Azərbaycanda koronavirusdan ölən 12 nəfərin meyiti dəyişik düşüb
Azərbaycanda koronavirusdan ölənlərin meyitlərinin dəyişik düşməsi ilə bağlı qalmaqal baş verib. 12 halda ölənlərin meyitləri öz doğmalarına göndərilməyib. Mərhumların qohumları məsələdən duyuq düşüblər.
- Dünyada hər milyon nəfərə yoluxma sayına görə, Gürcüstan 9-ci, Ermənistan 11-ci, Azərbaycan 65-cidir
Jurnalist Həmid Həmidov baş verənlərlə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyini (TƏBİB) kəskin tənqid edib.
“Səhər şokedici xəbər paylaşdılar. Deməli, adam xaricdə yaşayır. Gəncədə anası yaşayır. Koronavirusa yoluxub. Təəssüf ki, vəfat edib. Bağlı tabut gətiriblər. Deyiblər ki, qətiyyən açılmasın. Belə basdırılsın.
Qohumları dəfn ediblər. Bir neçə gündən sonra rəsmi sənədlər gətirilib. Adamlar sənədləri götürüb, şoka düşüblər. Məlum olub ki, meyitləri səhv salıblar və onlara tamam başqa adamın meyitini gətiriblər.
Qazıb çıxarıblar. Əmin olublar ki, həqiqətən də belədir. Başlayıblar anasının meyitini axtarmağa. Məlum olub ki, onu tamam başqa yerdə basdırıblar. Nəticədə isə ümumilikdə 12 nəfərin meyitinin belə dəyişik düşdüyü ortaya çıxıb…
Bərdəyə isə deyirlər ki, ümumiyyətlə qadın yerinə kişi meyiti göndəriblər. Başqa ailənin üzərində ağladığı və dəfn etdiyi meyit. Bu biabırçılıqdır, TƏBİB! Cavab verməli olduğunuz biabırçılıq”.
Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov məsələyə aydınlıq gətirərək bildirib ki, koronavirus infeksiyasından ölən vətəndaşın meyiti xəstəxanadan gətirilir. Təbii ki, xüsusi paketin içində və şəxsi məlumatların əks olunduğu sənədlərlə birlikdə.
Onun sözlərinə görə, morqda meyit dezinfeksiya edilir, yuyulur və hermetik örtülür, sonra kəfənlənir.
“Ancaq xəstəxanadan dəyişik sənədlərlə gəldiyi halda meyitlər səhv düşə bilər”, – o deyib.
Direktor bildirib ki, bu halların təkrarlanmasının qarşısını almaq üçün indi onun göstərişi ilə meyiti qohumlarına göstərir, kimliyini təsdiqləyir, sonra lazımi prosedurları həyata keçirirlər:
“Ancaq bundan sonra meyit dezinfeksiya edilir, yuyulur və yaxınlarına təhvil verilir. Bakıda bu qayda artıq 20 gündən çoxdur ki, təcrübə edilir”.
“Bir tərəfdən biz bunu edirik ki, doğmalarının vidalaşmaq imkanı olsun, digər tərəfdən isə yanlışlığın qarşısını almaq üçün, hətta əgər xəstəxanada səhvə yol verilibsə də”, – Həsənov fikrini yekunlaşdırıb.