Koronavirus epidemiyası – təşviş alverçilərinin ulduz saatı
Ekspertlərin hesablamalarına görə, koronavirus epidemiyası üzündən 2020-ci ildə dünya iqtisadiyyatının uğradığı ziyan 2,7 trilyon dollara çatıb. Amma CNN-in yazdığına görə, bəzi iş adamları üçün bu vəziyyət ulduz saatına çevrilib – onların onlayn mağazalarının dövriyyəsi 20 dəfə artıb.
Söhbət “sağ qalmağa” çalışanları lazım olan hər şeylə təmin edən onlayn alverçilərdən gedir.
•Koronavirusdan necə qorunmalı və təhlükə nədən ibarətdir? Sualların cavabları iki dəqiqəlik videoda
•Koronavirus: Qucaqlaşmaq olmaz, artıq dirsəklə və çəkməylə salamlaşırlar
•Gürcüstan: turist yoxdur, mehmanxanalar müflisləşmə həddindədir
•Koronavirus Gürcüstan iqtisadiyyatına zərbə vurur
“Sağ qalmağa çalışanlar” fəlakətlərdən salamat çıxmağa hazırlaşan insanlardır. Bir qayda olaraq, onlar maraqlarına uyğun olaraq müxtəlif cəmiyyətlərdə birləşirlər, baxır onların hansı fəlakətdən sağ çıxmaq istəməsinə – Üçüncü Dünya Müharibəsi, ölümcül epidemiya, apokalipsis və ya zombilərin hücumu.
Bu cür birliklər ABŞ-da geniş yayılıb, amma başqa qitələrdə də rast gəlinir.
Hər şeydən əvvəl “sağ qalmağa çalışanlar” ərzaq məhsulları və su tədarük edir – onların zirzəmiləri və çardağları konservləşdirilmiş və dondurulmuş ərzaqlarla dolu olur. Onlar özünümüdafiəyə də hazır olurlar – “sağ qalmağa çalışanlar” ac kütlələrdən öz ərzad ehtiyatlarını qorumaq üçün evdə odlu silah və sursatlardan ibarət əsl cəbhəxana saxlayırlar.
“Sağ qalmağa çalışanları” təmin edən onlayn mağazalardan birinin sahibi Nander Knobben danışıb ki, fevral ayında o, ötən ilin 6 ayı ərzində satdığı qədər su filtri, daşınan radiostansiya və əleyhqaz satıb. Knobben öz evində də 2-3 aylıq su, qida və benzin ehtiyatı saxlayır.
Onun sözlərinə görə, vaxtilə o, Apokalipsisdən sağ çıxmaq istəyən qrupa daxil imiş, amma indi belə insanlardan kənar gəzməyə çalışır. “Sən hər gün fikirləşəndə ki, bu, həqiqətən baş verə bilər, sənin həyatın daha xoşbəxt olmur”.
“Sağ qalmağa çalışanlarla” alver edən İngiltərədən olan digər iş adamı jurnalistlərə danışıb ki, koronavirus epidemiyası başlayandan sonra onun mağazasının dövriyyəsi 20 dəfə artıb. O, əlavə personal cəlb etməyə və sutkalıq fasiləsiz iş rejiminə keçməyə məcbur olub. Ən yaxşı satılan əleyhqaz və kimyəvi müdafiə kostyumlarıdır.
Nüfuzlu “Marketinq menecmentinin xəbərçisi” nəşrində dərc olunan hesabatda bildirilir:
“‘Sağ qalmağa çalışanlar’ artıq marjinal submədəniyyət deyil, insanların permanent böhranlara kütləvi reaksiyasıdır. Onların tələblərini təmin etməklə bağlı biznes yüksəlişdədir”.