Kan kino festivalının əsas filmləri
Gələn həftə kino dünyasında vacib hadisə olan Kan kino festivalı başlayır. O, mayın 17-dən 28-nə qədər davam edəcək.
Festivala filmlərin seçim prosesi bir neçə mərhələdən ibarətdir. 1970-ci illərin axırlarına qədər filmləri festivala ölkələr çıxarırdı. İndi festivalın özü seçir. Bu o deməkdir ki, nümayişə namizəd ilkin şərtlərə cavab verən istənilən film ola bilər.
Beləliklə, tezliklə kimləri və nəyi görəcəyik?
1.
Açılış filmi “İsmaelin kabusları” («Les fantômes dʼIsmaël»/«Ismaelʼs Ghosts») oldu, rejissor Arno Depleşen
Bu, film haqqında filmdir. Rejissorun (Matye Amalrikin) çəkilişlərini onun, 20 il əvvəl dünyasını dəyişən keçmiş sevgilisi (Marion Kotiyar) pozur.
2.
“Gənc Qodar” («Le Redoutable»/«Redoutable»), rejissor Mişel Xazanaviçüs
Tizer bunun komediya olduğunu deyir. Rejissor “Artist” filmi ilə tanınıb. Bu, keçmişin ən məşhur fransız rejissorlarından biri olan Jan-Lük Qodarın gəncliyi haqqında hekayədir. Ssenari üçün əsas Qodarın ilham pərisi Anna Vyazemskinin xatirələri oldu.
3.
“Sevgi deyil”, rejissor Andrey Zvyaqintsev
Rus rejissoru Zvyaqintsev artıq iki dəfədir ki, Kan mükafatları alıb. Süjetin mərkəzində evli cütlük Jenya və Boris var. Evlilikləri pozulur, hər ikisi artıq özünə təzə sevgili tapıb və boşanmağa hazırlaşır. Başları özlərinə qarışıb, on iki yaşlı oğulları Alyoşanı unundurlar, o da valideynlərinin növbəti mübahisəsi zamanı itir.
4.
«Happy End», rejissor Mixael Haneke
Avstriyanın tanınmış rejissoru Mixael Haneke Avropadakı qaçqınlar haqqında film təqdim edib. Evlərinin yanında mühacirlər düşərgəsində insan faciəsinə biganə qalan varlı fransız ailəsi haqqında hekayə.
5.
“Mülayim”, rejissor Sergey Loznitsa
Ukraynalı sənədli film rejissorunun üçüncü bədii filmi. Bu, Dostoyevskinin bu günkü Rusiya reallığına köçürülən məşhur povestidir. Baş qəhrəman olan xanım rus kəndində yaşayır. Bir gün məhbus ərinə göndərdiyi bağlama onun özünə “göndərənə qaytarmaq” qeydi ilə qayıdır. Qadın heyrət içində ölkənin o biri başında olan həbsxanaya bunun səbəbini öyrənmək üçün yollanır. Həbsxana institutuna qarşı mübarizənin tarixçəsi də bundan başlayır.
6.
“Məftunluq” («The Beguiled»), rejissor Sofiya Koppola
Tənqidçilər artıq filmi “qotik kostyumlu qorxulu film” adlandırıblar. Bu, 1971-ci ildə Klint İstvudun baş rolda çəkildiyi Amerika Vətəndaş Müharibəsi haqqında filmin remeykidir. Yaralı şimallı əsgəri cənubluların ərazisində yerləşən qadın internat-məktəbində gizlədirlər. Tez bir zamanda evin sakinləri qonağa qarşı seksual maraq hiss edir və onları rəqabət ruhu bürüyür, bu da bir sıra gözlənilməz hadisələrin baş verməsinə gətirib çıxarır. Filmdə Koppolanın sevimli aktyorları oynayır – Kolin Farrel, El Fenninq, Kirsten Danst, Nikol Kidman.
7.
“Roden” («Rodin»), rejissor Jak Duayon
Film dahi heykəltəraş Oqüst Roden haqqındadır (Vensan Lindon).
Film o cümlədən Rodenin öz tələbəsi və məşuqəsi Kamilla Klodellə (İzia İjlen) münasibətləri haqqındadır.
8.
“Müqəddəs maralın qətli” («The Killing of a Sacred Deer»), rejissor Yorqos Lantimos
Kan festivalında Nikol Kidman və Kolin Farrelin iştirakıyla daha bir film. Yunan rejissoru artıq özünün qeyri-standart “Köpək dişi” və “Lobster” filmləriylə publikanı əməlli-başlı təəccübləndirə bilib. Bu filmin süjeti barədə az məlumat var: xarizmatik cərrah Stiven (Kolin Farrel) və yeniyetmə var, yeniyetmə istəyir ki, cərrah onun dağılmış ailəsini birləşdirsin. Oğlanın hərəkətləri həddini aşan zaman Stivenin ideal həyatı dağılmağa başlayır və o, ağlasığmaz güzəştə getməli olur.
9.
“Möcüzələrlə dolu dünya” («Wonderstruck»), rejissor Todd Heyns
“Köhnə zamanlar” haqqında kitabın lentə alınması. Filmin əsasında Brayan Selznikin eyniadlı romanı durur (onun başqa bir romanının əsasında Martin Skorseze “Zaman keşikçisi” filmini çəkib). Burada da zamanla oyun var: oğlan 1927-ci, qız isə 1977-ci ildəndir, paralel dünyalarda yaşayırlar, amma hansısa möcüzəli şəkildə həyatları bir-birinə bağlanır.
10.
“İşıq” («Hikari»/«Radiance»), rejissor Naomi Kavase
Məşhur yapon rejissoru görmə qabiliyyətini itirən fotoqraf haqqında həyəcanlı dram əsəri çəkib.
11.
“İkili məşuq” («Lʼamant double»), rejissor Fransua Ozon
Bu filmin triller olduğunu yazırlar, zərif qız Xloi (Marina Vakt) özünün psixoanalitiki Pola (Jeremi Renye) vurulur. Bir necə aydan sonra o, Polun evinə köçür və bu zaman da məlum olur ki, o qızdan həyatının bəzi detallarını gizlədirmiş.
12.
“Növbəti gün” («Geu-hu»/«The Day After»), rejissor Xon San Su
Koreyalı rejissor eyni vaxtda iki film təqdim edib – “Növbəti gün” əsas müsabiqədə, “Klerin fotoaparatı” müsabiqədən kənar göstərəcəklər. Hər iki filmdə onun ilham pərisi Kim Min Xi çəkilib, mətbuat onların sevgili olduğunu yazır. Süjetin detalları barədə heç bir məlumat yoxdur.
13.
“Yupiterin ayı” («Jupiterʼs Moon»), rejissor Kornel Mundrutso
Macarıstanlı rejissor qeyri-qanuni yolla Macarıstana getmək istəyən zaman güllənən və bundan sonra levitasiya bacarığına yiyələnən gənc mühacir haqqında film çəkib. Baş rollardan birini rus komediyalarının daimi aktyoru Merab Ninidze çəkilib.
14.
“Okça” («Okja»), rejissor Pon Çun Xo
Koreyalı rejissor aktyorlar Tilda Suinton, Pol Dano və Ceyk Cillenholla qəribə cild dəyişmələrini göstərəcək. Vacib bir məqam – Kann müsabiqəsində ilk dəfə “Netflix”in dəstəyi ilə yaradılmış film iştirak edir..
15.
“Sən heç vaxt burada olmamısan” («You Were Never Really Here»), rejissor Linn Remzi
Baş qəhrəman (Xoakino Feniks) – keçmişin xatirələrindən əzab çəkən müharibə veteranı qızı seksual köləlikdən azad edir. Film Conatan Eymsin romanı əsasında çəkilib. Qəddarlıq və qisas haqqında hekayə.
16.
“Heç yerdən” Aus dem Nichts»), rejissor Fatih Akın
Alman-türk rejissoru Fatih Akın Diana Krügerin baş rolda oynadığı triller çəkib. Onun həyatı bir anda və birdəfəlik dəyişir: bombanın partlaması nəticəsində əri və oğlu dünyasını dəyişir. Polis çox tez bir zamanda şübhəli şəxsləri – neonasist keçmişi olan gənc cütlüyü həbs edir. Əsl günahkarların cəzasız qalacağından narahat olan baş qəhrəman özü bu işlə məşğul olur.
17.
“Yaxşı vaxt” («Good Time»), rejissorlar Ben Safdi və Coşua Safdi
Film öz təqibçilərindən yaxa qurtara bilməyən qarətçidən (Robert Patisson) bəhs edir.
18.
“Dəqiqədə 120 döyüntü” («120 battements par minute»), rejissor Roben Kampiyo
Sərt intim hekayə. 1990-cı illərin əvvəlləri, insanlar QİÇS-dən ölür və Act Up-Paris hərəkatının fəalları ictimaiyyətin diqqətini bu problemə yönəltməyə çalışırlar. Baş rollarda fransız kinosunun gənc ulduzları Nauel Peres Biskayyart və Adel Enel çəkilib.
19.
“Mayrovits ailəsinin tarixçəsi” («The Meyerowitz Stories»), rejissor Noy Baumbax
Çoxdan dağılmış ailə Nyu-Yorkda atalarının yaradıcılıq işini qeyd etmək üçün toplaşır.
20.
“Kvadrat” («The Square»), rejissor Ruben Estlund
Dağ-xizək kurortu haqqında olan “Fors major” dramından sonra dünya tərəfindən tanınan İsveç rejissorunun ingilisdilli filmi. Muzey direktoru (Elizabet Moss) Avropa şəhərinin meydanında kvadrat şəkilli installyasiya quraşdırır, bu kvadratın sərhədləri daxilində insanlar ümumi maraqları ilə bölüşə və istədiklərini edə bilərlər.