“Məzarlıqda yox, evdə qalın”. Ölkələr yeni koronavirus dalğasının öhdəsindən necə gəlir?
Azərbaycan, Ermənistan, Ukrayna, Moldova və Qazaxıstanda müstəqil redaksiyalar karantin məhdudiyyətləri qismən aradan qaldırılandan sonra başlayan yeni koronavirus dalğası haqda danışırlar.
Azərbaycan: poliklinikaya və dəfnə
“İqtisadiyyat üçün son yumşalmalar göstərdi ki, vətəndaşlar karantin rejiminə və təhlükəsizlik tələblərinə əməl etmir, nəticədə yoluxanların sayının artması müşahidə olunur”, – Azərbaycanın baş naziri Əli Əsədov iyunun 4-də vətəndaşlara müraciəti zamanı bildirib.
O, yeni sərt qaydaları açıqlayıb: ölkənin böyük şəhərlərinin sakinlərinə həftəsonu evdən çıxmaq qadağan edilib, yalnız yaxın qohumlarının dəfninə gedənlər və təcili tibbi yardıma ehtiyacı olanlar üçün istisna edilir.
- Koronavirus və qanun: Azərbaycan karantinin hüquqi tərəfləri
- Maska, baryerlər, bahalaşma. Koronavirusdan sonra Gürcüstanda turizm necə olacaq?
Ötən gün Azərbaycan yeni yoluxanların sayına görə rekordunu yeniləyib – 325 nəfər.
İkinci yoluxma dalğası mayın əvvəlində başlayıb və getdikcə güclənir. COVID-19 virusu yüzlərlə insanı “böyrü üstə qoysa da”, böyük şəhərlərdə davam edən həyata baxınca, bunu sezmək çətindir: yeni məhdudiyyətlər tətbiq olunana qədər burada kafe və restoranların, mağazaların, müəssisələrin və təşkilatların fəaliyyəti bərpa edilib, hətta yeni ticarət mərkəzi də açılıb.
Hələlik kinoteatrlar, əyləncə mərkəzləri, idman zalları bağlı olaraq qalır. Yerli sakinlər maska taxmaq tələbindən yayınmağa meyillidir (baxmayaraq ki, buna görə 50 manat [30 dollara yaxın] həcmində cərimə nəzərdə tutulub).
Demək olar ki, bütün qapalı məkanlarda, nəqliyyatda, avtobus dayanacaqlarında və açıq məkanlarda məsafə gözləmək çətin olduğu zaman (məsələn, bankomat qarşısında və ya mağazalardakı növbələrdə) maska taxmaq mütləqdir.
Çoxları maska taxmağa formal yanaşır – çənələrinə keçirirlər, ya da ciblərində gəzdirirlər və yalnız ətrafda polis görən zaman təyinatı üzrə istifadə edirlər.
Ermənistan: “Biz son həddə çatmışıq”
Ermənistanda da sosial məsafənin gözlənilmədiyi və tibbi maskalardan lazımınca istifadə olunmadığı ilə bağlı şikayətlənirlər.
“Hökumət vəziyyətə nəzarət etmir, xəstəxanalar dolub-daşır, baş nazir təşviş içində gündə bir neçə dəfə canlı efirə çıxır ki, insanları maska taxmağa çağırsın. Amma Facebook və televiziya çağırışları işə yaramır. Yerevanlılar yenə də küçəyə çıxır, sosial məsafəni gözləmir və maska taxmırlar. Onlara həm “istidir”, həm “nəfəsləri daralır”, həm “maskalar ümumiyyətlə lazım deyil” və çoxlu-çoxlu başqa “keçərli” səbəblər var”, – Facebook-da ermənistanlı jurnalist Mark Qriqoryan yazıb.
Ermənistanın baş naziri (o özü də koronavirusa yoluxub və ailə üzvləri ilə birlikdə özünütəcrid rejimindədir) həqiqətən də mütəmadi olaraq vətəndaşlara müraciət edir və onları məsuliyyətli olmağa dəvət edir.
“Elə vəziyyət yaranıb bizim tibb müəssisələri artıq müalicəyə ehtiyacı olan yeni xəstələri qəbul etmək iqtidarında deyil”, – baş nazir Nikol Paşinyan iyunun 4-də Facebook-da yazıb. – “Biz son həddə gəlib çatmışıq, səhiyyə sistemi çətinliklə öhdəsindən gəlir. Ölkədə ən azı 20 min əlamətsiz xəstə var, bəlkə də daha çox, hansıların ki, bu haqda sadəcə xəbərləri olmaya bilər”.
Ermənistanın əhalisi üç milyon nəfərdən azdır, buna görə də bu rəqəmlər narahatlıq doğurur.
Paşinyan sosial məsafə saxlamaq tələbini pozanların fotolarını paylaşmağa başlayıb – bir neçə gün ərzində əsl kolleksiya toplanıb.
Yoluxmanın davamlı artmasına baxmayaraq, ölkə hakimiyyəti hələlik karantin rejimini bərpa etmir və hələ bir neçə gün əvvəl iyulun ortasından etibarən hava sərhədlərini açmaq planlarını açıqlayıblar.
Qazaxıstan: “Karantin həll yolu deyil”
Qazaxıstan rəsmən etiraf edib ki, ölkədə yoluxmalarln ikinci silsiləsi hələ mayın ortasından başlayıb. Amma səərt karantin rejiminə qayıtmaq məsələsi burada da nəzərdən keçirilmir.
Mayın 11-dən (həmin gün ölkədə fövqəladə vəziyyət başa çatıb) iyunun 5-ə qədər Qazaxıstanda koronavirusa yoluxanların sayı 140 faiz artıb (+7 186 yoluxma halı).
Qazaxıstan yoluxanların sayına görə bir çox ölkələri, o cümlədən hələ bir neçə ay koronavirusun tüğyan elədiyi Cənubi Koreyanı da geridə qoyub.
Mayın son həftələrində Qazaxıstanda yeni yoluxma hallarının artımı gündəlik 4-5 faiz aədər sürətlənib və ölkə bir neçə gün ərzində fasiləsiz olaraq yeni halların say rekordunu təzələyib.
Sonuncu rekord mayın 30-da qeydə alınıb – həmin gün ölkədə 476 yeni yoluxmma halı təsdiqlənib.
Karantinin səmərəliliyinin dəyərləndirilməsi məsələsində Qazaxıstan hakimiyyəti özü-özünü təkzib edir. Martda karantin “yeganə çıxış yolu” adlandırılır, aprelin əvvəlində isə artıq effektini göstərdiyi deyilirdi.
Mayda isə hakimiyyət bildirdi ki, yeni karantinin iqtisadiyyata zərbə ola bilər və tətbiqinə ehtoyac yoxdur, iyunda isə səhiyyə naziri Elcan Birtanov sərt karantin rejiminin tətbiqinin ümumiyyətlə “həll yolu olmadığını” qeyd edib.
Moldova: xəstəxanada yerlər beş günə yetəcək
İqtisadiyyatı bağlamaq və hamını cərimələmək mümkün deyil, vətəndaşlar özləri məsuliyyətli olmalıdır – Moldovanın baş naziri İon Kikunun bəyanatını təxminən belə xülasə etmək olar.
“Xəstəxanalarda yerlər beş günəə çatacaq. Məzarlıqda yox, evlərnizdə qalın”, – Moldovanın baş naziri gələn istirahət günlərində bayramla əlaqədar məzarlıqları ziyarət etmək planları ilə bağlı vətəndaşlara belə xəbərdrlıq edib.
Kişinyov meri İon Çeban da eyni məəzmunlu çağırış edib:
“Sizlərdən çoxunun tənqidinə tuş gəlmək riski ilə mən yenə də hamını məzarlıqlara getməməyə çağırıram. Mən düşünürəm ki, siz bunu edə bilərsiz. Yüksək koronavirusa yoluxmariskinə görə iyunun 6,7 və 8-i ictimai nəqliyyat işləməyəcək”, – Çeban Facebook səhifəsində yazıb.
Ukrayna: kafelər hələlik təxirə salınır
Kiyev hakimiyyəti iyunun 5-dən karantini yumşaltmağa hazırlaşırdılar, amma yoluxanların sayının yüksək olması səbəbilə bu plandan imtina ediblər. Kafe, restoran və hovuzların açılması təxirə salınıb.
“İndi göstəricilərdən biri – əhalinin 100 min nəfərinə düşən xəstə sayı – normadan yüksəkdir. Bugün bu göstərici 14,9 nəfər təşkil edib [karantinin yumşaldılması üçün 12-dən aşağı olmalıdır — red.]”, – Kiyev meri Vitali Kliçko deyib.
Mayın 22-dən iyunun 22-ə qədər Ukraynada “adaptiv” (lokal) karantin qüvvədədir. Bu o deməkdir ki, epidemioloji vəziyyət kəskinləşdiyi təqdirdə bütün ölkədə yox, ayrı-ayrı rayonlarda məhdudlaşdırıcı tədbirlər gücləndirilə bilər.
Son günlərdə Ukraynada yoluxmanın artımı müşahidə olunur, məsələn, ötən sutka ərzində 553 yeni yoluxma halı qeydə alınıb.