Kişilər ağlamaz? - Azərbaycanda zorakılıq qurbanı olan kişilərin hekayələri
Azərbaycanda zorakılıq qurbanı kişilər
“Bir ata üçün ən ağır şey təkcə qızının qarşısında döyülməsi deyil, həm də övladının ona yazıq baxışlarla baxmasıdır”.
Gördüyü zorakılıq üzündən evliliyi bitən Renat Abdullayev (ad şərtidir – red.) deyir.
- Azərbaycanda məişət zorakılığına görə cəzanın sərtləşdirilməsi təklif olunur
- Azərbaycanda məişət zorakılığı: xilas yolu haradadır?
- Türkiyədə qadınları məişət zorakılığından qoruyan konvensiya ləğv edilib. Niyə və bu nə deməkdir?
Renat Abdullayev 2016-cı ildə sevdiyi qadınla evlənib. Həmin dönəmlərdə özəl müəssisələrin birində mühasib işləyən Abdullayev evləndikdən 2 il sonra işini itirib. Maddi vəziyyəti çətinləşdiyi vaxt paralel olaraq xanımı ilə də münasibətlərində kəşmekeşli dövr başlayıb.
“Keçmiş həyat yoldaşım 2018-ci ildə restoranların birində işə düzəldi. Evin maddi yükünü artıq o qarşılayırdı. Mən iş tapa bilmirdim, həm də qızım balaca olduğu üçün ona baxmaq məcburiyyətində idim. Bir müddətdən sonra artıq keçmiş həyat yoldaşımla aramızda mübahisələr başladı. Psixoloji təzyiqlə üzbəüz qaldım, “sən necə kişisən ki, evə pul gətirmisən?” cümləsini gündə 100 dəfə eşidirdim”, – Abdullayev danışır.
“Ata sən gücsüzsən ki, anam səni döyürdü?”
O, bütün mübahisələrin azyaşlı qızının gözü önündə baş verdiyini deyir:
“Qızım ana qışqırıqları içində böyüyürdü. Uşağın 4 yaşı olanda keçmiş həyat yoldaşım mənə ilk dəfə şillə vurmuşdu. Mən də ona vura bilərdim. Amma qızıma görə etmədim. Qızım anasının şilləsindən sonra məni qucaqlayıb ağlamışdı, gecə isə “ata, mama pisdir, o səni vurur” deyə anasından şikayətlənmişdi. 2 il davam edən psixoloji zorakılıq artıq fiziki zorakılıqla əvəz olunmuşdu, bu da məni övladımın gözü önündə pis vəziyyətə salmaqla yanaşı daxilən də uçuruma aparırdı”.
Renat Abdullayev məruz qaldığı zorakılıqlar barədə hələ evli ikən psixoloqla bölüşüb, amma 2-ci zərbəni də psixoloqun ona vurduğunu düşünür.
“Mən kəndli ailəsində böyümüşəm, “kişi ağlamaz”, “yumruğunu masaya vur” deyiblər daima. Amma bunlara rəğmən, övladımın xatirinə gedib psixoloqa müraciət elədim. Psixoloqa başıma gələnləri danışdım, o isə istehza ilə “sən necə kişisən” dedi. Seansın pulunu ödəyib çıxdım. Sonra sığınacaq axtardım ki, bəlkə bir yer olar, övladımla gedim ora, tapmadım onu da. Yaxın çevrəmə iş üçün müraciət edirdim, müsbət cavab almırdım, döyüldüyümü bilənlər də məni “yaxşı oğlan” saymırdı. Ondan sonra tüpürdüm bütün Azərbaycan sisteminə. Bir müddət taleyimlə barışdım”, – Abdullayev dərd yanır.
2021-ci ilin iyununda keçmiş həyat yoldaşının evi tərk edib getdiyini deyən Abdullayev əlavə edir ki, onun yenidən cəmiyyətə adaptasiya ola bilməsinə hazırki sənəti kömək olub. Renat Abdullayev rəsmi boşanmadan sonra dərzilik etməyə başlayıb.
Qızının artıq 6 yaşı var. Onun “ata sən gücsüzsən ki, anam səni döyürdü?” sualına Renat hələ də cavab verə bilmir.
“Həm cəmiyyət, həm dövlət orqanları, həm də qızım mənim döyülməyimə görə məni günahkar görürdü. Halbuki zorakılığa məruz qalan yox, bu əməli törədən şəxs günahkardır. Təəssüf ki, bu günə kimi bunu heç kim qəbul etmək istəməyib”, – o əlavə edir.
Renat Abdullayev Azərbaycanda zorakılığa məruz qalan ilk və yeganə kişi deyil. Ailədaxili zorakılıq deyəndə ilk ağıla gələn qadınlar olsa da, kişilərin də zorakılığa məruz qaldığı hallar baş verir.
Rəqəmlərin mənzərəsi
2022-ci ildə mediada həyat yoldaşı tərəfindən bıçaqlanan ən az 10 kişi barədə məlumat yayılıb.
Azərbaycanda bu və ya digər səbəbdən 2021-ci ildə 438 kişi intihar edib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ildə 331 kişi məişət zorakılığından əziyyət çəkib. 2020-ci ildə bu rəqəm 313 olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ötən ilin 1 avqust tarixində “Məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiyası” şöbəsi fəaliyyətə başlayıb. Amma bir il ötməsinə baxmayaraq, bu şöbəyə müraciət edən kişi olmayıb.
2022-ci ilin 6 ayı ərzində Ailə, Qadın, Uşaq problemləri üzrə Dövlət Komitəsinə (AQUPDK) 860 Gender əsaslı zorakılıqla bağlı Dəstək Xəttinə daxil olan 125 müraciətin 14-ü kişilərə aiddir. Bu kişilərin arasında evli olanlar da var.
AQUPDK-dən verilən açıqlamaya görə, kişilər psixoloji, fiziki və cinsi zorakılıqla, eləcə də iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqi ilə qarşılaşırlar.
“Məsələn, qadın kişinin pensiyasını əlindən alır, onun istirahətinə mane olur, psixoloji təsir göstərir və s. Hətta bəzən qoca və xəstə kişilər qadınlar tərəfindən döyülür. Təbii ki, qeyd olunanlardan əlavə məişət zorakılığı halları hər bir insanın şəxsi keyfiyyətlərinə söykənir və müxtəlif şəkillərdə özünü göstərir. Qadın tərəfindən yaşadığı mənzilə buraxılmayan, şəxsi əşyalarından istifadəsinə maneə törədilən, hədələnən, etmədiyi hərəkət ucbatından polisə şikayət edilən, uşaqlarıyla ünsiyyəti məhdudlaşdırılan kişilərin də şikayətləri quruma daxil olub”, – komitədən bildirilib.
Ötən il quruma məişət zorakılığına məruz qalmış 42 kişi müraciət edib.
“Ölkədən getməsəydim, bəlkə də intihar etmişdim”
Zorakılığa məruz qalan kişilərdən biri də Alim Tağızadədir. O, ailəsinin psixoloji zorakılığından təngə gələrək ölkəni tərk edib və hazırda xaricdə kişilər üçün sığınacaqların birində məskunlaşıb.
“Ailəm imkan olmadığı üçün məni oxutmaq istəmirdi. Özüm işləyib, kollecə qəbul olmuşdum. Maddi cəhətdən ailədən asılılığım yox idi. Sadəcə anamın mənə etdiyi psixoloji təzyiqlər – “xalqın uşağı pulsuz oxudu”, “filankəsin oğlu ayda 1000 manat maaş alır” kimi sözləri intihar həddinə çatdırmışdı məni.
Daha sonra sevgilisi ilə mübahisəmə görə məni kəmərlə döyməsi evi tərk etməyimlə nəticələndi. Bakıda sığınacaq axtardım, tapmadım, bir müddət dostumla qaldım. Sonra isə ən yaxın xarici ölkələrdən birinə köçdüm.
İndiyə kimi dəqiq ünvanımı bilmirlər, amma burada psixoloji dəstək görüb, sığınacağa yerləşməsə idim, Bakıda qalsa idim, indi özümü yəqin ki, öldürmüşdüm, – Tağızadə deyir.
“Nə atanın, nə də ananın dominant olduğu ailə uğurlu deyil”
Psixoloq Əfsanə Rüstəmova deyir ki, belə hadisələr qadınların dominant olduğu ailə tiplərində olur.
“Həmin ailədəki qadın ailəsindən, yetişdiyi mühitdən bu cür zorakılıqlar görüb və özünü güclü olmağa məcbur edib. Yəni düşünüb ki, mən döyməsəm, məni döyəcəklər.
Tərəflərdən hər hansı birinin dominant olduğu ailələrdə uşaqlar doğru tərbiyə ala bilməz. Ona görə biz nə atanın, nə də ananın dominant olduğu ailələrin daha uğurlu model olduğunu da düşünməməliyik“.
Psixoloq hesab edir ki, istər qadının, istərsə də kişinin zorakılığa məruz qalması sivil cəmiyyət üçün qüsurdur.
“Bəzən bu məsələlər məsxərəyə qoyulur. İnsanlar bəraət qazandırır ki, qadının döyülməyindənsə, qoy elə kişini döysün. Ancaq bu zarafat mövzusuna çevriləcək məsələ deyil”, – o deyir.
Sosioloq Əhməd Qəşəmoğlunun fikrincə, zorakılığa məruz qalan kişilərin sayı artanda cəmiyyətdə mənəvi aşınma yaşanır:
“Bu hallar ona görə artır ki, Azərbaycanda ailə institutu ilə bağlı lazım olan işlər indiki dövrün tələb etdiyi qaydada yerinə yetirilmir. Bir müddət xarici təşkilatlar Azərbaycanda layihələr həyata keçirdi. Qadınlara demokratiyadan, azadlıqdan danışdılar, kişilər isə yaddan çıxdı. Bu səhv metodoloji addım idi.
Bizim cəmiyyət qədimdən elə qurulub ki, kişinin kişilik qüruru olmalıdır. Dövran elə bir vəziyyət yaradıb ki, bəzi kişilərin işi-gücü yoxdur. Buna görə evdə də qadın tamamilə başqa ovqatda onun üstünə gəlir. Bu bizim ailələrdə yaranan anormal haldır.
Ailə ilə bağlı bu ölkədə siyasət dəyişməlidir. Biz gücü ona yönəltməliyik ki, bizim cəmiyyətdə normal ahəngdar ailələr olsun. Qadın və kişi bir-birini tamamlasın”.
O qeyd edir ki, ailələri əzəli funksiyalarına qaytarmaq üçün təcili çağırış, hərəkat və ya başqa nə isə etmək lazımdır. Əks halda belə kişilərin sayı ildən-ilə bir az da çoxalacaq.
Azərbaycanda kişilər üçün sığınacaqlar varmı?
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib ki, ayrıseçkilik etməmək üçün zorakılığa məruz qalan kişilər üçün xüsusi şöbə, sığınacaq yoxdur və hazırkı gündəliyə bu məsələ daxil edilməyib.
“Azərbaycanda məişət zorakılığının qarşısının alınmasına dair qanunvericilik qurbanın cins bölgüsünü aparmır və ümumi olaraq “məişət zorakılığından zərər çəkmiş şəxs” anlayışından istifadə edir, məişət zorakılığından zərər çəkmiş şəxslərə münasibətdə sosial xidmət növlərini və yardım mərkəzlərinin xidmətlərini eyni əsasda təqdim edir“, – qurumdan bildirilib.
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova hesab edir ki, ölkədə əgər kişilərin də ailədə zorakılığa məruz qalması faktıları rəsmi şəkildə açıqlanırsa, deməli, sığınacaq mövzusunda da düşünməyə dəyər.
“Ailədə arvadın kişini döyməsi elə də geniş yayılmış tendensiya deyil. Amma az olsa da, belə hallara rast gəlinir. Qadınlarla yanaşı, ailədə kişinin övladları tərəfindən döyülməsi halları da olur. Bu da zorakılıqdır və bu halla üzləşən şəxslərin müraciət edəcəyi ünvanın olması yaxşı olardı.
Amma o da məlumdur ki, mental düşüncə və stereotiplər ailədə zorakılığa məruz qalan kişilərin bunu bəyan etməsinə imkan vermir. Buna görə də sığınacaq açılacağı təqdirdə belə o sığınacağa müraciətin olub-olmayacağını dəqiq söyləmək çətindir”.
Xaricdə necədir?
Sosioloq Rəşad Əsgərov bildirir ki, Avropa ölkələrində zorakılığa məruz qalan kişilərin sayı çox olduğu üçün sığınacaq var. O qeyd edir ki, Azərbaycanda yaxın 5 ildə kişilər üçün xüsusi sığınacağa ehtiyac yoxdur.
“Bizim sığınacaqlar kişilərə və qadınlara görə bölünmür. Adətən, həbsxanalarda, islah düşərgələrində qadınlarla kişiləri ayırırlar. Sosial sığınacaqlarda kişilər də, qadınlar da, uşaqlar da yaşayırlar və onlar üçün ayrı-ayrı otaqlar təşkil olunur. Bizdə adətən övladlarının tərk etdiyi ahıl insanlar, himayədən məhrum uşaqlar sığınacağa gəlirlər”, – o deyir.
Hazırda Türkiyədə, İsveçrədə, ABŞ-da, Almaniyada, Kanadada, Niderlandda zorakılığa məruz qalan kişilər üçün xüsusi sığınacaqlar fəaliyyət göstərir.
Türkiyədə kişilər üçün sığınma evlərinin ən məşhuru Konyada yerləşir. Bura müraciət edənlərin böyük əksəriyyəti həyat yoldaşı və uşaqları tərəfindən zorakılığa məruz qalmış kişilərdir. Bir qeyri-hökumət təşkilatı tərəfindən açılan ev “zərərçəkənin cinsi olmaz” şüarını öz devizinə çevirib. Evdə eyni vaxtda 40-50 kişi sığınacaq tapa bilir. İldə isə ən azı 400-500 nəfər bura müraciət edir. Həmçinin Türkiyədə kişi sığınacaqları İstanbul və İzmirdə yerləşir. Azərbaycanda kişilər üçün isə nə özəl təşəbbüslə, nə dövlət tərəfindən yaradılmış sığınacaq yoxdur.
“Qanun zorakılıq qurbanlarını kişilərə və qadınlara bölmür”
Hüquqşünas Şamil Paşayevin sözlərinə görə, məişət zorakılığının ailədaxili məsələ olmadığı birmənalı qəbul edilməlidir.
“Azərbaycanda 2010-cu ildə qəbul edilmiş “Məşiət zorakılığı haqqında” qanun isə bu davranışları “yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə, şəxslərdən birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurması” kimi qiymətləndirir.
Qanundan da göründüyü kimi, məişət zorakılığının qurbanları təkcə qadınlar və uşaqlar deyil, eyni zamanda kişilər ola bilər. Məişət zorakılığına məruz qalan şəxslərin xəsarətinin dərəcəsindən asılı olaraq, qarşı tərəf cinayət və ya inzibati məsuliyyətə cəlb edilir”, – hüquqşünas deyib.
İnzibati Xətalar Məcəlləsinin 158-ci maddəsi xüsusiləşdirilərək, sırf məişət zorakılığının qarşısının alınması haqqında qanunvericiliyin pozulması zamanı tətbiq edilir. Bu maddəyə görə, məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqi, yəni şəxsin digərinin mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum edilməsi, iqtisadi asılılıq yaradılması, saxlanılması və bu vəziyyətdən sui-istifadə edilməsinə yönəlmiş hərəkətləri 100 manatdan 300 manatadək cərimə ilə cəzalandırılır.
Həmin maddənin ikinci bəndində isə məişət zəminində psixoloji zorakılığa, yəni şəxs tərəfindən digərinə qəsdən psixoloji təzyiq göstərilməsinə və ya dözülməz psixoloji şərait yaradılmasına yönəlmiş hərəkətlərə görə 300 manatdan 500 manatadək məbləğdə cərimə nəzərdə tutulub.
Əgər məişət zorakılığı törətmiş şəxsin əməlində cinayət tərkibi yoxdursa, lakin zərərçəkmişin hüquqları pozulubsa, həmin şəxsə eyni və ya ona oxşar hərəkətlərin təkrarlanmaması barədə yazılı xəbərdarlıq edilə, həmçinin zərərçəkmişə qısamüddətli mühafizə orderi verilə bilər.
Renat Abdullayev deyir ki, keçmiş həyat yoldaşı övladını atıb gedib, buna görə də, uşağın ehtiyaclarının qarşılanması üçün aliment ödəyir. O, gördüyü zorakılığa görə qızının anası ilə hüquq müstəvisində hesablaşmayıb, amma qadının ödədiyi alimentlə psixoloji müalicə görür.
Renat hesab edir ki, dövlət “kişi döyülməz” stereotipini qırıb, qurbanlara diqqət ayırsa, atalar övladlarının yazıq baxışına məruz qalmaz. Özü kimi zorakılığa məruz qalan kişilərə isə güclü, ağıllı və cəsur olmağı arzulayır.