Ermənistanda karantini yarım il də uzadıblar və fevraldan koronavirusa qarşı vaksinasiya başlayacaq
Ermənistan hökuməti koronavirusa qarşı karantin rejimini daha yarım il uzatmaq qərarına gəlib. Əvvəlki müddət yanvarın 11-də başa çatıb.
Yanvarın əvvəlindən az sayda yeni yoluxanlar qeydə alınır, amma ayın ortasından həkimlər daha yüksək rəqəmlər və hətta yoluxmanın üçüncü dalğasını gözləyirlər – insanların bayram günlərində sıx ünsiyyəti səbəbilə.
Bu fonda Ermənistan artıq yanvarın sonu – fevralın əvvəlində koronavirusa qarşı vaksin almağı planlaşdırır. Bu haqda Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzinin baş direktorunun müavini, İmmunizasiya Milli Proqramının rəhbəri Qayane Saakyan bildirib.
Üstəlik eyni zamanda dörd vaksinin alınması ilə bağlı danışıqlar gedir. Söhbət Rusiyanın Sputnik V, Amerikanın Moderna, Almaniyanın Pfizer-BioNTech və AstraZeneca İngiltərə-İsveç farmakoloji şirkətinin hazırladığı vaksindən gedir.
Vaksinasiya haqda
“Biz əhalinin 10 faizi üçün vaksin almağı planlaşdırırıq, ilkin olaraq ancaq risk qrupuna daxil olanlar üçün”, – Qayane Saakyan deyib.
Söhbət ilk növbədə xroniki xəstəlikləri olan və yaşlı insanlardan gedir.
Eyni zamanda həkimlər elan edirlər ki, son zamanlar koronavirusa yoluxma halları əsasən 55-60 və 30-35 yaş arası insanlarda qeydə alınır. Beş yaşına qədər uşaqlar və 15 yaşdan 20 yaşa qədər gənclər də yoluxur.
İndi peyvəndin gətirilməsinin tarixi ilə bağlı danışıqlar gedir. Amma artıq məlumdur ki, birinci partiya yanvarın sonunda – fevralın birinci yarısında artıq əldə olacaq, bundan dərhal sonra risk qrupuna daxil olanların vaksinasiyasına başlanılacaq.
“Hələlik aydın deyil ki, hansı vaksin bizə birinci gələcək, qeyd olunan 4 növ vaksinin alınması üzrə paralel iş gedir”, – Səhiyyə Nazirliyinin nümayəndəsi bildirib.
Rusiya istehsalı olan Sputnik V peyvəndinin kiçik partiyasını noyabrda Ermənstana səfəri zamanı Rusiya səhiyyə naziri Mixail Muraşko özü ilə gətirmişdi. İlk olaraq Ermənistanda tibb işçiləri, o cümlədən də Ermənistanın səhiyyə naziri Arsen Torosyan vaksinasiyadan keçirilib.
Yanvarın 12-də Ermənistanda koronavirusa 335 yoluxma halı təsdiqlənib, ümumilikdə yoluxanların sayı 162 643 nəfərə çatıb. 150 602 pasiyent sağalıb, 2941 nəfəri xilas etmək mümkün olmayıb, 8393 nəfərin müalicəsi davam edir.
Hökumət karantini niyə uzadıb?
Karantinin yeni müddəti 11 iyul 17.00-a qədər uzadılıb – hökumətin qərarında deyilir.
Ölkədə aşağıdakı qaydalar qüvvədə qalacaq:
- bütün ölkə ərazisində fərdi müdafiə vasitələrindən istifadə olunacaq,
- evdən çıxdığı zaman hər kəsin üzərində şəxsiyyətini təsdqiləyən sənədləri olmalıdır,
- hərbi hissələrdə ziyarət, məzuniyyət və tərxis qadağan olunub,
- islah müəssisələrində ziyarətə ancaq müəssisədə yoluxma halı yoxdursa və ziyarətçinin testi neqativ nəticə göstərdiyi halda icazə veriləcək.
Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzinin direktor müavini Nune Bakunts izah edib ki, karantinin uzadılması haqda qərar qəbul edilərkən qonşu ölkələrdə epidemioloji vəziyyətin pis olması da nəzərə alınıb:
“Bizim halımızda Ermənistanda nisbətən yaxşı epidemioloji vəziyyətə istinad edərək qərar qəbul edilib: birincisi, dünyadakı vəziyyəti nəzərə alaraq və vəziyyətin pisləşməsi riskinin yüksək potensialı nəzərə alınaraq karantin müddətinin uzadılması, ikincisi, bəzi yumşalmalara imkan verilməsi”.
Məsələn, testi mənfi nəticə gösrəmiş əcnəbilərə artıq Ermənistan ərazisinə daxil olmağa yalnız hava yolu ilə yox, həm də yerüstü keçid məntəqələrindən icazə verilir. Bundan başqa, onlar sərhəd keçid məntəqəsinin ərazisində də test verib özünütəcrid rejimində nəticəni gözləyə bilərlər.
Yeni qərara əsasən, kütləvi tədbirlərin keçirilməsinə və iştirak edənlərin sayına qoyulmuş məhdudiyyət aradan qaldırılıb. Artıq qapalı məkanlarda da mərasimlərin keçirilməsinə icazə verilir.