Kokoytı qayıtmaq istəyir
2006-2011-ci illərdə Cənubi Osetiya prezidenti olan və 2011-ci ildə baş verən siyasi böhrandan sonra postu tərk edən Eduard Kokoytını respublikada sanki unutmuşdular. Amma indi tərəfdarları onun Cənubi Osetiyada birinci post uğrunda mübarizə hazırlığından danışmağa başlayıblar.
Kokoytını Cənubi Osetiyada kim gözləyir? Çox güman ki, müstəqillik tərəfdarları
Kokoytı Cənubi Osetiyada 2011-ci il prezident seçkilərini müşayiət edən qarşıdurmadan sonra siyasətdən getdi. O vaxt siyasət səhnəsinin qəhrəmanı respublikaya yeni iqtisadi və siyasi gələcək, Moskvadan daha az asılılıq vəd edən Alla Cioyeva oldu. Eduard Kokoytı lider kimi populyarlığını itirdi, ictimaiiyyət tərəfindən korrupsiya və qeyri-peşəkarlıqda ittiham olundu və respublikanı tərk edərək, Moskvaya köçdü.
Bundan sonra Kokoytı mətbuata qətiyyən açıqlama vermirdi. İndi isə, 2017-ci ilin aprel ayına təyin edilən yeni prezident seçkiləri ərəfəsində onun adı yenidən gündəmə gəldi.
Kokoytıya sədaqətli qalan parlamentdəki “Xalq partiyasının mətbuat katibi Taira Qaqloyeva “Facebook səhifəsində “Kokoytı: mən Cənubi Osetiya Respublikasının prezident seçkilərində iştirak edəcəm! başlıqlı status yazıb.
“Biz xalqın maraqları, …. ən əsası da Cənubi Osetiyanın müstəqilliyi barədə düşünməliyik. Bu, kiminsə əlində isti kartof deyil, dəyər verilməli olan brilyantdır. Niyəsə çoxları bütün xalqımız tərəfindən əldə edilmiş müstəqillikdən imtina etmək istəyir, – Taira Qaqloyeva Kokoytının partiya yığıncağındakı çıxışından sitat gətirir.
Cənubi Osetiyada respublikanın gələcəyi ilə bağlı məsələ ətrafında uzun sürən qarşıdurma çox güman ki, namizədlərin seçkiqabağı mübarizəsində əsas məsələ olacaq. Artıq bir neçə ildir ki, Cənubi Osetiyada siyasi və ictimai mübahisə gedir – iki yoldan hansını seçmək lazımdır: 1) müstəqil respublika qurmaq və beynəlxalq aləm tərəfindən tanınmağa nail olmaq; 2) Müstəqillik ideyasından imtina etmək, Şimali Osetiya ilə birləşməyə, bununla da Rusiya Federasiyasının tərkibinə keçmək.
Kakoytı öz prezidentliyi dövründə bu məsələdə kifayət qədər ardıcıl deyildi. Məsələn, 2008-ci ildə Cənubi Osetiyanın Moskva tərəfindən müstəqilliyi tanınandan dərhal sonra o, ölkəni Rusiyanın bir hissəsinə çevirmək planını açıqladı.
Amma indi Eduard Kokoytı birinci yolun tərəfdarıdır. O, artıq deyir ki, bu gün Cənubi Osetiyada bu qədər populyar olan referendum keçirmək və cəmiyyətin həqiqətən də hansı istiqaməti dəstəklədiyini birdəfəlik müəyyən etmək ideyasını dəstəkləmir.
“Biz qanımızla sübut etdik ki, biz Rusiyanın yanındayıq və indi hansısa referendum keçirmək mənasızdır. Məgər bu qan kifayət etmir? – Taira Qaqloyeva Kokoytıdan sitat gətirir.
Kokoytını kim gözləmir? Bu, daha çətin məsələdir
“İctimaiyyətin nəzərinə çatdırmaq istəyirəm ki, heç bir namizədi dəstəkləməyəcəm, özüm seçkilərdə iştirak edəcəm. Mən Cənubi Osetiya xalqının yanındayam, – Kokoytı Qaqloyevanın “Facebook səhifəsi vasitəsilə bildirir.
Amma onu bu yolda bir neçə maneə də gözləyir.
2016-cı ildə Cənubi Osetiyada seçkilər haqqında qanuna dəyişikliklər edilib. İndi prezidentliyə namizəd olmaq üçün Cənubi Osetiya vətəndaşı son on ili respublikada yaşamalıdır.
Kokoytı 2012-ci ildən respublikada daimi yaşamır və deməli, namizəd kimi qeydiyyatdan keçmək hüququ yoxdur. Keçmiş prezident vaxtını Moskvada və Şimali Osetiyanın Alaqir şəhərində keçirir, Cənubi Osetiyada isə daimi qeydiyyatı deyil.
Cənubi Osetiyalı ekspert Roland Kelexsayev deyir: “Kokoytı özü öz əllərilə 2011-ci ildə qoyduğu tələyə düşüb.
“Namizədliyini irəli sürə bilmədiyi halda çox güman ki, öz “adamını və ya ona Cənubi Osetiya siyasətində qalacağı ilə bağlı zəmanət verən başqa siyasi fiquru dəstəkləyəcək, – Kelexsayev deyir. – Bu, Kokoytı üçün son şansdır – bu seçkilərdə özünü göstərə bilməsə 5 il sonra onu artıq xatırlayan olmayacaq.
Eduard Kokoytının siyasətə qayıtmasını çətinləşdirəcək daha bir səbəb onun Cənubi Osetiyada bütövlükdə mənfi reputasiyasının olmasıdır ki, bu haqda burada tez-tez eşitmək olar.
Kokoytının namizədliyinin irəli sürülməsinin mümkünlüyü ilə bağlı xəbər çıxan kimi opponentləri kütləvi tənqid və ittihamlarla çıxış etdilər. Onlar ilk növbədə xatırlatdılar ki, Kokoytı baş komandan kimi gürcü ordusunun 8 avqust 2008-ci ildə Cənubi Osetiyaya hücumu zamanı Sxinvaldan Cavaya qaçıb və ancaq bir neçə gün sonra, vəziyyət əsasən yığma qoşunlar tərəfindən nəzarət altına alınandan sonra qayıdıb.
Kokoytının tərəfdarları bu gün dönə-dönə xatırladırlar ki, 2008-ci ildə Cənubi Osetiyanın müstəqilliyinin Rusiya Federasiyası tərəfindən tanınması Kokoytının prezidentliyi dövründə baş verib və bu, onun xidmətidir. Opponentləri isə bildirirlər ki, məhz Eduard Kokoytı və ətrafı 2008-ci il avqust ayından sonra Rusiyanın Cənubi Osetiyanın bərpası üçün göndərdiyi maliyyə yardımının böyük hissəsini mənimsəyib.
Roland Kelexsayev deyir ki, nə Kokoytının özü, nə də onun ətrafı 2008-ci ildən 2012-ci ilə qədər respublikaya Rusiyadan göndərilən maliyyə köməyinin xərclənməsi barədə hər hansı hesabat verməyib. “Bu isə 30 milyard rubldan çoxdur [təxminən $470 milyon], – Kelexsayev deyir.
Cənubi Osetiya “Facebooku Kokoytının ünvanına prezidentin xüsusi hesabından vəsaitin oğurlanması ittihamları ilə doludur, həmin hesaba eyni məqsədlər üçün təxminən 1,2 milyard rubl [təxminən $18,5 milyon] toplanmışdı. 2012-ci ildə hakimiyyət dəyişəndə xüsusi hesabda cəmi 150 milyon rubl [təxminən $2,5 milyon] aşkar olundu. Qalan məbləğin hara xərcləndiyi hələ də məlum deyil.
Rolan Kelexsayev Kokoytının yeni iddialarını “ağılsızca hesab edir və deyir ki, onun siyasətə qayıtması mümkünsüzdür. “Amma pis odur ki, onun respublikada seçkiqabağı proseslərə istənilən təsir etmək cəhdi gərginliyin artmasına səbəb ola bilər. İnsanların etiraz aksiyalarına başlaması mümkündür.
Moskva nə düşünür?
Kokoytı 2011-ci ildən nə Cənubi Osetiya, nə də Rusiya rəhbərliyində heç bir post tutmur. Onun Rusiyanın kazak birləşmələrinin tədbirlərində və ya pravoslav xeyriyyə fondlarının yığıncaqlarında iştirakı ilə bağlı xəbərlər Cənubi Osetiyada xüsusi marağa səbəb olmur.
Bu yaxınlarda Cənubi Osetiyada cürbəcür başqa şayiələr müzakirə olunurdu. Əvvəl deyirdilər ki, Kokoytı Rusiyanın ali rəhbərliyi ilə birlikdə sualtı qayığa minənlərdən biri olub. Sonra dedilər ki, Kokoytı Gürcüstanın Stepantsminda (Kazdeq) rayonunun Cənubi Osetiyaya birləşdirilməsi planını işləyib hazırlayır.
Bu şayiələrin əsasında duran xəbər isə Moskvanın Eduard Kokoytının namizədliyini dəstəkləməsi ehtimalı ilə bağlıdır.
Amma bu dəstəyin olmasını şübhə altına salan başqa siqnallar da var. Misal üçün, 2016-cı ilin yayında Moskvada olan “Siyasi Konyunktura Mərkəzi Cənubi Osetiyada siyasi vəziyyətin “Tandemdən seçim adlı təhlilini dərc etdi.
Kokoytı burada “autsayder, onun Cənubi Osetiya siyasətinə qayıtması isə “sabitliyi pozan amil adlandırılıb.
Məqalədə yer alan fikirlər müəllifin terminologiyası və baxışlarını ifadə edir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər