Kim nəyin xərcini çəkir: 2018-ci il Azərbaycan büdcəsi
“Azərbaycanın milli və dini adət-ənənələrini nəzərə alaraq, müzakirələrə dəvət olunan şəxslərə hörmətlə yanaşaq və çox da dərinə getməyək”,
– deputat Siyavuş Novruzov Azərbaycanın 2018-ci il dövlət büdcəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifova deyib.
Bu sözlər azərbaycanlıların dövlət büdcəsinə münasibətini çox gözəl ifadə edir. Heç kim nə vaxtsa dövlət büdcəsinin ölkə parlamentinin təzyiqi altında redaktə edildiyini və ya ümumiyyətlə qəbul edilmədiyini xatırlamır. Ölkənin əsas maliyyə sənədinin qəbul olunma sürəti üzrə rekordlar təzələnir. Hətta bu sənədə dəyişikliklərin edilməsi də elə sürətlə baş verir ki, cəmiyyət onların qəbulundan bir ay sonra nə baş verdiyini birtəhər anlaya bilir. Büdcənin müzakirəsi bir neçə həftədən artıq davam etmir – qanunvericiliyin tələbləri olmasaydı, yəqin bundan da tez qəbul edərdilər.
Sadə Azərbaycan vətəndaşları isə bu zaman maraqlanır: bu il onları hansı maliyyə sürprizləri gözləyir? Yeni vergilər fikirləşib tapacaqlarmı, qaz və ya işığa görə borcları siləcəklərmi? Maaşlar qalxacaqmı?
Кim daha çox pul alacaq?
Maaşlar artacaq, çünki yaşayış minimumu qalxacaq, işəgötürən isə işçiyə bu minimumdan aşağı maaş verə bilməz.
2018-ci ilə olan layihədə minimal və orta göstəricilər
Maraqlıdır ki, bu artım cari ildə 13% səviyyəsində olan inflyasiyanın nəzərə alınmasıyla əhalinin gəlirləri ilə bağlı olan göstəricilərin indeksləşdirilməsinin nəticəsidir. İllik yenidən indeksləşdirmə haqqında qanun 1992-ci ildə qəbul olunub, sonra ona moratorium qoyulub, indi isə moratorium ləğv olunub.
Maliyyə Nazirliyi 2018-ci il üçün qiymət artımının 6,1%-dən, 2019-cu ildə isə 4,3%-dən çox olmayacağını proqnozlaşdırır. Bu o deməkdir ki, nazirlik gələcəkdə sosial ödəmələri çox da artırmaq fikrində deyil.
Müəllimlər və həkimlər nə gözləsin? Müəllimlər peşəyə yararlılıq testi, necə deyərlər “diaqnostika” keçəcək. Çox güman ki, testi uğurlф keçənlər daha çox maaş alacaq – büdcədə təhsil işçilərinin maaşının 10% artırılması nəzərdə tutulub.
Həkimlərin isə keçən illə müqayisədə maaşlarının 3% azaldılması qərara alınıb. Söhbət ümumi məbləğdən gedir, ona görə məlum deyil, həkimlərin sayı azalacaq, yoxsa onlar sadəcə daha az maaş alacaqlar.
Tələbələrin stipendiyaları da ötən illə müqayisədə iki dəfədən çox azalacaq. Yenə də bu heç də o demək deyil, stipendiyaların həcmi azalacaq, ola bilsin, stipendiyanın ödənilməsinə seçimli yanaşacaqlar, məsələn, ancaq əlaçılara verəcəklər.
Nəyə görə daha çox pul ödəməli olacağıq?
Yanvarın 1-dən işsizlikdən sığorta haqqında qanun qüvvəyə minir. Yəni maaşdan tutulmalı olan sosial fond və gəlir vergisi üzrə ödəmələrə həmin bu sığorta üçün daha yarım faiz də əlavə olunacaq.
Çoxları kommunal ödənişlər haqqında xəbərləri təlaş içində gözləyir. Maliyyə Nazirliyi söz verir ki, su və elektrik enerjisinə görə qiymətlər qalxmayacaq. Qaz sual altındadır, çünki su və işıq təchizatı müəssisələri olan “Azərsu” və “Azərişıq” dövlətdən subsidiyalar alacaq, Azəriqaz isə yox. Bu da “Azəriqaz”ın öz problemlərini istehlakçıların hesabına həll edəcəyi narahatlığını doğurur.
Layihədə proqnozlaşdırılır ki, dövlət orqanları daha çox elektrik enerjisi və qaz istifadə edəcək – 1,5 dəfə elektrik enerjisi və 2 dəfə çox qaz. Bu da belə bir fikir yaradır ki, dövlət orqanları ya ötən illərə görə borclarını ödəməyə hazırlaşır, ya da onlar gələn il hansısa qeyri-adi fəallıq göstərəcəklər.
İdxal mallarına görə də daha çox pul ödənilməli olacaq, çünki Maliyyə Nazirliyi gömrük rüsumu sistemini dəyişir. İdxal olunmuş siqaret və spirtli içkilərin aksizləri demək olar ki, iki dəfə artacaq.
Hökumət büdcədəki vəsaiti daha nəyə xərcləməyi planlaşdırır?
Əvvəlkindən iki və daha artıq dəfə çox sosial ipoteka, məktəblər üçün pulsuz dərslik, vərəmlə mübarizə, teatrların və konsert zallarının ziyanının qarşılanması, lisenziya və şəxsiyyət vəsiqələrinin çapına xərclənəcək.
Milli teatrların ayaqda qalması üçün 30% daha az xərclənmək qərara alınıb, görünür əhalinin onları “manatla dəstəkləmək” iqtidarında olduğu düşünülür.
Amma ən çox “kapital sərmayələr” bəndi üzrə xərclər artacaq. Xərclər 1,5 dəfə artacaq və 7,8 milyard manat təşkil edəcək. Bu məbləğin böyük hissəsi – 4,9 milyard manat “tikinti xərcləri” kimi müəyyən olunub, nəyin tikiləcəyini isə dəqiqləşdirmirlər.
Büdcə xərclərinin təxminən 10%-i xarici borcların ödənilməsinə gedəcək.
Azərbaycan bundan əlavə qeyri-neft məhsullarının ixracına dəstək üçün 15 milyon manat xərcləyəcək – keçən il iyirmi milyon xərcləyib.
Və daha 701 milyon manat naməlum istiqamətlər üzrə iqtisadi islahatlara xərclənəcək.
Dövlət başqa necə pul qazanmağı planlaşdırır?
Görünür ki, hökumət iqtisadiyyatın qeyri-neft sektoruna o qədər də ümid etmir və tamamilə neftə güvənməyə qərar verib. Gələn il dövlət büdcəsi gəlirləri neftin barellinə görə orta hesabla 45 dollar qiymətindən çıxış edərək hesablanıb. Büdcə gəlirlərinin demək olar ki, 60%-i birbaşa neft sahəsindən gələcək.
Bundan başqa, maliyyə nazirinin sözlərinə görə, hökumət makroiqtisadi stabilliyinin təmin olunmasında və əhali arasında milli valyutaya inamın artırılmasında ilkin nəticələr əldə edib.
Gələn il büdcəni yenidən nəzərdən keçirməyə məcbur edəcək heç bir köklü dəyişikliyin olmayacağına ümid etmək qalır. Çünki bu, adətən əhali üçün heç də arzuolunmaz nəticələr vermir.