“Keşlə bazarı”nın sökülmə ehtimalı burada dolanan onlarla insanı nigaran qoyub
“Keşlə bazarı” söküləcəkmi?
30 ilə yaxındır Bakının Nərimanov rayonunda fəaliyyət göstərən “Keşlə bazarı” sökülmək təhlükəsilə üz-üzə qalıb. Bu da onlarla insanın işsiz qalması, yeganə qazanc imkanını itirməsi deməkdir.
May ayının əvvəlində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) açıqlayıb ki, qurum tərəfindən Həsən Əliyev küçəsindən “Koroğlu” metrostansiyasına qədər Ziya Bünyadov prospektinə paralel yeni avtomobil yolunun tikintisinə start verilir. Layihə Bakı şəhərinin yeni Baş Planına əsasən həyata keçiriləcək. Qurum yeni yol tikintisinin tıxacların azaldılmasını hədəfləndiyini bildirir. Hazırda tikinti ərazisinə düşəcək yaşayış və qeyri-yaşayış obyektlərinin ölçüləri hazırlanır.
“Keşlə bazarı” da layihənin həyata keçiriləcəyi ərazinin kəsişməsində yerləşir. AAYD-nin mətbuat xidmətindən bildirilib ki, bazarın sökülüb-sökülməyəcəyi bəlli deyil. Buna hələ qərar verilməyib. Bununla belə tikinti üçün nəzərdə tutulan ölçü işlərinin bir qismi bazarda aparılır ki, bu da oradan dolanan insanların qayğılarını xeyli artırıb. “Keşlə bazarı”nın satıcıları bu tikintinin onlar üçün yaxşı heç nə vəd etmədiyini deyirlər.
“Evimizdən çox burada vaxt keçiririk”
“Keşlə bazarı” iki hissədən ibarətdir – tam qapalı və nisbətən açıq havada yerləşən hissəsi. Burada insanlar ayaqqabı təmirindən tutmuş, toyuq-cücə satışına qədər müxtəlif yollarla qazanc əldə edirlər.
İşçilər deyir ki, buradakı yerhaqqı məbləği də digər bazarlara nisbətən daha ucuzdur. Gündə sadəcə bir neçə manat ödəməklə işlərini davam etdirə bilirlər. Bu da “Keşlə bazarı”nın satıcılarının buradan ayrılmaq istəməməklərinin əsas səbəblərindən biridir.
“Bir neçə gün olar iki nəfər əllərində metrə gəldilər, nə isə ölçüb-biçməyə başladılar. Soruşduq ki, xəbərlər düzdür, bazar doğrudan söküləcək? Dedilər ki, bilmirik, bizə də dəqiq nəsə deməyiblər. Tapşırıblar ki, ölçün, biz də ölçürük”, – bazar satıcılarından Sənubər Əliyeva deyir.
48 yaşlı Sənubər Əliyeva 17 ildir ki, həyat yoldaşı ilə birgə “Keşlə bazarı”nda işləyir. Onların piştaxtası bazarın nisbətən üstü açıq hissəsində yerləşir. Deyirlər, ailələrini buradakı balaca piştaxtada satdıqları toyuq-cücə və yumartaların hesabına dolandırırlar.
“Biz 17 ildir bu bazarı özümüzə ev bilmişik, evimizdən çox burada vaxt keçiririk. İndi onu da əlimizdən alsalar, nə edəcəyimizi bilmirik. Dörd nəvəm, üç oğlum var. Hamımız birlikdə yaşayırıq. Hərəmiz evə gətirib çıxardığımız 5-10 manatın ümidinə yaşayırıq ki, onun da əsas hissəsini bu bazardan qazanırıq”, – Sənubər piştaxtaya söykənib, aramla danışır.
“Bəs axı o gün bazar rəhbərliyindən yer haqqını almağa gələndə soruşduq, dedilər ki, narahat olmayın bazar sökülməyəcək”, – deyə, başqa bir satıcı Sənubərə sarı dillənir.
“Deyirsən, yer haqqını ödəyən vaxt desinlər ki, bazar söküləcək?”, – başqa bir satıcı yarızarafat-yarıciddi deyir.
“Bizi fikirləşən yoxdur”
“Keşlə bazarı” əvvəlki qədər canlı deyil. Görünür, bazarın söküləcəyilə bağlı söz-söhbətlər satıcılar qədər, alıcılara da təsir edib.
Qarşısından tək-tük müştəri keçən piştaxtaların arxasında oturan satıcıların bəziləri mürgüləyir, bəziləri gözünü nigaranlıqla üfüqə zilləyib. Hamının üzündə qeyri-müəyyən gələcəyin yaratdığı qorxu və stresi aydın görmək olur.
“20 ilə yaxındır ki, bu bazarda işləyirəm. Hamının gözü-könlü bir-birinə öyrəşib, buradan başqa yer tanımırıq. Bu gün bazar sökülsə, heç birimizin getməyə yeri olmayacaq. Bunu yaxşı bilirlər, amma nəzərə almırlar”, – 58 yaşlı İlham dayı deyir.
Onun sözlərinə görə, satıcıların heç birinin sığortası yoxdur. Buna görə də bazar sökülsə, onlara dəyəcək ziyanı kim ödəyəcək, ümumiyyətlə ödəyəcəklərmi, bilmir.
Hacıxanım Məmmədova da uzun illərdir bu bazarda çalışan satıcılardan biridir. 61 yaşlı qadın çox uzun müddətdir ki, bazarda əsas “gündəm”in sökülmək təhlükəsi olduğunu deyir.
“Elə 15 ildir deyirlər, bazar söküləcək. Nə istəyirlər buradan, baş açmıram. Camaat güclə evinə-eşiyinə çörək pulu aparır, ona da mane olurlar. Bizi bir tikə çörəyə möhtac qoymaq istəyirlər. Bir taksi sürücüləridir, bir də bazar satıcılarıdır ki, qalıblar naəlac, daha günümüz qara olub bizimlə bağlı verilən bəd xəbərlərdən. İmkan vermirlər ki rahat dolanaq”, – Hacıxanım Məmmədova gileylənir.
“Yeni iş yerləri açmaq əvəzinə, olanları da bağlayırlar”
Bu dəm bazar inzibatçılarından biri piştaxtaların arası ilə bizə sarı gəlməyə başlayır. Soruşur ki, burada nə edirik, niyə bazardan şəkillər çəkirik?
“Nəyi çəkəcək? Bizim güzəranımızı çəkir də. Danışmayaq ki, bura sökülsə, bilmirik neyləyək, necə dolanaq?”, – deyə, mən cavab verməyə macal tapmamış, Sədaqət xala nisbətən kənarda yerləşən piştaxtasından boylanır.
Sadəqət xalanın 62 yaşı var. Deyir ki, az qala bazar qurulandan bəri burada işləyir. Bir metrlik piştaxtasında mövsümünə görə meyvə-tərəvəz satır.
Bakının kənarında yerləşən iki otaqlı evlərində 1 qızı, 3 oğlu və onların həyat yoldaşları, 5 nəvəsilə birgə yaşayır.
“Uşaqlarımın elə imkanı yoxdur ki, ayrı evdə kirayə yaşasınlar. Qazandığımız əyin-başımıza, yeməyimizə gedir. Yeri gələndə mənə də xoş deyil səhərdən-axşama qədər burada oturmaq. Amma neyləyim, çarəm yoxdur. Bunlar da yeni iş yerləri açmaqdansa, olanı da bağlayırlar”, – deyə Sədaqət xala şikayətlənir.
O da digər satıcılar kimi bazarın sökülməyəcəyinə ümid etsə də, inamı hər gün daha da öləziyir. Amma əllərindən başqa heç nə gəlmir. Eləcə oturub, səbrlə bazarın taleyi haqda veriləcək qərarı gözləyirlər.