Kiyev korrupsiyanın öhdəsindən gələ biləcəkmi?
Son bir neçə həftə ərzində Ukrayna sakinləri böyük maraqla rüşvətxor hesab etdikləri rəhbərlərinin gəlirləri barədə detalları öyrəndilər.
Bu, Ukraynada e-deklarasiyalar sisteminin işə düşməsi sayəsində mümkün oldu. Bu sistem vətəndaşlara qanunsuzluq və korrupsiyanın tüğyan etdiyi on illərlə müddət ərzində kimin və nə qədər pul yığa bildiyinin təfərrüatlarını öyrənmək imkanı verir.
Deputat və nazirlərin təqdim etdikləri əmlak haqqında elektron deklarasiyalar güclü və bəzən gülünc təəssürat bağışlayır.
Deklarasiya olunanlar arasında müxtəlif daşınmaz əmlak, ekstravaqand saat, çaxır kolleksiyaları və əntiq əşyalar var. Dnepr şəhərinin meri Boris Filatov hətta 175 min dollar qiymətində kosmosa uçuş biletini də deklarasiyada qeyd edib.
Təbii ki, hər kəs Filatov kimi biznesdə uğur qazanandan sonra dövlət qulluqçusu karyerasına da başlaya bilər. Amma orta aylıq maaşın 200 dollardan çox olmadığı, ön cəbhədəki əsgərlərin isə bundan bir qədər artıq məvacib aldığı ölkədə belə bir izahat çətin kimisə qane etsin.
E-deklarasiyalar yaranandan üzə çıxan detallar mətbuat və sosial şəbəkələrdə coşqun reaksiyaya səbəb olub.
Deklarasiyaların vahid dövlət reyestrinin yaradılması vətəndaş cəmiyyəti tərəfindən güclü təzyiq olmadan mümkün ola bilməzdi. Kiyevdə daha şəffaf, Avropa standartlarına uyğun dövlət idarəçiliyi sisteminin yaradılmasında Antikorrupsiya Fəaliyyəti Mərkəzi və “İslahatlara qayıtmaq naminə kimi təşkilatların rolu böyük oldu.
Qərb tərəfdaşlarının təzyiqi də əhəmiyyətli rol oynadı. İnqilab və Krıma Rusiyanın soxulması nəticəsində ağır vəziyyətə düşən Ukrayna iqtisadiyyatının dirçəldilməsi üçün BVF Kiyevin korrupsiya və azğınlaşmış bürokratiya ilə mübarizəyə başlaması şərtilə borc verdi.
E-deklarasiyalar sisteminin tətbiqinin ən vacib stimullarından biri Aİ ilə vizasız rejimə keçmək istəyi oldu, ötən həftə bu məsələ ilkin mərhələdə bəyənildi.
Baş nazir Vladimir Qroysman elektron deklarasiyaların yaradılmasını alqışladı və bildirdi ki, bu, “vəziyyəti həmişəlik dəyişəcək. Xanımı ilə birlikdə təxminən iki milyon dollar məbləğində nağd pul və ona yaxın bahalı saatını deklarasiyaya salan məmurun sözlərinə şübhə ilə yanaşmaq olar, amma o siyasi fiqurların əmlakının açıqlanması “heç də son addım deyil deməkdə çox haqlı idi.
On minlərlə deklarasiyanın yoxlanması ilə indi antikorrupsiya qurumları məşğul olacaq, onların da vəzifəsi qanunsuz varlanma və gəlirin gizlədilməsi hallarının üzə çıxarılmasıdır. İlk növbədə “Ukrainskaya pravda və “Novoye vremya kimi nəşrlərin jurnalistləri və vətəndaş cəmiyyəti fəalları bu prosesdə iştirak edəcək, amma əsas yük iki qurumun üzərinə düşəcək – Korrupsiyanın Qarşısının Alınması üzrə Milli Agentlik və Ukrayna Milli Antikorrupsiya Bürosu.
Bu iş asan olmayacaq.
Bundan bir qədər əvvəl, cari ildə qanunvericilər həqiqəti əks etdirməyən deklarasiyaların verilməsinin Cinayət Məcəlləsindən çıxarılmasına çalışdılar. Oktyabrda isə vətəndaş cəmiyyətinin fəallarına öz əmlakı ilə bağlı hesabat vermək öhdəliyi qoyulan qanun layihəsi təqdim edildi, onu da “Freedom House təşkilatı korrupsiyaya qarşı mübarizəyə təzyiq kimi qiymətləndirdi.
Yeni sistemin tətbiqinin tərəfdarları xəbərdarlıq edir ki, cəmiyyətin gözləntiləri həddən artıq yüksək ola bilər. Antikorrupsiya Fəaliyyəti Mərkəzindən Vitali Şabuninin sözlərinə görə, məyusluğun səbəblərindən biri Ukrayna Cinayət Məcəlləsindəki 2015-ci ilə qədər qanunsuz varlanmada adı hallanan şəxsləri məsuliyyətdən kənar qoyan boşluq ola bilər.
Korrupsiyanın Qarşısının Alınması üzrə Milli Agentlik də öz fəaliyyətində maneələrlə qarşılaşa bilər, onlardan biri də fəalların sözlərinə görə, rüşvətxor məhkəmə sistemidir. Hətta ən əsaslı araşdırma apardığı halda qurum bu işə baxan məhkəmə binasında gözlənilməz yanğının baş verməsindən sığortalanmayıb. Və ya məhkəmə yüksək vəzifəli rüşvətxorun işi üzrə gülünc pul girovu təyin edə və onu azadlığa buraxa bilər, “Naftoqaz dövlət şirkəti rəhbərinin müavini Sergey Perelomanı buraxdığı kimi.
Hələ ki, Korrupsiyanın Qarşısının Alınması üzrə Milli Agentlik tərəfindən məhkəmələrə göndərilən on iki iş üzrə məhkum edilmiş şəxslər yoxdur. Bununla belə, altı fakt üzrə razılıq əldə olunub.
Ukraynada məhkəmə islahatları hazırlıq mərhələsindədir. Müvafiq qanun layihəsinin parlamentə bu ilin sonuna qədər təqdim olunması gözlənilir.
Korrupsiyaya qarşı mübarizəyə mane olan daha bir amil əhalinin 70 illik sovet hakimiyyəti və müstəqil Ukraynanın 25 illik mövcudluğu dövründə kök salan mentalitetidir. Onu özünün acgöz bürokratiyasına fatalist münasibət xarakterizə edir. Korrupsiyaya qarşı bu cür passiv yanaşma post-sovet cəmiyyətlərində tez-tez rast gəlinən haldır.
Ukrayna artıq 2014-cü ildən sonrakı islahatlar zamanı ilk məyusluğunu yaşayıb. O vaxt cəmiyyət Narıncı inqilabdan sonra formalaşan hakimiyyətə lazımi təzyiqi göstərə və ondan əsaslı dəyişikliklər tələb edə bilmədi.
2014-cü il hadisələri sözsüz ki, ictimai həyata daha çox insan cəlb etdi. Amma islahatların templəri və intensivliyi ilə bağlı narahatlıq hələ də qalır. Cəmiyyəti korrupsiya ilə mübarizənin ancaq ritual qurban tələb edən ani kampaniya deyil, uzun müddətli tendensiya olmasına inandırmaq üçün məmurlar arasında qanunu pozanların effektiv hüquqi təqibinə ehtiyac var.
Ukrayna cəmiyyətində islahatlara böyük inam yoxdur. Beynəlxalq Respublika İnstitutunun bu yaxınlarda apardığı sorğunun nəticəsinə görə, 72 faiz vətəndaş hesab edir ki, ölkə düzgün istiqamətdə hərəkət etmir. Ukrayna islahatlar yolunda ayaq saxlaya bilməz.
Dərc olunub: 01.12.2016