Konstitusiya referendumunun keçirilməsi üçün 3,4 milyard dram (7,1 milyon dollar) vəsait ayrılacaq. Bu haqda qərar hökumətin fevralın 20-də keçirilən iclasında alınıb.
Referendum aprelin 5-də baş tutacaq. Bu referendumda Konstitusiya Məhkəməsinin ötən hakimiyyət dövründə təyin olunan altı hakimi və sədrinin səlahiyyətlərinin dayandırılması məsələsi həll olunacaq.
Müqayisə üçün “məxməri” inqilabdan dərhal sonra, 2018-ci ilin dekabrında keçirilən növbədənkənar parlament seçkilərinə 3 milyard dram (6,3 milyon dollara yaxın) vəsait xərclənib.
Baş nazir Nikol Paşinyanın sözlərinə görə, bu xərclər özünü doğruldur, çünki xalqın iradəsini azad şəkildə ifadə etməsinə yönəlib.
“Bundan başqa, demokratik seçkilər korrupsiya və maliyyə cinayətləri ilə mübarizəyə kömək edir. Bu da o deməkdir ki, seçki daha çox qanunsuz mənimsənmiş vəsaiti geri qaytarmaqda dövlətə kömək edir”, – baş nazir qeyd edib.
Bu vəsaitin 234 milyon dramı (490 min dollar) polisə, qalan 3,1 milyard dramı isə (6,6 milyon dollar) Mərkəzi Seçki Komissiyasına ayrılacaq.