Karantin kazusları: Azərbaycanda yeni doğulan körpələrin sayı kəskin azalıb
Koronavirus pandemiyasına görə sərt karantin tədbirləri gözlənilməz nəticələrə gətirib çıxarır. 2020-ci ilin əvvəlindən toy məclislərinin keçirilməsinin qadağan olduğu Azərbaycanda doğumların sayı kəskin azalıb.
- Azərbaycanda milli valyutanın devalvasiyası haqda danışmağa başlayıblar
- Gürcüstanda tənha analar necə yaşayır: dörd hekayə
2020-ci ilin martından Azərbaycanda qanunvericiliklə toy məclislərinin keçirilməsi qadağan edilib. Patriarxal münasibətlərin dominant olduğu cəmiyyətdə bu, gözlənilməz nəticələrə səbəb olub. Son 70 ildə ölkədə yeni doğulan körpələrin sayı azalıb.
Sosial şəbəkələrdə tez-tez sərt karantin tədbirlərini tənqid edən “Respublikaçı Alternativ” partiyasının lideri İlqar Məmmədov bu fakta diqqət çəkib.
“70 ildə ilk dəfədir ki, Azərbaycanda doğulanların sayı 100 mini keçməyə bilər, hətta bəlkə 80-90 minə düşdü. Söhbət 2021-ci ildən gedir. Sonuncu dəfə belə hal 1950-ci ildə olub.
Səbəb – sərt karantin məhdudiyyətləridir.
Son 50 il ərzində ən çox uşaq 1991-ci ildə (190 min), ən az isə 2001-də doğulmuşdu (110 min). Son beşillikdə orta hesabla hər il 140-150 min uşaq doğulurdu.
Doğum sayındakı oynamanın müxtəlif səbəbləri olur, o cümlədən əvvəlki müharibələrin və digər şokların demoqrafik dalğaları.
Amma ən çox təsir edən amillərdən biri nikah sayıdır. Bu amilin təsiri getdikcə daha da artır, çünki əvvəllər ailələr 2-4 uşaq dünyaya gətirirdisə, indi 1-3 uşaqla kifayətlənir.
Nikah sayı son 5 il ərzində ildə 62-68 min arasında olub. Amma 2020-ci ilin 10 ayında heç 30 minə çatmadı.
Bu isə, gələn il doğulmayan on minlərlə birinci uşaq deməkdir.
O ki qaldı ikinci uşağa, sərt karantin rejimi yüz minlərlə vətəndaşı işsiz, çətin iqtisadi durumda qoyduğu bir halda onların mart ayından bu yana evdə qalıb ikinci uşaq planlaşdırmaları heç inandırıcı gəlmir.
Beləliklə, sərt karantin bir tərəfdən diriləri qorumur (həm də öldürür, çünki onun özünün ayrıca öldürücü gücü zəif deyil), digər tərəfdən isə uşaqların doğulmasının qarşısını çox təsirli şəkildə alır.
Sözü gedən azalma baş verərsə, dövlət hər ailədə ikinci uşağın doğulmasını həvəsləndirən yeni sosial dəstək paketi ilə çıxış etməlidir və bu mövzunu diqqət mərkəzində saxlamalıyıq”, – o, Facebook səhifəsində yazıb.