Görmə əngəlli musiqiçilər və onların Ermənistandakı unikal layihəsi
Zalın sükutu pozulur – korlar xoru növbəti məşqinə hazırlaşır. Bir- birinin ardınca asta addımlarla gəlirlər. Onlar səhnədə duran dirijorun hər bir sözünü və nəfəsini gözlərini çəkmədən izləyirlər. Qəribə bir şəkildə dirijorun əllərinin bütün artistik hərəkətlərini anlayan 40 yaşlı korlar xoru növbəti əsərini ifa edir.
“Bu illər ərzində ünsiyyət prosesində onlar məni tərbiyə etdilər, özləri də mənim musiqi qavrayışıma alışdılar. Biz tam bir vəhdətə çevrildik – bir bədən, bir qəlb, eyni qavrayış. Xorumuzun çox yüksək ifa səviyyəsi var. Repertuarımızın əsərlərini daimi məşq edirik, hər dəfə onlarla yeni nələrsə axtarıb tapırıq”, – Ermənistan Korlar Birliyi xorunun rəhbəri Karlen Aleksanyan deyir.
O danışır ki, dünyada ilk korlar xoru Bolqarıstanda ötən əsrin 40-cı illərində yaradılıb. Sonradan bu cür kollektivlər Litva və Gürcüstanda meydana gəlib, Ermənistan sayca dördüncü olub. K. Aleksanyan xatırlayır ki, 40 il əvvəl ona yeni xorla işləmək təklifi gələndə, çaşqınlıq içindəydi: onlara necə rəhbərlik edə bilər axı…
“Bu, özfəaliyyət deyil, maaşlı peşəkar qrup idi. İlk illərdə əsərləri qulaq asa-asa öyrənirdik, sonra proqram tədricən mürəkkəbləşdirilməyə başladı, bütün bunları da yadda saxlamaqla ifa etmək artıq mümkün deyildi. Biz də gözdən əlil ifaçılarımızla birlikdə Brayl şriftli notlara keçdik, həm də onlara musiqi təhsili verdik”, – Aleksanyan danışır.
Sovet İttifaqı dağılandan sonra xorun yaxşı vaxtları da arxada qaldı, bu gün gözdən əlil müğənnilər üçün ağır zamanlar başlayıb.
Korlar Birliyinin musiqi kollektivlərinin kadrlar şöbəsinin rəhbəri Susanna Buniatyan xorun fəxri adlarını və mükafatlarını, kollektivin qastrol səfərləri etdiyi ölkələri sadalayır. O qeyd edir ki, Sovet İttifaqı illərində xor Korlar Birliyi tərəfindən maliyyələşdirilib, amma SSRİ dağılandan sonra korlar kombinatları bağlananda xor faktiki olaraq maliyyələşdirilməsini itirdi.
“Müğənnilərimiz 220 rubl maaş alırdılar, indi isə əmək haqları 15000 dramdır (30 dollardan az), o da ildə bir neçə dəfə. Artıq 20 ildir ki, biz ianə hesabına yaşayırıq. Yeddi il bizi “Çjinişyanın xatirə fondu”, daha bir il Açıq Cəmiyyət İnstitutu maliyyələşdirib. Artıq on ildir ki, Mədəniyyət Nazirliyinə xora dövlət musiqi kollektivi statusu verilməsi xahişilə məktublar yazıram, amma xeyri yoxdur”, – Buniatyan deyir.
Xorun ən gənc iştirakçısının 22, ən yaşlının isə 80 yaşı var. Əksər müğənnilər yaşlıdır, cavanlar aralarında azdır.
“Onlar özləri üçün perspektiv görmür. Deyirlər, tutaq ki, xorda oxuduq, iki saat həzz aldıq, bəs sonra? Məşqdən sonra da evimizə gedib, ac qalaq? Problem bundadır. Sabit maliyyələşməmiz olsaydı, insanlara heç olmasa əlavə gəlir təklif edə bilsəydik, gənclər də xora gələrdi, biz də mövcudluğumuzu davam etdirmək üçün səy göstərərdik”, – dirijor deyir.
Xorun indiki tərkibi isə hər şeyə rəğmən həftədə iki dəfə məşqə gəlməkdə davam edir.
Müğənnilərdən biri olan Kamarnik Qevorqyan Yerevan Dövlət Universitetində dərs deyir, deyir ki, yarandığı bir gündən oxuduğu xorsuz həyatını təsəvvür etmir.
“Yaradıcı prosesə bağlananda incəsənətin içində olmağa ehtiyac duyursan, sonra bunsuz çətin olur, incəsənət insanın həyatını zənginləşdirir, mənalandırır. Xor sənəti incə bir işdir, birlikdə işləməyi, digərlərini eşitməyi, birlikdə ifa etməyi bacarmaq lazımdır. Buna görə də vəziyyətin necə olmasından asılı olmayaraq, məşqlərə gəlməyə çalışırıq”, – Kamarnik Qevorqyan deyir.
Xorun repertuarına təxminən 500 əsər daxildir, bunların arasında xalq melodiyaları, klassik əsərlər, o cümlədən opera ariyaları da. Bax, Mosart, Şubert, Şuman, Qendel, Quno, Komitasın əsərləri ifa olunur…
“Baxın “Yüksək messası”nı Ermənistanda ancaq biz ifa etmişik: bu, çox çətin və böyük həcmli əsərdir. Georgi Sviridovun “Puşkin çələngi”ni də ifa etmişik. Bu, çox ağır bir işiydi. Rusiyada bu əsəri birlikdə iki xor ifa edir”, – Karlen Aleksanyan deyir.
Növbəti məşq təxminən iki saat çəkir. Komitası məşq edirlər. Melodiya dirijorun səsi ilə kəsilir, sonra da yenidən zalın hər yerinə yayılır.
Nelli Sarqsyan birinci sırada oturur və böyük diqqətlə dirijoru izləyir.
“Bura bələdçi ilə gəlməyimizə və iki dəfə artıq pul xərclədiyimizə baxmayaraq, halbuki pul da yoxdur və demək olar ki, hamımızın maddi vəziyyəti ağırdır, yenə də gəlirik, çünki oxumaya bilmirik. Bu, bizim işimizdir və ancaq bir istəyimiz var: işimiz qiymətləndirilsin”, – o deyir.
Gözdən əlil musiqiçilər əlillik müavinəti alır, o da hətta ən elementar məsələlərin həllinə kifayət etmir. Nelli Sarqsyan 55000 dram ($115) alır, bu pulun da böyük hissəsini dərmana xərcləyir.
“Nəzərə almaq lazımdır ki, biz əlilik və qocalırıq, bizə heç olmasa həyatda qalmağa imkan verən maaş verilməlidir. Ruhi qida alırıq, maddi cəhətdən isə heç nə yoxdur, biz çox yoxsuluq”, – o deyir.
Xorda 27 nəfər çıxış edir, onların arasında gözü görənlər də var. Qrupun solisti Lyudmila Petrosyan bunlardan biridir. Deyir ki, korlar xorunda gözdən əlil müğənnilərə kömək etmək üçün gözü görən müğənnilər də olmalıdır.
“Gözdən əlillər üçün yeganə çətinlik bura gəlib çıxmaqdır. Əvvəllər xorun maşını olub, hamını yığıb, bura gətirir, sonra da evlərinə qaytarırdı. Bu gün bu da yoxdur. Onları mütləq yaxınlarından biri müşayiət etməlidir. Bu adamlar gəlir və məşq bitənə qədər zalda oturub gözləyirlər. Bu, əlbəttə ki, çox çətindir, amma bütün bunlarda güclü bir energetika var. Heç olmasa həftədə iki dəfə musiqini dinləmək… Musiqi musiqiçi, müğənni üçün xəstəlik, ruhi qidadır”, – Lyudmila Petrosyan deyir.
Karlen Aleksanyan isə öz kollektivini tərifləyir:
“Çox vacib bir məqam var, göz insanın fikrini dağıdır, onların diqqəti isə bir şeyə cəmlənir, onlara dediyim hər şeyi anındaca yadda saxlayırlar. Bu, çox peşəkar bir xordur”.
Müğənnilər xorun yaxşı vaxtlarını, qastrol səfərlərində olduqları, peşəkar ifalarına marağın olduğu vaxtları xiffətlə xatırlayırlar. Tamaşaçıların gurultulu alqışları hələ də qulaqlarında səslənir.
Susanna Buniatyan Mədəniyyət Nazirliyinin bu il aldıqları qızıl medalı, öz səhifələrində xorun bioqrafiyasını yaşadan albomları, həm də müxtəlif idarələrə ünvanlanan, amma cavab gəlməyən məktubları göstərir.
“Bizə dövlət statusunun verilməsi və ya hər hansı idarənin nəzdinə keçməyimiz üçün prezidentə belə müraciət etmişəm. Bu məktubu Mədəniyyət Nazirliyinə də göndərmişəm, onlarsa cavab verir: ərizə ilə müraciət etsək, konsertlərimizi maliyyələşdirəcəklər”, – Buniatyan deyir.
Karlen Aleksanyan əmindir ki, xor musiqiçilərin vəfalığı sayəsində ayaqda qalır.
“İncəsənət belədir ki, bura daxil olanda, tərk etmək artıq çox çətindir. Bu insanlar oxumaya, musiqisiz, bu gözəl dünyasız yaşaya bilmirlər. Bu dünya onların həyatının ayrılmaz hissəsinə çevrilib. 40 ildir ki, bu insanlar bizim xorda çıxış edir, bu da bir igidin ömrüdür”.