Kİlsədə yeni parçalanma?
İyunun 20-də Yunanıstanın Krit adasında Ümumpravoslav məclisi işə başlayıb. Hazırlıq işləri təxminən bir əsr çəkən məclis pravoslav dünyasını nəinki birləşdirə, hətta parçalanmanın başlanğıcı ola bilər.
Buna səbəb məclisdə iştirakdan imtina edən bir neçə kilsənin mövqeyidir. Onların arasında Gürcüstan Pravoslav Kilsəsi də var. Pravoslavlar Kritdə nə üçün toplaşıblar? Məclis hansı məqsədi daşıyır və parçalanmaya səbəb nə oldu? Bu suallara teoloq Zurab Djaşi cavab verir.
Kritdə məclis dedikdə nə başa düşülməlidir və görüşdə nə müzakirə olunacaq?
Məclisin məqsədi mövcud çağırışlar qarşısında dünyanın bütün pravoslav kilsələrini birləşdirməkdir. İyirminci əsrdən, dünya xüsusiylə sürətlə dəyişməyə başladığı vaxtdan pravoslav kilsəsi bu dəyişikliklərlə bağlı sualların cavabını axtarmağa başladı.
Məclisdə müzakirə olunan əsas sənədlərdən biri “Pravoslav kilsənin müasir dünyada missiyası adlanır. Bu sənəddə yazılıb ki, “kilsə heç bir dövrdə insana qarşı biganə olmayıb, onun qayğılarını və mövcud problemləri ilə hesablaşıb… Sənəd şəxsin ləyaqətinin, onun azadlıq və mənəvi məsuliyyətinin vacibliyini vurğulayır; pravoslav kilsəsinin missiyasını müharibə, ədalətsizlik, istənilən diskriminasiyaya qarşı çıxan, sülh və sevgi keşikçisi kimi nəzərdən keçirir. Bu sənədin qəbul olunması dinin, xüsusiylə də ənənəvi xristian konfessiyası olan pravoslav dininin fanatizmə səbəb olması, başqa dinlərin nümayəndələrinə və fərqli mənəvi əqidələrə qarşı nifrət oyatması ilə bağlı stereotiplərin dağıdılmasına xidmət edəcək. Bu sənəd əslində ali humanizm dəyərlərinin sərhədlərini genişləndirir və mənəviyyatı dərinləşdirir. Bu prinsip indiki məclisin digər praktiki məsələlərinin əsasını təşkil edir.
Misal üçün, digər xristian kilsələrinin tanınması kimi, bu günə qədər də onlara qarşı münasibətdə doqmatik xarakterli ziddiyyətlərin olmasına baxmayaraq. Bundan əlavə, pravoslavın başqa xristian kilsəsinin nümayəndəsi ilə nikahına xeyir-dua verilməsi məsələsi də vacibdir.
Gürcüstan niyə məclisdə iştirak etmir? İştirakdan daha kim imtina edib?
Gürcüstanla Rusiyadan başqa, məclisdə müxtəlif səbəblərdən Antioxiya və Bolqar kilsələri də iştirakdan imtina ediblər. Antioxiya kilsəsi Qətər ərazisində yurisdiksiyanın yayılması məsələsində Qüds kilsəsi ilə məhkəmə çəkişməsindədir. Bolqar kilsəsi isə məclisdə kilsələrin ritual və mənəvi təcrübələrinə aid olan müəyyən kilsə qaydaları ilə müəyyən edilmiş sualları nəzərdən keçirməməyi xahiş edir.
Gürcüstana gəlincə, o xüsusiylə sərt etirazla çıxış edərək, məclisdə iştirakdan imtina edib. Bu qərar bir neçə gün bundan əvvəl sinodun iclasında gözlənilmədən qəbul edilib.
Gürcüstan patriarxiyasının məclisə neqativ münasibəti orada bəzi doqmatik məsələlərin müzakirəsi ilə şərtləşir. Misal üçün, sinod pravoslav olmayan kilsələrin rəsmi şəkildə xristian adlandırılmasına qarşı çıxır. Bu məclisdə isə həmin məsələ müzakirə olunacaq. Sinodun mövqeyi ondan ibarətdir ki, ancaq pravoslav kilsəsi dinin simvolu kimi qeyd olunur. Bundan çıxış edərək, sinod pravoslav xristianı ilə pravoslav olmayan xristian arasında nikahın bağlanmasına razılıq verilməsini yolverilməz hesab edir.
Bundan başqa, sinod həm də “Gürcüstan pravoslav kilsəsinin pravoslav kilsələr siyahısında tarixən ona aid “hörmətli yerini tutmaması haqda Konstantinopol kilsə diptixi məsələsi ilə bağlı narazılığını ifadə edir.
Krit məclisində həm də məclisə qarşı müəyyən iddialar irəli sürən digər pravoslav kilsələri ilə həmrəyliyini nümayiş etdirən Rus pravoslav kilsəsi də iştirak etmir.
Gürcü pravoslav kilsəsinin demarşına Rus pravoslav kilsəsinin mövqeyi təsir etdimi?
Əlbəttə və bu ancaq məclislə bağlı hiss olunmur. Təsir müasir gürcü kilsəsinin siyasətində, hakim ideologiyanın çox böyük hissəsində hiss olunur. Anti-qərb təbliğat ədəbiyyatı məhz Rusiyadan gəlir. Krit məclisinə qarşı neqativ münasibət də məhz anti-qərb təbliğatının nəticəsi oldu: məclis liberalizm yayıcısı kimi nəzərdən keçirilir. Bu ümumi yanaşmadan başqa, gürcü kilsəsi rus kilsəsi ilə bərabər tələb edirlər ki, məclisin bütün qərarları səs çoxluğu ilə deyil, tam konsensus əsasında qəbul olunsun ki, bu da reallıqda istənilən qərarın qəbulunu mümkünsüz edir və məclisin iş qabiliyyətini iflic halına salır.
Məclisdə iştirak etməmək konkret olaraq gürcü kilsəsi üçün hansı nəticələrə gətirib çıxara bilər?
Təəssüflər olsun ki, məclisdə iştirakdan imtina etməklə biz intellektual və mənəvi cəhalətə tərəf daha bir addım atdıq. Gürcüstanda bu gün dini tolerantlıq baxımından vəziyyət o qədər də yaxşı deyil. Bunun başlıca səbəbi kilsədə ruhani və ruhani olmayan insanların pravoslav kilsə ənənələri və teologiya sahəsində elementar bilik almaq imkanının olmaması ilə bağlıdır. Mövcud dini təhsil məktəbləri kifayət qədər intellektual ehtiyatlara malik deyil.
Xüsusiylə böyük zərəri kilsədə bərqərar olunan avtoritar üsul-idarəsi yetirir. İyerarxiyada yuxarıda duran şəxsə istənilən itaətsizlik günah sayılır və kilsəyə qarşı düşmənçilik kimi qəbul edilir. Keşişlər, xüsusən də ali iyerarxlar demək olar ki, heç vaxt səhv etmirlər – bu gün hakim olan kredo belədir, bu da iyirmi əsrlik pravoslav intellektual ənənələrin mahiyyətini mənasızlaşdırır. Bundan çıxış edərək, iyerarxiya sistemi üçün məntiqi olaraq ilahiyyat təhsilinin kilsədə tətbiqi arzuolunmazdır, çünki o kilsədə din və mənəviyyat meyarlarını müəyyən edəcəkdi və deməli, iyerarxların baxışları və əməlləri dindarların tənqidi fikirləri ilə müəyyən ediləcəkdi.
Gürcü kilsəsinin bütün dünyada xüsusi ruhani missiyasına daimi olaraq diqqət çəkən və yerdə qalan pravoslav dünyası, eyni zamanda da digər xristian konfessiyaları ilə açıq şəffaf münasibətlərin inkişaf etdirilməsinə heç bir ehtiyac duymayan iyerarxlarımız məhz bu məntiqi əsas tuturlar.
Dindar adamların digər kilsələrin həyatı və düşüncə tərzini öyrənmək imkanı nə qədər az olarsa, öz kilsəsində mövcud vəziyyətə tənqidi qiymət vermək bacarığı da bir o qədər zəif, iyerarxların istəyindən asılılıq ilə bir o qədər güclü olacaq.
Niyə məclis konkret olaraq Kritdə çağırılıb?
Əvvəlcə məclisin İstanbulda, Müqəddəs İrina kilsəsində keçirilməsi planlaşdırılırdı, burada dördüncü əsrin axırlarında İkinci Ümumdünya məclisi baş tutub. Sonra isə Rus pravoslav kilsəsi patriarxiyasının xahişi ilə qərar dəyişdirildi. Bunun səbəbi siyasi xarakterli idi – Rusiya ilə Türkiyə arasındakı münasibətlər əməlli-başlı pozulub. Səbəblərin arasında həm də son zamanlar İstanbulda baş verən terror aktlarını nəzərdə tutan təhlükəsizlik problemləri də göstərilirdi.
Pravoslav dünyasında Konstantinopol patriarxı əsas sayılır?
Konstantinopol patriarxı bərabər olanlar arasında ilkin mövqeyi tutur. Roma Papasından fərqli olaraq o bütün kilsələr üçün mütləq olan qərarları təkbaşına qəbul edə bilməz. Bundan əlavə, pravoslav qanunlarına görə, o digər kilsələrin patriarxları kimi, Konstantinopol kilsəsini yalnız bütün digər yerli yepiskopların məclisi ilə razılıq əsasında idarə edir. Yəni pravoslav kilsələrdə idarəçilik sıravi dindarların iştirakını nəzərdə tutan yepiskopal prinsip əsasında həyata keçirilir.
Digər konfessiyaların nümayəndələri məclisdə iştirak edə bilər?
Digər konfessiyaların nümayəndələri ancaq nümayəndə statusunda iştirak edirlər. Bu gün məlum olub ki, Roma Papası məclisə öz nümayəndəsini göndərəcək.
Sonuncu dəfə belə bir məclis nə vaxt keçirilib, orada hansı qərarlar qəbul edilib?
Formal olaraq belə statuslu məclis keçirilməyib. Kilsə tarixinin ilk minilliyi ərzində müntəzəm xristian məclisləri Ümumdünya məclislər statusunda keçirilirdi. Hazırki məclisə Ümumdünya məclis statusu verilməyib. Bundan başqa, Ümumdünya məclislərində pastır doqmatik xarakterli məsələlər müzakirə olunur, müxtəlif dini səhvlər təkzib edilirdi. Misal üçün, Konstantinopolda 787-ci ildə baş tutan sonuncu belə məclisdə teologiyadakı ikonalar dindarın allahla mümkün əlaqəsi kimi təsdiq edilmişdir. Bu qərarın verilməsindən əvvəl bəzi Bizans imperatorlarının hakimiyyəti dövründə ikonalara qarşı kəskin neqativ münasibət varıydı.
Dərc olunub 20.06.2016