“Keşlə bazarı” sökülür, satıcılar vaxt istəyir
“Keşlə bazarı” 1 fevraldan sonra sökülməlidir
“Armud neçəyədir?”, – ortayaşlı kişi piştaxta arxasındakı ağsaqqal satıcıdan soruşur. “2,50-yə”, satıcı deyir. “2,50-lik armuda oxşamır axı”, – müştəri üz-gözünü turşudur. “Vallah, təzə armuddur. Eybi yox, 2,20-dən götür. Əşşi, lap 2 manatdan götür, axşam bazarıdır”, – yaşlı satıcı müştərini itirməməyə çalışır.
“Neynim, qızım, bir-iki günə bizi buradan çıxaracaqlar, o vaxta qədər bunları satıb qurtarmalıyam ki, qalıb çürüməsin. 1,50-dən də desəydi, satacaqdım”, – müştəri gedəndən sonra deyir.
“Keşlə bazarı” “sakinlərinə” fevralın 1-nə qədər möhlət verilib. Həmin gündən etibarən bazar sökülməyə başlamalıdır. Çünki, Bakı şəhərinin yeni Baş Planına əsasən çəkilən yeni avtomobil yolunun kəsişməsində yerləşir.
Tikintisinə 2023-cü ilin may ayında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən start verilən yeni avtomobil yolunun Həsən Əliyev küçəsindən “Koroğlu” metro stansiyasına qədər Ziya Bünyadov prospektinə paralel çəkilməsi nəzərdə tutulub.
Ötən ilin ortalarında AAYDA mətbuat xidmətindən bildirilmişdi ki, bazarın sökülüb-sökülməyəcəyi hələ bəlli deyil. Amma elə o zamandan bazarın satıcıları narahatlıq içərisində idi. Onlara nə “Keşlə bazarı”nın rəhbərliyi, nə də digər aidiyyatı qurumlar heç bir səhih məlumat vermirdi.
Dekabr ayında isə bazarın söküləcəyi elan olundu və satıcılarına yanvarın 1-dək buranı tərk etmələri deyildi. Satıcılar xəbəri hiddətlə qarşıladılar. Günlərlə yerli mediaya verdikləri müsahibələrdə özlərinə yeni yer tapmaq üçün vaxt istədiklərini, onlara bazarın söküləcəyi haqda qəfil xəbər verildiyini və deyilən vaxtda bazardan çıxarılsalar ailələrinin ehtiyac içində qalacağını deyirdilər. Satıcıların etirazı nəticəsində onlara fevralın 1-dək möhlət verildi və onların yeni bazara köçürüləcəkləri bildirildi. Yeni bazar isə Dərnəgüldə yerləşən “Eurohome” tikinti materialları bazarının ərazisində yerləşməli idi.
Satıcıların isə illərdir tikinti materiallarının satışı ilə tanınan bazarda meyvə-tərəvəz sata biləcəklərinə ümidləri azdır.
“Mənim piştaxtamın ölçüsü dörd metrdir. Amma eşitmişəm ki, o təzə bazarda metr yarım yer verəcəklər”, – satıcılardan biri – Aliyə xala deyir.
Əslən Xaçmazdan olan Aliyə xalanın 69 yaşı var. O, uzun illərdir ki, “Keşlə bazarı”nda çalışır, əsasən də alma satır. Yaşının xeyli irəliləməsinə rəğmən hər dəfə təzə məhsul almaq lazım olanda rayonlara gedib, almaları fermerlərin özündən alıb gətirir. Aliyə xala təzə yerə köçəndən sonra alverlərinin zəifləyəcəyindən narahatdır.
“Bazarın sökülməyi haqda o qədər söz-söhbət getdi ki, müştərilərin çoxu elə bilir bura çoxdan bağlanıb. Alver indidən zəifləyib. O ki qala təzə yerə köçəsi, müştərilərə oranı tanıdası. Çox çətin olacaq”, – Aliyə xala nigaranlıqla deyir.
“Bizə guya fevralın 1-nə qədər vaxt vermişdilər, amma o gün gəlib deyirlər ki, ayında 25-dən çıxın təzə yerə gedin, bazar sökülür”, – üzbəüz piştaxtaların birindən başqa qadın satıcı dillənir.
“Bazarın söküləcəyini birinci dəfə bizə deyəndə təzə yer tikiləcəyi söhbəti yox idi. Gördülər ki əl çəkmirik, danışırıq, tələb edirik, bizi susdurmaq üçün “Eurohome”da yer uydurdular. Yer verdiniz, sağ olun. Amma bizi şəhərin mərkəzindən çıxarıb, aparıb gözdən uzaq bir yerə atmağın adı nədir? Hansı müştəri durub buradan ora gələcək? Hələ təzə bazarın tikinti malları satılan yerdə olacağını demirəm. Biz orada nə təhər alverimizi quracağıq? Heç fikirləşən yoxdur. Bazarın bir təyinatı olar da. “Mall” deyil ki, bazardır ora. Sabah da gətirib maşın alveri eləyənləri yığarlar ora”, – qadın şikayətlənir.
Keşlə bazarına heç vaxt olmadığı qədər sakitlik çöküb. Müştərilər tək-tükdür. Satıcıların öz aralarında elədiyi söhbətlərin əksəriyyəti “bundan sonra necə olacaq?” narahatlığının həndəvərindən o tərəfə keçmir.
Bəzi satıcılar indidən piştaxtalarını yığışdırıb, çıxıb gediblər. Taxta yeşiklər indi səliqə ilə sıralanmayıb, eləcə bir kənara qalaqlanıb. Qalan satıcılar isə əllərindəki məhsulu satıb qurtarmağa çalışırlar.
Satıcılardan 60 yaşlı Maarif dayı 20 ilə yaxındır “Keşlə bazarı”nda işləyir. Müxtəlif bölgələrdən gələn narları satır. O köçmək üçün heç olmasa mart ayının sonunadək vaxt istəyir. Elə həmsöhbət olduğum satıcıların əksəriyyəti onunla eyni fikirdədir.
“Biz malı alanda kilo ilə almırıq axı, tonla alırıq. Heç olmasa marta, Novruz bayramından sonraya qədər vaxt verəydilər, biz də əlimizdəki malı satıb qurtarardıq da. Təzə bazara köçəndən sonra azı 2-3 ay müştəri sarıdan korluq çəkəcəyik. Asan deyil axı. İllərdir kök saldığın, müştərilərin tanıdığı, daim gedib-gəldiyi yerdən köç, sonra təzə yerdə özünə bir də müştəri yığ, pul qazan. Əgər vaxt verilməsə, əməlli ziyana düşəcəyik. Gərək bizi düşünsünlər. İnsanların çörəyinə bais olmasınlar”, – Maarif dayı deyir.
“Düz deyir vallah. Bizim yaşadığımız çətinliyi heç kim fikirləşmir”, – üzbəüz piştaxtadan Zabit dayı deyir.
Zabit dayı 22 ildir çörəyini “Keşlə bazarı”nda alma və qoz-fındıq satmaqla çıxarır. O, 3 autizmli övladını təkbaşına dolandırır. Ailəsinin tək qazanc mənbəyi də elə bu bazardakı piştaxtadır.
“Mən uşaqlarıma başa sala bilmərəm ki, niyə sizə yemək alıb gətirə bilmirəm. Zülmlə onları saxlayıram, kömək eləyən yoxdur, amma əlindən gələn işimi bir az da çətinləşdirir. Mənim uşaqlarıma normal baxmaqdan başqa istəyim yoxdur. Bu da gündəlik satdığım məhsula bağlıdır. Bazar belə tez sökülsə və köçəcəyimiz yerdə işlərimiz qaydasında getməsə, nə eləyəcəyimizi bilmirik”, – Zabit dayı deyir.
Hələlik “Keşlə bazarı”nda çalışanlara verilən möhlətin uzadılıb-uzadılmayacağı məlum deyil. Satıcılar nigaranlıq içində ayın sonunu gözləyirlər.