Keşişlə müsahibədən sonra: Ermənistanda din xadimləri saxlanılıb
Ermənistanda din xadimləri saxlanılıb
Ermənistanın mənəvi mərkəzi olan Ana Taxt Üçkilsə bildirir ki, Araqatsotn yeparxiyasına aid Saqmosavank monastırının ruhani rəhbəri ata Paren Arakelyanın saxlanılmışdır. Bir neçə din xadimi də istintaqa cəlb olunub, onların arasında Araqatsotn yeparxiyasının rəhbəri Mkrtıç Proşyan da var. Əvvəlcə mediada yeddi, daha sonra isə on din xadiminin saxlanıldığı bildirilib. Milli Təhlükəsizlik Xidməti və İstintaq Komitəsi yeparxiyanın binasında əməliyyat tədbirləri həyata keçirir.
“Maariflənmiş Vətəndaşlar İttifaqı” ictimai təşkilatının rəhbəri Daniel İonnisyan bildirib ki, prokurorluğa cinayət hadisəsi barədə məlumatı məhz o təqdim edib. Buna səbəb ruhani ata Aramın İctimai Televiziyaya verdiyi müsahibə olub. Zoqrabyan həmin müsahibədə deyib ki, “2021-ci ildə Müqəddəs Erməni Apostol Kilsəsində bir siyasi qüvvənin seçkiqabağı mitinqlərində iştirak etməyə məcburetmə halları olub”.
Ana Taxt Üçkilsənin mətbuat katibi Yesayi Artenyanın sözlərinə görə, din xadimlərinin saxlanılması hakimiyyətin “antikilsə kampaniyasının bir hissəsi” kimi qiymətləndirilməlidir.
“Biz heç bir kampaniyada iştirak etmirik. Bu, bir neçə QHT-nin, o cümlədən bizim təşkilatın təşəbbüsüdür. Mitinqdə iştirak etməyə məcbur etmə Ermənistanda cinayət hesab olunur və dövlət belə hallarla mübarizə aparmalıdır”, – deyə Daniel İonnisyan “Azatutyun” (“Azadlıq”) radiosuna müsahibəsində bildirib.
Yazı dərc olunana qədər məlum olanlar bunlardır:
- Ermənistanda hakimiyyət və kilsə arasındakı qarşıdurma güclənir: Paşinyanın proqramı
- Kompromatla şantaj, yoxsa katolikos üçün “mesaj”? Paşinyanın sosial şəbəkə paylaşımları haqqında
- Din xadiminin gündəliyi və Ermənistanda çevriliş cəhdi: İstintaq Komitəsi rəhbərindən təfərrüatlar
İstintaq Komitəsinin açıqlaması
Din xadimlərinin saxlanılması ilə bağlı İstintaq Komitəsi bildirib ki, cinayət işi üzrə ilkin istintaq çərçivəsində zəruri tədbirlər görülür.
Rəsmi açıqlamaya görə, cinayət işi “vəzifə və ya xidməti səlahiyyətlərdən istifadə etmə, yaxud yığıncağın keçirilməsinə və ya iştirakına məcbur etmək məqsədilə təsir göstərmə faktı” ilə bağlı açılıb. Məlumatda həmçinin yığıncaqlarda iştirakla bağlı maddi maraq məsələsinə də toxunulur.
Lakin qurum tərəfindən heç bir konkret məlumat və ya təfərrüat təqdim olunmayıb.
Dörd ruhaninin harada saxlanıldığı bilinmir
Vəkil Ara Zoqrabyan gün ərzində bəyanatla çıxış edərək bildirib ki, Araqatsotn yeparxiyasının rəhbəri, yepiskop Mkrtıç Proşyanın harada olduğu məlum deyil. O, İstintaq Komitəsinin onun yerləşdiyi yeri açıqlamaqdan imtina etməsinə etiraz edib.
“Əslində, bizdən həmin şəxsin, hətta qanuni əsaslarla saxlanılmış və dövlətin yurisdiksiyası altında olan şəxsin harada olduğunu gizlədirlər. O, qanunun qorumasından kənarda qalıb”, – deyə vəkil Marine Farmanyan bildirib.
Vəkillər qrupu “yüksək vəzifəli din xadiminin zorla itkin salınması” faktı ilə bağlı cinayət işi açılması üçün polisə müraciət edib.
Yazı dərc olunana qədər “saxlanılan dörd din xadiminin də harada olduğu məlum deyil” xəbəri yayılıb. Eyni zamanda, Ombudsman Aparatının müdaxiləsi nəticəsində məlum olub ki, yepiskop Mkrtıç Proşyan İstintaq Komitəsinin Mərkəzi şöbəsində saxlanılır.
Yepiskop Mkrtıç Proşyan bütün ermənilərin Katolikosu II Qareginin bacısı oğludur. O, 2001-ci ildə iyeromonax rütbəsinə təyin edilib. Daha sonra, 2010-cu ildə Katolikos onun yepiskop rütbəsinə yüksəldilməsi və Araqatsotn yeparxiyasına rəhbər təyin olunması barədə fərman imzalayıb.
Ruhanilər şahid statusunda
Din xadimlərinin vəkilləri jurnalistlərə bəzi təfərrüatları açıqlayıblar. Onların sözlərinə görə, saxlanılmadan əvvəl hüquq-mühafizə orqanları ruhanilərin evlərində və Araqatsotn yeparxiyasının binasında axtarış aparıblar.
“Yeparxiyada çalışan mülki şəxslər də saxlanılıb. Sənədlər, kompüterlər, eləcə də saxlanılan şəxsin ailə üzvlərinə məxsus kompüter və telefonlar müsadirə olunub. Baxmayaraq ki, ruhanilər məcburi qaydada istintaqa gətirilib, onlar iş üzrə şahid qismində cəlb olunublar”, – deyə vəkil Ara Zoqrabyan bildirib.
Vəkil Armine Fanyanın sözlərinə görə, saxlanılanlar istintaqçılara vəkil iştirakı olmadan suallara cavab verməyəcəklərini bildiriblər:
“Ruhanilərə çağırış vərəqələri təqdim olunub. Daha sonra onlar vəkilin iştirakı ilə dindiriləcəklər”.
Vəkillər qrupu Ana Taxt Üçkilsənin din xadimlərinin maraqlarını müdafiə etmək üçün etibarnamə aldıqlarını, lakin onların istintaq idarəsinə buraxılmadıqlarını bildirib. Bu səbəbdən onlar polisə də müraciət təqdim ediblər.
“Bu, cinayət məsuliyyəti yaradan əməldir”
“Maariflənmiş Vətəndaşlar İttifaqı” QHT-nin rəhbəri Daniel İonnisyan bildirib ki, ruhani ata Aramın müsahibəsində səslənən faktlar araşdırılmalıdır:
“İnsanları mitinqlərdə iştirak etməyə məcbur etmək, həm əvvəlki, həm də yeni Cinayət Məcəlləsinə əsasən, cinayət məsuliyyəti yaradan əməl hesab olunur. Buna görə də sentyabrın 17-də ‘Maariflənmiş Vətəndaşlar İttifaqı’ prokurorluğa cinayət hadisəsi barədə məlumat təqdim edib”.
O vurğulayıb ki, “Maariflənmiş Vətəndaşlar İttifaqı” demokratik quruluşa qarşı cinayətlə bağlı ictimai bəyanatlar səslənən bütün hallarda eyni qaydada hərəkət edir.
Eyni zamanda, QHT-dən bildirilib ki, “iddia olunan cinayət və ya onun mümkün icraçıları barədə hər hansı əlavə məlumat və ya təfərrüat” onların sərəncamında yoxdur.
Ombudsmanın təcili reaksiya qrupu İstintaq Komitəsinə yollanıb
Ombudsman Aparatı bildirib ki, din xadimlərinin saxlanılması barədə məlumat artıq media və sosial şəbəkələrdən daxil olub. Bundan əlavə, qaynar xəttə vəkillərdən biri tərəfindən zəng edilib.
“Ombudsmanın tapşırığı ilə aparatın təcili reaksiya qrupu azadlıqdan məhrum edilən şəxslərin hüquqlarının təmin olunma vəziyyəti və azadlıqdan məhrumetmənin əsasları ilə yerində tanış olmaq üçün İstintaq Komitəsinə yollanıb”, – deyə açıqlamada bildirilir.
Ermənistanda din xadimləri saxlanılıb