Koalisiyanın xronikası
1 oktyabr 2012-ci ildə Gürcüstanda bir növ siyasi Armaqeddon – “hamı bir nəfərə qarşı prinsipi ilə seçkilər keçirildi. Güclərin bu cür polyarlaşmasında həmişə və hər yerdə hamı deyil, həmin o “bir nəfər günahkardır. Düzdür, indi artıq bunun elə bir mənası yoxdur. Əsası odur ki, polyarlaşma heç vaxt nəticəsiz ötüşmür.
Hakimiyyətə qarşı olan qütb mahiyyəti etibarilə avtomatik olaraq daxili müxtəliflik, rəngarəngliyi nəzərdə tutur. Gürcüstanda da belə oldu.
Saakaşvili hakimiyyəti öz opponentlərini müasirləşməyə qarşı çıxan cəhalətpərəst sürüsü və Rusiya casusları kimi təqdim etməyə çalışırdı. Amma taleyin hökmü ilə elə alındı ki, məhz bu cür münasibətə görə bütün ölkə “Milli hərəkatın opponentinə çevrildi.
Deməzdim ki, cəhalətpərəstlər Saakaşviliyə opponentlik etmədilər, amma onun opponentləri tək onlar da deyildi – kimsə gürcü kimliyinin itirilməsindən narahatdı, kiminsə ölkənin avtoritar üsul-idarəsindən xoşu gəlmirdi, kimisə sosial problemlər narahat edirdi, amma hamını hakimiyyətin fərqli düşünənləri qəbul etməməsi, qeyd-şərtsiz ona tabe olmaq istəməyənlərə qarşı qəddar və amansız münasibəti birləşdirirdi.
Armaqeddondakı qələbədən sonra vəziyyət əhəmiyyətli dərəcədə dəyişdi, bu zaman hakimiyyətə qarşı olan qütbün özü hakimiyyət oldu. İş orasındadır ki, vahid düşmənin olması hakimiyyət başında birləşməyə xidmət edə bilməz. Hökumətin normal fəaliyyəti üçün ümumi dəyər və strateji məqsədlərin olması vacibdir. Hakimiyyət başında olmaq heç də istənilən yaxşı menecerin də öhdəsindən gələ biləcəyi bürokratik işin yerinə yetirilməsi demək deyil.
Burada əsas müəyyənedici məqam ideya və siyasi vəhdətdir. Əgər hakimiyyətə deyək ki, bir hissəsi su elektrik stansiyasının, ikinci hissəsi istilik enerjisi ilə işləyən elektrik stansiyasının, üçüncüsü isə külək və günəş elektrik stansiyalarının tikintisinin tərəfdarı olan komanda gəlirsə, nəticədə hadisələr elə cərəyan edəcək ki, ya üç komandadan biri hakimiyyəti öz əlinə keçirəcək, ya da birgə səylərlə nə su, nə istilik, nə də külək və günəş elektrik stansiyaları tikiləcək.
Başqa sözlə desək, ideya və siyasi uyğunluq hakimiyyətin səmərəli fəaliyyətinin yeganə olmasa da mütləq şərtidir. İdeya və siyasi birliyi olan hakimiyyətin formalaşması isə Armaqeddondan sonra prinsipial olaraq mümkün deyil. Bu şəraitdə eklektizm qaçılmazdır və 2012-ci il oktyabr seçkilərindən sonra ölkədə formalaşan hakimiyyət post-armaqeddon reallığından qaça bilmədi.
Koalisiyadakı seçkiqabağı rəngarəngliyi cəmiyyətin İvanişvilinin ətrafında birləşən ümummilli konsolidasiyaya sifarişi ilə izah etmək olar, amma bu gün, seçkilərdən sonra bu rəngarənglik problemə çevrildi və bu danılmaz bir faktdır.
Daha böyük effektivlik üçün hakimiyyətin açıq-aşkar daha böyük ideya və siyasi müxtəlifliyə ehtiyacı vardı. Əks halda mənim artıq yuxarıda qeyd etdiyim baş verir – ya eklektik vəhdətdən bir ideya-siyasi və dəyərli dominant ayrılır, ya da idarə sistemlərinin durğunluğu baş verir ki, bu da vaxtında ölçülər götürülmədiyi halda mütləq parçalanma və böhrana gətirib çıxarır.
Dəqiqdir ki, siyasi həyatın bu qanunauyğunluğu vaxtında nəzərə alınmadı. Bunun hansı səbəbdən və necə baş verməsi ilə bağlı mühakimələrə varmayacam. Nəticədə elə alındı ki, bu gün eklektik ittifaqın bir hissəsi o birisinə üstün gəldi.
Taleyin daha bir ironiyası (bu dəfə koalisiyaya münasibətdə) ondan ibarətdir ki, koalisiya daxilində üstün gələn məhz o güc oldu ki, onun imici vaxtıykən “Milli hərəkatın öz opponentləri ilə bağlı təsvir etdiyi obraza yüz faizlik dəqiqliklə uyğun gəlir.
Yəni koalisiya daxilində tamamilə post-sovet (və hətta sovet) stereotipləri və klişelərinə əsaslanan həddən ziyadə qeyri-peşəkar kontingent gücləndi. Bu insanlar müxtəliflikdən, müasir dünyanın açıq olmasından çəkinir, başqa mədəniyyətlərdən hürkürlər. Onlar ancaq qeyri-peşəkarlıqları ilə deyil, həm də ideyasızlıqları ilə seçilirlər – onlar ancaq özlərinin şəxsi rifahlarının yaxşılaşdırılması ilə məşğuldurlar və anti-qərb ideologiyasını ancaq ona görə dəstəkləyirlər ki, müasirləşmiş, avropalaşmış Gürcüstanda öz şəxsi personalarının realizəsi perspektivlərini görmürlər.
Onların siyasi platformasını ancaq düşmənə qarşı mübarizə təşkil edə bilər, bu düşmən isə qeyri-gürcü milliyyətinin nümayəndəsi, homoseksuallar, masonlar, İyeqova şahidləri və elə həmin milliyyətçilər də ola bilər. Ancaq düşmən obrazına qarşı istiqamətlənən siyasət üçün əsası düşmən obrazının özünün olmasıdır, bu obrazda kimin canlanmasının isə heç bir prinsipial əhəmiyyəti yoxdur.
Belə alındı ki, eklektik seçkiqabağı ittifaqda aparıcı qüvvə olmayan cəmiyyətin bu seqmenti seçkilərdən sonra ciddi şəkildə hakimiyyət meydanına girdi, yavaş-yavaş öz mövqelərini genişləndirdi və möhkəmləndirdi, hakimiyyətin bütün seqmentlərində öz mövcudluğunu artırdı və az qala kritik həddə qədər gəlib çıxdı.
Bunun niyə, hansı səbəblərdən baş verməsi başqa bir söhbətin mövzusudur. Ancaq onu deyə bilərəm ki, hadisələrin bu cür cərəyan etməsinə görə məsuliyyətin bir hissəsi (vacib bir hissəsi) hansı partiyaya mənsub olmalarından və ya ümumiyyətlə partiya üzvləri olub-olmamalarından asılı olmayaraq, koalisiyaya daxil olan qərb yönlü qüvvələrin üzərinə düşür.
Başqa bir tərəfdən, hakimiyyət başında olan həmin bu seqmentin hakimiyyəti öz əlində saxlamağa səriştəsi çatmadı. Bu da təbiidir, çünki onların nə konkret liderləri, nə də hər hansı bir partiya mənsubiyyətləri yoxdur. Onlar əsasən Bidzina İvanişviliyə sədaqətlərini nümayiş etdirir və onun özlərinə qarşı mərhəmətli münasibətinə ümid edirlər. Baxmayaraq ki, konkret bir siyasi qrupun lideri olmaq İvanişvilinin üslubu deyil və o heç vaxt ideyasız, pul hərisi olan qərb düşməni olan insanların başçısı olmayacaq ( “Milli hərəkatın onun siyasətə gəldiyi ilk gündən ona qarşı məhz bu ittihamları irəli sürməsinə rəğmən). Güclü lider olmadan isə bu kontingent, sayının nə qədər çox olmasından asılı olmayaraq, hakimiyyəti ələ almaq və ölkəni idarə etmək gücünə malik deyil. Onların bunun üçün kifayət qədər bacarığı yoxdur.
Belə bir vəziyyətdə koalisiya iki yol ayırıcında qalıb. Ya demokratik müasirləşməyə aydın baxış əsasında qərb yönlü qüvvələrin birləşməsi, ya da elə özlərinin, bəzi siyasətçi və analitiklərin tamamilə əsassız olaraq millətin istəklərinin ifadəçiləri hesab etdikləri anti-qərbçilərlə kompromis.
Bu baxımdan yeni baş nazirin ilk addımları heç də anti-qərbçilərin ümidlərini doğrultmur. Amma rasional qüvvələrin işi də yaxşı getmir, xüsusən də nəzərə alsaq ki, seçkilərə çox az vaxt qalıb, hakimiyyətin ən mütəşəkkil və reytinqli opponenti isə heç dəyişməyən “Milli hərəkat olaraq qalır, hansı ki, hakimiyyətə qayıdacağı təqdirdə bizi mütləq Armaqeddondan əvvəl gələn dövrə qaytaracaq, özü də revanş almaq istəyi ilə qayıdacaq.
Nəzərə alsaq ki, Gürcüstanda hələ də “Milli hərəkatın hakimiyyətə qayıtması qorxusu yaşanır, hakimiyyət qurumlarında cücərən anti-qərb seqmenti isə demək olar ki, dağılıb, vəziyyətin radikal dəyişməsini gözləməyə dəyməz. Amma hakimiyyətin və ölkənin gələcək inkişafının əsas tendensiyaları mütləq hələ seçkilərə qədər müəyyənləşəcək.
Və bu seçkilər heç bir halda siyasi Armaqeddon olmayacaq. Ümid var ki, tək bu seçkilər yox.
- 2012-ci il Gürcüstanın parlament seçkiləri nəticəsində milyarder Bidzina İvanişvili tərəfindən yaradılan “Gürcü arzusu siyasi koalisiyası Mixail Saakaşvilinin 2003-cü ildən hakimiyyət başında olan “Milli hərəkat partiyasına qalib gəldi.
- “Gürcü arzusu Gürcüstanda siyasi birlikdir. 2012-ci ildən ölkədə hakim siyasi qüvvə sayılır. “Gürcü arzusu koalisiyası dörd siyasi partiya tərəfindən təsis edilib: Bidzina İvanişvili tərəfindən təsis olunan “Gürcü arzusu – Demokratik Gürcüstan, İrakli Alasaniyanın “Bizim Gürcüstan – Azad demokratlar, David Usupaşvilinin “Gürcüstanın Respublika partiyası və Kaxa Şartavanın “Milli forumu. Sonradan koalisiyaya “Gürcüstanın Mühafizəkarlar Partiyası və “Sənaye Gürcüstanı xilas edəcək partiyası da qoşuldu. 5 noyabr 2014-cü ildə “Bizim Gürcüstan – Azad demokratlar partiyası koalisiyanın sıralarını tərk etdi.
- Gürcüstanda parlament seçkiləri 2016-cı ilin payızında baş tutacaq.