Konsensus naminə
Aylarla müzakirə olunan, qızğın mübahisə və çıxışlarla müşayiət olunan Seçki Məcəlləsi qəbul olundu. Oktyabrın sonunda Milli Yığıncaq onu qəbul etdi, əldə olunan konsensusu həm hakimiyyət, həm də müxalifət tarixi hadisə kimi dəyərləndirdi. Ermənistanın siyasi məkanı 2016-cı ilin mart ayından başlayaraq, Ermənistan Seçki Məcəlləsinə dəyişikliklər edilməsi üzərində işləyib. İş hakimiyyət, müxalifət və vətəndaş cəmiyyətindən dörd nümayəndənin cəlb edilməsi ilə “4+4+4 formatında aparılıb. Dəyişikliklərin edilməsinin vacibliyi referendum nəticəsində Konstitusiyaya qəbul olunan dəyişikliklərlə bağlı idi.
Müxalifət tələblər irəli sürdü, hakimiyyət isə müxalifətin ağlabatan və uyğun hesab etdiyi tələblərini qismən və ya tam təmin etdi.
Seçki Məcəlləsinin qəbulu təkcə Ermənistanın daxili siyasi məkanı üçün deyil, həm də Avropanın bir sıra qurumu, o cümlədən də Avropa Şurasının Venesiya Komissiyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu üçün də vacib əhəmiyyət kəsb edirdi.
Avropalı ekspertlər layihəyə daxil edilən dəyişiklik və yenilikləri alqışladılar. Amma öz fikirlərini də bildirdilər. O cümlədən “artıq imzalanmış seçici siyahılarının dərc edilməsi bəndi barədə danışdılar. Venesiya Komissiyasının fikrincə, bu insanların şəxsi informasiyanın məxfiliyi hüququnu pozur, buna görə də avropalılar həmin müddəanı yenidən nəzərdən keçirməyi təklif etdilər.
Amma müxalifətlə tarixi konsensusa nail olmaq üçün hakimiyyət avropalıların çağırışına məhəl qoymadı və seçicilər tərəfindən imzalanmış siyahıların səsvermədən sonra hamıya açıq olmasına imkan verdi.
Hakimiyyətin mövqeyi
Ermənistanın hakim Respublika Partiyasının üzvü Vaqram Mkrtçyan əvvəlcədən siyahıların açıqlanmasına qarşı çıxıb və dəfələrlə bunu bildirib:
“Bəli, mahiyyətcə bu, səsvermə sirrinin bir hissəsi sayılır. İndi vacib deyil, bu haqda Venesiya Komissiyası danışır yoxsa hər hansı başqa qurum. Vacib olanı odur ki, iştirak etmək və ya etməmək də sirdir və bunu elan edib-etməmək də insanın öz qərarıdır. Bu, öhdəlik kimi təsbit olunmasaydı onu problem olaraq da görməzdim. Amma bu gün biz siyasi razılaşma nəticəsində ortaq bir məxrəcə gəlmişik ki, siyahılar dərc olunmalıdır.
Venesiya Komissiyasının fikirləri məsləhət xarakteri daşıyır və siyasi konsensus nəticəsində biz siyahıları açıqlasaq, burada heç bir maneə görmürəm. Bizim siyasi iradəmizi də alqışlayıram ki, Venesiya Komissiyasının mənfi rəyinə baxmayaraq, razılığa gələ bilmişik. Müxalifət uzun müddət fikrini bu məsələdə cəmləmişdi və əgər müxalifət üçün bu, bu dərəcədə vacibdirsə, onda biz onlara bu müddəanı veririk. Amma mən əminəm ki, bunsuz da seçkilər düzgün və şəffaf keçəcək.
Müxalifətin yanaşması
İmzalanmış siyahılar hakimiyyətin xeyirxah iradəsi nəticəsində deyil, fəal siyasi dialoq və iş nəticəsində açıqlanacaq. Bu, “Çiçəklənən Ermənistan partiyasının rəhbəri Naira Zoqrabyanın fikridir:
“Demək olmaz ki, onlar misilsiz qəhrəmanlıq ediblər və Venesiya Komissiyasının fikrinə baxmayaraq, bu müddəanı qəbul etdilər. Belə deyil. Mən şəxsən Strasburqda komissiyanın ekspertləri ilə danışmışam və komissiya üzvləri qlobal mənada seçici siyahıları ilə bağlı fikirlərinin üzərində dursalar da, Seçki Məcəlləsində seçici siyahıları haqqında müddəaların təsbit edilməsinə qarşı deyillər.
Onların fikri belədir: Biz alqışlamırıq, amma sizin seçki mədəniyyətiniz bunu diktə edirsə, belə bir ehtiyacı nəzərdə tutursa, bizim buna etirazımız yoxdur. Buna görə də əminəm ki, hər hansı seçkilər zamanı bu məsələ təbii ki, heç bir çətinlik törədə bilməzdi, çünki hamı o cümlədən də ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Ermənistandakı seçkilərin incəliklərini gözəl bilirlər.
Bizim ən mükəmməl Seçki Məcəlləmiz ola bilər, amma hakimiyyətin müvafiq siyasi iradəsi yoxdursa, o yenə də özünün “təzələnməsi üçün mümkün olan hər şeyi edəcək.
Vətəndaş cəmiyyətinin mövqeyi
“ 4+4+4 formatında müzakirələrdə iştirak etməyən vətəndaş cəmiyyətinin nümayəndəsi, “Transparency International antikorrupsiya mərkəzinin məsləhətçisi Eriknaz Tiqranyan hesab edir ki, imzalanmış siyahıların dərci haqqında bənd sevinc üçün deyil, daha çox çoxlu sayda sualların yaranmasına səbəb oldu. O qeyd edir ki, əvvəlcə hakimiyyətin müxalifətlə razılaşması ilə bağlı eyforiya yaşadılar, sonra da sual ortaya çıxdı: niyə gözlənmədiyi bir halda nüfuzlu bir qurumun fikrinə məhəl qoyulmadı:
“Şübhə yoxuydu ki, hakimiyyət siyahıların dərcinin əvəzində başqa bir addımın atılmasını da nəzərdə tutmuşdu. Məlum oldu ki, bu başqaların əvəzinə səs verməyin kriminallaşdırılmasıdır və biz birmənalı şəkildə buna qarşı çıxdıq. Başqaların əvəzinə səsvermə haqqında yalan məlumatlar kriminallaşdırılsa, heç kim bu kimi hallar haqqında məlumat verməyə cürət etməyəcək və ya həddən artıq ehtiyatlı davranacaq.
Ekspertin fikrincə, seçicilərin şəxsi məlumatlarının açıqlanması haqqında müddəa nikbin təcrübə nəticəsində qəbul olunmayıb. Bu, inamsızlığın nəticəsidir. Və Avropa ölkələrində şəxsi məlumatların dərci seçki prosesinin təmin edilməsi üçün ağlabatan görünmürsə, Ermənistan üçün bu, sayəsində seçkilərin nəticələrinin nəzarət oluna biləcəyi yeganə üsuldur. Bir sözlə, dövlət üçün prioritet vətəndaş və seçicinin deyil, seçkilərin maraqlarıdır.
Ekspert rəyi
Siyasi analitik Viqen Akopyanın fikrincə, Avropada imzalanmış siyahıların açıqlanması insanın seçkilərdə iştirak edib-etməməsinə nəzarət kimi nəzərdən keçirilə bildiyi halda, Ermənistanda bunun tamamilə fərqli effekti olacaq:
“Bunun faydalı bir üsul olduğunu düşünürəm. Siyahıların açıqlanması məsələsi xüsusən son 10 il ərzində aktual olub, həmişə aktual olub, amma hakimiyyət müəyyən beynəlxalq qurumların yanaşmasını bəhanə gətirərək, onu qəbul etməyiblər. Biz İsveçrə olsaydıq Venesiya Komissiyasının haqqında danışdığı incəlikləri də nəzərə ala bilərdik. Amma düşünürəm ki, indi bizim üçün prioritet seçki prosesinin şəffaflığının təmin edilməsidir ki, bizim onlara qarşı etimadımız formalaşsın.
Dərc olunub: 08.11.2016