlardan 76 nəfər ölüb, 3665 nəfər sağalıb.
2519 nəfərin müalicəsi davam edir.
Nazirlər Kabineti yanında Operativ Qərargah son günlərdə yoluxma hallarının artmasında maskasız gəzən, məsafə gözləməyən və ümumiyyətlə heç bir karantin qaydasına əməl etməyən ölkə vətəndaşlarını günahlandırır.
Qərargah yenidən karantin qaydalarının sərtləşdirilməsini təklif edib. Yeni təklifə əsasən, böyük şəhərlərin sakinlərinə istirahət və bayram günlərində ümumiyyətlə evdən çıxmaq qadağan olunmalıdır.
Bununla bağlı qəti qərarı baş nazir açıqlayacaq.