Jurnalist Ülviyyə Əli saxlanılıb: "Artıq 20-dən çox jurnalist həbsdədir, mən də onlardan biri oldum"
“Meydan TV işi” çərçivəsində daha bir jurnalist saxlanıldı
Jurnalist Ülviyyə Əli (Quliyeva) “Meydan TV İşi” çərçivəsində mayın 7-nə keçən gecə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən zorakılıqla saxlanılıb, evində axtarış aparılıb. Redaksiyamıza yazdığı məktubda jurnalist deyir ki, “Azərbaycanı sükuta qərq etmək istəyən siyasi iradənin qarşısında bizim səsimiz hər zaman onların qulağındakı səssizliyi pozacaq”.
Ülviyyə Əli “Meydan TV işi” ilə bağlı indiyə qədər saxlanılan sayca 11-ci jurnalist oldu.
“Evə gedən ailə üzvləri və dostları evi həddən artıq dağınıq vəziyyətdə tapıblar. Pianonun altı sındırılıb. Bəzi siyirmələrin və şkafın içindəki rəflərin də qapağı qırılıb. Kitab rəfindəki bütün kitablar yerə dağıdılıb”, – bunu “JAMnews”a açıqlamasında Ülviyyə Əlinin dostu, feminist fəal Gülnara Mehdiyeva deyib.
Onun sözlərinə görə, jurnalist saxlanıldığı zaman zorakılığa məruz qalıb.
2024-cü il dekabrın 6-da “Meydan TV”-nin əməkdaşları Ramin Deko (Cəbrayılzadə), Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı saxlanılıblar. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və barələrində açılmış cinayət işi “Meydan TV işi” adlandırılmağa başlayıb.

Jurnalist Ülviyyə Quliyeva həbs olunacağı ehtimalını nəzərə alaraq redaksiyamıza bəyanat mətnli məktub göndərmişdi. Həmin məktubu olduğu kimi dərc edirik:
“Əgər siz bu yazını oxuyursunuzsa, deməli, mən şərlənərək, hüquqazidd şəkildə jurnalist fəaliyyətimə görə həbs olunmuşam. Digər jurnalist yoldaşlarım kimi mən də heç bir cinayət törətməmişəm – nə ölkəyə onların adlandırdığı “qanunsuz maliyyə” gətirmişəm, nə də başqa əməl törətmişəm. Həmçinin, “Meydan TV” ilə heç bir işgüzar bağlılığım yoxdur. Hətta belə bağlılığım olsa belə, “Meydan TV” ilə əməkdaşlıq cinayət deyil. Onu da qeyd edim ki, uzun müddət “Amerikanın Səsi” ilə əməkdaşlıq etmişəm.
Hamınıza məlumdur ki, Azərbaycan dövlətinin müstəqil mediaya qarşı heç bir dözümü qalmayıb. Bu dözümsüzlük nəticəsində artıq 20-dən çox jurnalist həbsdədir və mən də onlardan biri oldum. 2016-cı ildən bu yana göstərdiyim fəaliyyət nəticəsində hər zaman peşə etikasına sadiq qalmağa çalışmışam və dini, etnik, siyasi kimliyindən, gender və oriyentasiya mənsubiyyətindən, sosial statusundan asılı olmayaraq haqsızlığa məruz qalan hər kəsin problemlərini işıqlandırmaq üçün əlimdən gələni etmişəm. İndi də həbsdəki yoldaşlarım kimi bu fəaliyyətimi davam etdirəcəm.
Azərbaycanı sükuta qərq etmək istəyən siyasi iradənin qarşısında bizim səsimiz hər zaman onların qulağındakı səssizliyi pozacaq. Bu, mənim azadlıqda yazdığım son yazı ola bilər. Amma inanıram ki, haqlı səs heç vaxt sükuta qərq ola bilməz.
Jurnalistika cinayət deyil! Cinayətimiz – əqidəmizdir!”
Kontekst
Ülviyyə Əli 2025-ci il yanvarın 16-da Bakı Şəhər Baş Polis İdarəsində “Meydan TV işi” ilə əlaqədar dildirilib, onun ölkədən çıxışına qadağa qoyulub.
Jurnalist bu qərarla razılaşmamış və apellyasiya şikayəti vermişdi. Bu gün apellyasiya məhkəməsi keçirilməli idi.
“Meydan TV” əməkdaşları ilə yanaşı, eyni gündə vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov da həbs olunub. “Meydan TV” Ülvi Tahirovun redaksiyalarına bağlılığı olmadığını bəyan edir.
2025-ci il fevralın 5-i “arqument.az” saytının baş redaktoru, “Meydan TV” ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa), fevralın 20-də jurnalist Nurlan Libre (Qəhrəmanlı), fevralın 28-də isə jurnalist Fatimə Mövlamlı barəsində “Meydan TV” ilə əlaqəli cinayət işinə görə həbs qətimkan tədbiri seçilib.
Saxlanılan jurnalistlərin evində axtarış aparılıb, telefonları, kompüterləri və digər şəxsi əşyaları götürülüb.
Həbs olunan jurnalistlər özlərini təqsirli bilmir, “Meydan TV” bəyan edir ki, əməkdaşları tənqidçi fəaliyyətlərinə görə cəzalandırılırlar.
Hazırda oxşar ittihamlarla 30-dək jurnalist, ictimai fəal həbsdədir. Onlar ittihamı qəbul etmir, peşə fəaliyyətləri ilə əlaqələndirirlər.
Hakimiyyət təmsilçiləri isə ölkədə siyasi motivli həbslərin olmadığını deyirlər.
“Meydan TV işi” çərçivəsində daha bir jurnalist saxlanıldı