Kimin adamısan?
“Hakimiyyətə yaxın müəmmalı mənbə istiqlal.az saytına məlumat verib ki, Ramazan bayramından sonra (yəni artıq bu gün) təhsil naziri, səhiyyə naziri ilə birlikdə işdən çıxarılacaq. Məqalədə bunun səbəbi də göstərilir – Prezident Administrasiyasına daxil olan çoxsaylı şikayətlər. Məlumat yoxlanılmayıb, mənbə o qədər də etibarlı görünmür, amma bir şey doğrudur: təhsil həqiqətən də bizim ağrılı yerimizdir.
Tarix
Sovet məktəblərində hər şey daha stabil idi: qara fartuklu qəhvəyi don, beş ballıq sistem, ildə bir dəfə imtahan. Doxsanıncı illər isə eksperiment dövrü oldu.
Müəllimlər uşaqlara niyə üç il əvvəl Lenin baba haqqında tamamilə fərqli şeylər danışdıqlarını başa salmalı olurdu. Bəziləri hətta üzr də istəyirdilər.
Uşaqlar yeni himn və yeni əlifbanı öyrənirdilər. Mağazalar piştaxtalara üz qabığında solğun “Ümumi dəftər yazılı axırıncı dəftərləri çxarırdı.
Məktəb forması daha yoxuydu və çox açıq-saçıq geyinən yuxarı sinif şagirdləri ilə tələbkar müəllimələr arasında mübahisələr düşürdü.
Sonra da az qala kartonda çap olunan yeni dərsliklər peyda oldu. Bəzi fənlər, misal üçün, Azərbaycan tarixi fənni üzrə dərsliklər yoxuydu. Müəllimlər yeni materialı uşaqlara yazdırmalı olurdu.
“Lisey anlayışı yarandı ki, bu da əslində “bir az daha yaxşı məktəb demək idi. Üz qabığında rəngarəng şəkillər olan türk dəftərləri peyda oldu.
Tədris prosesinin özünə gəlincə, bir neçə il ərzində sistem inersiya ilə hərəkət edir, korrupsiyaya sürüklənir, İsrail və başqa isti ölkələrə mühacirət edən kadrlarını itirirdi.
Hər şey nə vaxt dəyişməyə başladı?
“Bileti götürüb, məsələni həll etmək üçün əyləşdim. Sinifdə partaların arası ilə bir qadın – imtahan edən müəllimin assistenti var-gəl edirdi. O, yavaşca hər kəsdən “Kimin adamısan?, deyə soruşurdu. Mənə yaxınlaşanda rektorun adını verdim, inandı, bax beləcə də qəbul olundum, – Gəncə şəhər sakini danışır. Hadisə sovet hakimiyyətinin son illərinə təsadüf edir.
1992-ci ildə abituriyentləri qəbul zamanı korrupsiyadan qurtarmaq üçün ümumi test imtahanı tətbiq olunmağa başladı. Bütün ixtisaslar 4 qrupa bölünüb, hər qrupda 4 fənn üzrə test sullarını cavablamaq lazımdı. Bütün proses avtomatlaşdırılıb, yaxşı hazırlığı olan abituriyent rüşvətxorluq və ya “day-dayı olan adamların üzündən kənarda qalmayacaq.
2000-ci illərin əvvəllərində əsaslı islahatlar başlandı. Ali məktəblər üçün bu, Bolonya sisteminə inteqrasiya və kredit sistemində qiymətləndirməyə (tələbə bir semestr ərzində müxtəlif yoxlamaların nəticəsində 50 baldan 100 bala qədər toplamalıdır) keçid demək idi. Məktəblər üçün isə dərsliklərin standartlaşdırılması, beş bal əvəzinə yüz bal, yeni yoxlama sistemi və naməlum kurrikulum sözü (2007-ci il) demək idi. Təhsil Nazirliyi yeni konsepsiyanı bu cür təqdim etdi:
“Milli Kurrikulum ictimai-siyasi, mədəni və sosial həyatın qloballaşdığı və universallaşdığı, informasiya-kommunikasiya texnologiyalarının rolunun artdığı, rəqabətin gücləndiyi müasir dövrdə hər bir şəxsin istedad və qabiliyyətinin müstəsna əhəmiyyət kəsb etdiyi nəzərə alınaraq, müstəqil qərarlar qəbul etməsi üçün onun zəruri təhsil səviyyəsinə və bacarıqlara malik olmasına, cəmiyyətin inkişafının əsas hərəkətverici qüvvəsi olan insanın formalaşdırılmasına və problemlərin həllinə yönəlmişdir.
Müəllimlərə “oriyentasiyanı dəyişmək üçün on gün vaxt verdilər.
Necə olmalı idi?
Tarix fənni üzrə orta məktəb müəllimi Vaqif Abbasov kurrikulumun mahiyyətini bu cür izah edir: “Bildirilir ki, şagirlər tədqiqat prosesində iştirak etməlidir. Bu da öz-özlüyündə çox yaxşıdır. Şagirdlərin bilikləri və ən əsası da bacarıqları işlənib hazırlanan dövlət standartlarına cavab verməlidir. Misal üçün, tarix üzrə standartlardan birinə görə, şagirddə dövlətin sərhədlərini müəyyən etmək bacarığı olmalıdır. Ya da bu və ya digər hökmdarın fəaliyyətinə qiymət vermək. Yəni şagird təqdim olunan informasiyadan nəticə çıxarmağı bacarmalıdır.
Köhnə qiymətləndirmə sisteminin əksinə olaraq, gündəlikdə qiymət qoymağı ləğv etdilər. Düzdür, müəllim şagirdin fəallığı haqda dərslərdə məlumat verir, amma rəqəm şəklində deyil, tezislə: “Oxuduğu mətni nəql edir və ya “İsmin hallarını müəyyən edə bilir, bu da qiymətlərin şagirddə natamamlıq komleksinin yaradılmaması üçün edilir. İmtahan yerinə KSQ (kiçik summativ qiymətləndirmə) və BSQ (böyük summativ qiymətləndirmə) olur. KSQ dərslikdə hər növbəti fəsildən sonra, BSQ isə yarımillikdə bir dəfə olur.
Məktəblilərin valideynləri bunu bəyənmədilər: “Yarım il boyu boş-boş gəzib, sonra da BSQ-yə hazırlaşıb, 5 almaq olar, rübdə də 5 olacaq. Və əksinə, KSQ-də yaxşı çalışacaqsan, BSQ-də isə həyəcanlandın, ya da özünü pis hiss etdin, karıxdın, nəticədə də pis qiymət aldın.
“Bu heç də belə deyil, – adını açıqlamaq istəməyən Təhsil Nazirliyi işçisi izah edir. – Məhz kiçik summativ qiymətləndirmə yekun qiymətin verilməsi üçün çox vacibdir. O, düsturla hesablanır: KSQ üzrə orta qiymət 40%-ə, BSQ üzrə nəticə isə 60%-ə vurulur və yekun qiymət verilir.
Necə alındı?
Valideynlər isə bunları deyir: “Uşaqlar heç nəyi mənimsəyə bilmirlər, beyinlərində hər şey qarışıb, mövzunu iki dərs öyrənib, yeni mövzuya keçirlər, bir müddət sonra da köhnəyə yenidən qayıdırlar. Uşaqlar materialı normal yadda saxlaya bilmirlər. Bunun nəyə lazım olduğunu da anlamırlar. Sadəcə əzbərləyirlər.
Başqa bir valideyn isə deyir ki, proqramın özü çətin deyil, sadəcə hər şey baş-ayaq qoyulub: “Üstəlik də sonu görünməyən testlər! Mən özüm sualın məğzini başa düşmək üçün onu beş dəfə oxumalı oluram. Çox adam birinci sinifdən müəllim tutur ki, Rusiya dərslikləri və köhnə proqramla nəsə anlaya bilsin.
Bunu tarix müəllimi Vaqif Abasov da təsdiq edir: “Proqram ağırlaşdırılıb. Əvvəllər beşinci-altıncı siniflərdə keçiriləni indi artıq ikinci-üçüncü sinifdə keçirlər.
Ümumiyyətlə Azərbaycanda valideynlər evdə dərs deyən müəllimlərə daha erkən müraciət etməyə başlayıblar.
Sevda, üçüncü sinif şagirdinin valideyni:
“Bir dəfə uşaq bayramında başqa bir valideynlə söhbət edirdim. Oğlu əlaçıdır, evinə bütün fənlər üzrə müəllimlər gəlir. Uşaq məktəbdən gəlib, nahar edəndən sonra necə deyərlər, “məktəbin ikinci seriyası başlayır, müəllimlər onunla birlikdə ev tapşırıqlarını edir, materialı başa salırlar. Qızım deyir ki, bütün əlaçılar bu cür hazırlaşır. Bu zaman məktəbin mövqeyi bu cürdür – siz uşaqlarınızı öyrədin, biz də nəticəni yoxlayaq.
Niyə belə oldu?
Birincisi, “şagirdlərə fərdi yanaşma və s. kimi gözəl ideyaların realizəsi hər bir orta və ya ali məktəbin vicdanına bağlıdır. Misal üçün, ev tapşırıqları əvvəl olduğu kimi indi də var, KSQ-də isə müəllimlər cavab blanklarını şagirdlərin əvəzinə doldururlar. Bakının bəzi ali məktəblərində imtahanlar əvvəlki qaydada aparılır – tələbə bilet çəkir, suallar üzrə cavab verir və beş ballıq sistemlə qiymət alır, sonra isə bunu sənəd və hesabatlar üçün yüz ballıq sistemə “konversiya edirlər.
İkincisi, formal olaraq yeniliklər olsa da, bəzi təhsil müəssisələri ədəb-ərkanla namaz qılan, oruc tutan, nəzir paylayan, evində isə arvad-uşağını döyən müsəlmanı xatırladır. Yəni islahatların məğzini deyəsən axıra qədər anlamayıblar.
Nigar, 10 yaş, mərkəzdə yerləşən məktəblərdən birinin şagirdi:
“BSQ-dən əvvəl müəllim bizə deyir: “Telefonlarınız ki var? Dərsliyin şəklini çəkib, köçürün. Bu gün isə iki boş dərsimiz olub, müəllimə iş dalınca getdi, bizsə cizgi filmlərinə baxırdıq.
Firəngiz xanım, şəhərin ən köhnə ali məktəblərindən birinin müəllimi (adı dəyişdirilib):
“Dekanatda kollokvium üçün cədvəli götürüb, heç nə bilməyən tələbələrə sıfır yazıram. Onlar gələndə də nə qədər pul gətirməklərindən, kimin tapşırmasından asılı olaraq, sıfıra xətt artırıram və 6, ya da 9 alınır.
Məlum olduğu kimi, motivasiyanın olmadığı yerdə insanlar istənilən nəzarət sistemini aldada biləcək və pis işləyəcəklər.
İslahatlar yumşaq desək, xalqın sevgisini qazana bilməyən nazir Misir Mərdanovun vaxtında baş verdi. İş orasındadır ki, biliyin qiymətləndirmə üsulunun dəyişməsindən sonra nə korrupsiya, nə müəllimlərin savadsızlığı, nə dərsliklərdəki qüsurlar, nə də digər problemlər heç yerə yox olmadı. Təbii ki, bütün bunlarda da nazir günahlandırılırdı.
Qurtuluş?
Nəhayət, 2013-cü ildə yeni təhsil naziri təyin olundu. Mikayıl Cabbarov o vaxta qədər iqtisadi inkişaf nazirinin müşaviri, sonra da müavini, “İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi vəzifəsində çalışmışdı. Bir çox insanı bu təyinat sevindirdi, gənc islahatçının gəldiyini düşündülər. Yeni nazirin bir vaxtlar “Atəşgah intellektual oyunlar qrupuna başçılıq etməsi Bakı ziyalılarının xüsusilə xoşuna gəlirdi.
O vaxt Bakı “Facebookunda qızğın mübahisələr gedirdi: Cabbarov hansısa dəyişikliklər edə biləcək, ya yox? Üç il keçsə də həmin mövzuda qızğın diskussiyalar səngimək bilmir: müsbətə doğru dəyişikliklər baş verib, yoxsa əksinə, hər şey daha da pis olub? Nazirin hər bir addımı məhz bu yöndə müzakirə olunur.
- Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı işlənib hazırlanıb;
- 20 məktəb direktorunu işdən çıxarıb (cəmiyyətin aramsız alqışları altında);
- Dərs ilinin müddətini artırıb – iyunun 15-nə qədər məktəbə gedirik. Cəhənnəm istisində uşaqlarını məktəbə aparan valideynlər Cabbarova olmazın qarğışlar yağdırır;
- Ölkədə müəllimlərin 40%-nin maaşını “orta maaş səviyyəsinə qədər qaldırıb, düzdür bu, dərs yükünün 1,5 dəfə artırılması ilə müşayiət olunub;
- 14 kolleci 7 kollecdə birləşdirib;
- Bakının140 məktəbində məktəqədər hazırlıq kursları açılıb;
- Hətta ödənişli əsaslarla təhsil alan tələbələr də stipendiya almağa başlayıb;
- Dərsliklərin layihələrinin müzakirəsi üçün elektron format yaradılıb – bu dərsliklər 2017-ci ildə buraxılacaq;
- Korrupsiya faktları ilə bağlı şikayətlər üçün qaynar xətt yaradılıb.
Bütün bunları nazir öz müsahibəsində sadalayır. Həmin müsahibədə o, bütün mövcud problemlərin səbəblərindən də söz açır: insan amilindən. Məktəblilərin valideynlərindən tutmuş ali məktəb rektorlarına qədər hamı köhnə qayda ilə yaşamağa və işləməyə öyrəşib. Müəllim valideynlərdən bayram üçün 50 dollardan yığanda nazirliyə zəng edib, şikayət etmək heç kimin ağlına da gəlmir – rahatı elə həmin pulu verməkdi.
Bu gün
Vaqif Sədrəddinov isə belə düşünmür. O, valideynlərin müəllimə üçün yığılan pulla bağlı müzakirəsinin “Whats up yazışmalarını şəbəkədə yayanda, ona əvvəlcə valideynlər, sonra da məktəbin işçiləri hücum çəkdilər. Məktəbin işçiləri onu “üstünə narkotik atıb, tutduracaqları ilə hədələdilər, müəllim guya Vaqifin onu döyməsi ilə bağlı polisə şikayət etdi. Təhsil Nazirliyindən yoxlamaya gələnlər onun şikayətlərinə çox soyuq yanaşdılar, Vaqif isə inadından dönməyib, ta Prezident aparatına qədər bütün mümkün instansiyalara üz tutdu. Bundan sonra artıq nazirlikdən yoxlama aparmaq üçün nümayəndələr göndərildi və Vaqifin sözlərinə görə, onlar artıq ciddi şəkildə yoxlama aparmağa başlayıblar. İndi o, nəticəni gözləyir.
P.S. Sıfırdan 6 və 9 düzəldən həmin o Firəngiz xanım bir il əvvəl işdən çıxıb, əslində elə pensiya yaşında idi. “Kafedra müdirimiz təmiz ağını çıxarıb, – qadın deyir. – Oxuyanlardan da pul almağımızı istəyir. Mənsə belə işləyə bilmərəm, vicdanım imkan vermir.
Dərc edilib: 08.07.2016