Keçmiş vicdan məhbusu Bayram Məmmədovun İstanbulda meyiti tapılıb
Mayın 5-ə keçən gecə İstanbulda dənizdən azərbaycanlı keçmiş siyasi məhbus Bayram Məmmədovun meyiti tapılıb. Polis gənc fəalın ölüm səbəblərini araşdırır.
- Azərbaycanda həyat neçəyədir?
- Daha üç hərbi əsir Azərbaycandan Ermənistana qayıdıb
- Bakıda tələbələrin etiraz aksiyası dağıdılıb, saxlanılanlar var
Bayram Məmmədov 2016-cı ildə Qiyas İbrahimovla birlikdə həbs edildikdən sonra tanınmışdı. Onlar eks-prezident Heydər Əliyevin doğum günü ərəfəsində heykəlinin üzərinə “Qul bayramınız mübarək” sözlərini yazmışdılar.
Bundan dərhal sonra narkotik alveri ittihamı ilə həbs olunan fəallar 10 il müddətinə azadlıqdan məhrum edilmişdilər. Bayram Məmmədov və Qiyas İbrahimov 2019-cu ildə əfv fərmanı ilə azadlığa buraxılmışdılar.
Bir neçə ay əvvəl Bayram Məmmədov təhsil məqsədilə Türkiyəyə gedib və bir neçə gün sonra Bakıya qayıtmalı idi.
Dostları onun intihar edəcəyinə inanmır.
“İstanbulda olarkən Bayramın bir gecə qonağı olmuşdum. Xeyli söhbət etdik. Avropada master təhsili üzrə proqram qazanmışdı. İstanbulda olmağının səbəbi də hazırlaşmaq idi. Hazırlıq səbəbilə sosial şəbəkələrdə hesablarını bağladığını söylədi. Ölkə üçün böyük arzuları vardı. Mükəmməl təhsil alıb Azərbaycana dönəcəyini söylədi.
Hadisənin detalları tam məlum olmasa da hökümətyönlü saytlar artıq Bayramın intihar etdiyini yazır. Nəsə intihar görüntüsü yaradırlar. Amma hələ istintaq başlamayıb.
Çölə çıxma qadağası olduğu vaxt Bayramın dəniz kənarına necə gedib catdığı məlum deyil. Hadisə baş verən sahildə azı 100 polis olur. Necə oldu, bir polis qadağa vaxtı kücəyə cıxdığı üçün saxlamadı Bayramı? Hadisənin bir şahidi belə yoxdur hələlik.
Nədir intihar məsələsini tirajlamaqda məqsəd? Dostlarla danışdım yəqin sabah detallı məlumat olacaq”, – hazırda Almaniyada yaşayan azərbaycanlı jurnalist Əfqan Muxtarlı Facebook səhifəsində yazıb.