Kim qaz verirsə o da ağadır: Moldova və Rusiya nümunəsində
Moldovanın Rumıniyadan keçən öz şəxsi qaz xətti var. Ölkə Avropa Enerji Birliyinin üzvüdür. Bununla belə Moldova yüz faiz Rusiya qazından asılı vəziyyətdədir. Bu niyə belədir?
“Qazprom”un inhisarçılığı necə başlayıb?
Moldovanın qaz bazarına 1999-cu ildə yaradılmış“Moldovaqaz” Səhmdar Cəmiyyəti nəzarət edir və nəticələr Moldova üçün çox kədərlidir.
Ölkə bazarını təbii qazla təmin edən yeganə şirkətin aksiyalarının cəmi 35,3 faizi Moldovaya qaldı, “Qazprom” isə Moldovaya təbii qaz verən yeganə şirkət oldu.
Rumıniyadan keçən qaz xətti açıqdır, amma faydasızdır
Rusiya qazından tam asılılığın yaranması çoxdandır ki, Moldova hakimiyyətini vəziyyətdən çıxış yolu axtarmağa sövq edirdi. Hələ 2010-2013-cü illərdə Moldova Rumıniyanın nəqledici şəbəkələrinə qoşulmağa başladı və Avropa Enerji Birliyinə üzv oldu.
2014-cü il avqustun 27-də Moldova Respublikasının Müstəqillik Günündə 11 km-i Moldova ərazisindən keçən 43 km uzunluqlu Yassı (Moldova)-Unqen (Rumıniya) boru-xətti böyük təntənə ilə açıldı.
Amma iki il keçsə də boru xətti hələ də boş qalır. 2017-ci ilə qədər sadəcə 1,2 milyon kub-metr rumın qazı Prut çayı vasitəsilə nəql edilib, bu isə Moldovanın illik tələbatının ancaq 0,1 faizini təşkil edir.
Problem maliyyə çatışmazlığı ilə bağlıdır: boru-xəttinin inşası işin sadəcə yarısıdır.
“Yassı-Unqen boru-xəttinin həqiqətən vəziyyətdən çıxış yolu olması üçün həm Rumıniya, həm Moldova tərəfindən böyük investisiyalara ehtiyac var”, – İnkişaf və Sosial Təşəbbüslər İnstitutunun eksperti, Energetikanın Tənzimlənməsi Milli Aentliyinin keçmiş direktoru Viktor Parlikov bildirir.
Qaz geosiyasət kimi
Moldova hakimiyyəti söz verir ki, rumın qazı ölkəyə ən gec üç il müddətində gələcək. Amma hələ ki hansı sərmayənin və haradan gələcəyi haqda məlumatlar bulanıq səslənir, adı bəlli olmayan “Avropa İttifaqının maliyyə strukturlarına” istinad edilir.
“Bizdə qışın ortasında qazın dayandırılması halları olub. Bizi qaza olan borclarımızla şantaj elədikləri vaxtlar da olub. Rusiya Federasiyasının [qaz monopoliyasından] Moldovada siyasi nəzarət aləti kimi istifadə etdiyinə əmin olmazğımız üçün çox səbəblər olub”, – Viktor Parlikov deyir.
“Rusiya Federasiyası və Ukrayna arasındakı münasibətlərin evolyusiyasından asılı olmayaraq Moldova istehlakçıları – ev təsərrüfatları və sənaye – daha təhlükəsiz və proqnoz edilə bilən alternativ təbii qaz təchizatından qazanırlar”, – Moldovanın Expert Group və Rumıniyanın Expert Forum təşkilatlarının ortaq hesabatında deyilir.
Amma yeni boru-xəttinin işə salınması özü özlüyündə Moldova üçün enerji mənbələrinin diversifikasiyası problemini həll etməyəcək. Enerji müstəqilliyi əldə etmək üçün Moldova “Qazproma” 6,5 milyard dollar ödəməlidir və Kişinyovda bu vəsaiti hardan tapacaqlarını hələ ki bilmirlər.
Ərazi bütövlüyü üçün 6,5 milyard dollar
“Moldovaqaz” şirkətinin “Qazprom” qarşısındakı borcu qeyd olunduğu kimi 6,5 milyard dollar təşkil edir, üstəlik bu məbləğin əksər hissəsi – 6 milyard dolları Pridnestrovye regionunundur.
2017-ci ilin yanvarında Moldovanın yeni seçilmiş prezidenti İqor Dodon Moskvaya səfər edib və bildirib ki, Pridnestrovyenin “qaz” borcu “Moldovanın borcunun” bir hissəsidir.
Prezidentin bu bəyanatı Moldovada həm cəmiyyət, həm hökumət tərəfindən kəskin tənqid dalğasına səbəb olub.
“Hüquqi nöqteyi-nəzərdən bu, “Moldovaqaz”ın “Qazprom” qarşısındakı şəxsi borcudur, üstəlik sonuncu “Moldovaqaz”ın ən böyük səhmdarıdır”, – İqtisadiyyat naziri Oktavian Kalmık tele-efirdə bildirib.
“Moldovaqaz” nümayəndələri bu mövzunun müzakirəsindən imtina edirlər. Odur ki, hələlik məsələ açıq hesab edilə bilər.