“Jurnalist Muxtarlını qaçırmaq əmrini İvanişvili verib” – həbsxanadan etiraf
Qoqaşvilinin həbsxanadan məktubu
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti rəhbərinin həbsdə olan keçmiş müavini Soso Qoqaşvili həbsxanadan növbəti məktubu dərc olunub və o, iddia edib ki, azərbaycanlı jurnalist Əfqan Muxtarlı oliqarx Bidzina İvanişvilinin sifarişi ilə Tbilisidən qaçırılıb, bundan sonra qaçırılma yerindəki müşahidə kameralarının qeydləri DTX-nin Əməliyyat-Texniki şöbəsi tərəfindən silinib.
Həmçinin, Qoqaşvilinin sözlərinə görə, Bidzina İvanişvilinin şəxsi sifarişi ilə 2017-ci ildə keçmiş daxili işlər nazirinin müavini Gela Xvedelidze “telefonda Bidzinaya söyüş söydüyünə görə” döyülüb və bu döyülmənin görüntüləri də silinib.
Soso Qoqaşvili bu gün verdiyi bəyanatda yazıb ki, onun həbsi Bidzina İvanişvilinin növbəti qanunsuz tapşırığıdır və bunu “Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Qriqol Liluaşvili və daxili işlər naziri Vaxtanq Qomelauri kor-koranə həyata keçirib”.
“İndi məsələ Şotadze [baş prokuror – JAMnews] və Çinçaladzedən [Tbilisi Apellyasiya Məhkəməsinin sədri – JAMnews] asılıdır. İşə necə yalan ifadələr tikiləcək və necə qanunsuz cəza veriləcək. Yeri gəlmişkən, qeyri-qanuni əşyaların və sənədlərin necə gətirildiyi xarici və daxili müşahidə kameraları və ailə üzvlərim tərəfindən qeydə alınıb, lakin öyrəndim ki, əvvəlki qeyri-qanuni tapşırıqlarda olduğu kimi bu dəfə də kameralar zədələnib və qeydlər Əməliyyat-Texniki şöbə tərəfindən silinib”, – deyə Qoqaşvili yazıb.
Azərbaycanlı jurnalist Əfqan Muxtarlı vətənində təqiblərə məruz qaldığı üçün 2014-cü ildə Gürcüstana köçüb. Jurnalist Azərbaycan hakimiyyətinə qarşı sərt tənqidləri ilə tanınır.
Amma 2017-ci il mayın 29-da Muxtarlı Tbilisinin mərkəzində oğurlanıb və başına torba keçirilərək Azərbaycan sərhədinə çatdırılıb.
Səhəri gün, mayın 30-da sərhədi qanunsuz keçmək, qaçaqmalçılıq və hakimiyyət nümayəndəsinə tabe olmamaq ittihamı ilə həbs olunaraq, daha sonra altı il müddətinə azadlıqdan məhrum edilib.
3 ildən sonra, 2020-ci il martın 17-də Muxtarlı gözlənilmədən azad edilib və xüsusi reyslə Almaniyaya göndərilib, onu orada 2019-cu ildən Almaniyada yaşayan ailəsi – həyat yoldaşı və qızı qarşılayıb.
Muxtarlının oğurlandığı andan beş il keçib, amma onun işi Gürcüstanda hələ də araşdırılmayıb. Gürcüstan prokurorluğu formal olaraq 143-cü maddənin birinci hissəsi ilə (qanunsuz azadlıqdan məhrumetmə) cinayət işi qaldırıb və nəhayət, 2021-ci il aprelin 21-də o, “zərərçəkmiş statusu”nda tanınıb.
Gela Xvedelidzenin döyülməsinə gəlincə, o, 2017-ci il aprelin 2-də evinin yaxınlığında hücuma məruz qalıb. Kamera görüntüləri o vaxt istintaq işinə daxil edilməyib.
Dövlət Təhlükəsizliyi Xidmətinin sabiq rəis müavininin bəyanatından sonra Əfqan Muxtarlı Facebook-da oğurlanması işi ilə bağlı Soso Qoqaşvilinin haqqında araşdırma aparılmasını tələb edən post paylaşıb.
“Soso Qoqaşvili Gürcüstan Təhlükəsizlik Xudmətinin rəis müavini olaraq mənim oğurlamağım əməliyyatının bütün detalarlndan xəbərdardı. Biz onun prokurorluqda ifadə verməsinə nail olacağıq”, – Əfqan Muxtarllı yazıb.
Onun sözlərinə görə, yaxın vaxtlarda vəkilləri Baş Prokurorluğa rəsmi vəsatət verəcək və Qoqaşvilinin dindirilməsini rəsmən tələb edəcəklər.
Azərbaycanlı jurnalist həmçinin Gürcüstan hakimiyyətini və beynəlxalq təşkilatları Soso Qoqaşvilinin müdafiəsini gücləndirməyə çağırıb, çünki “o, çox şey bilir və həbsxanada öldürülə bilər”.
Bugünkü yazısında Soso Qoqaşvili hazırkı daxili işlər naziri və Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Vaxtanq Qomelauriyə müraciət edir və ona qarşı növbəti ittihamlar səsləndirir:
“Altı il əvvəl siz qızınızın nişanlısı Amoyan və ya Şamoyanı, xatırlamıram, qaçırdınız. Ona işgəncə verib Ermənistan sərhədinə atıblar və hədələyiblər ki, qayıdıb gəlsə, üstünə silah atacaqlar, sırf sən bir kürdü ailənə buraxmaq istəmirsən deyə. Mən orada olanda sənin bütün pis işlərin mənim üstümə atılırdı. İndi bütün zibilləri yığıb, gətirmisiz mənim evimə və yenə də üstümə tökmək istəyirsiz?”
Soso Qoqaşvili iyulun 15-nə keçən gecə saxlanılıb. Onun həyat yoldaşı saxlanma anının videoyazısını paylaşıb – videoda xüsusi təyinatlıların evə daxil olması, Qoqaşvilini necə yerə yıxması və saxlaması əks olunub.
İyulun 18-də Tbilisi şəhər məhkəməsi ittiham tərəfinin mövqeyini tamamilə bölüşərək Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəis müavini Soso Qoqaşvili haqqında həbs qətimkan tədbiri seçilməsi haqda qərar verib.
İş materiallarında məxfi sənədlər və şəxsi məlumatlar olduğu üçün hakim Arsen Kalatozişvili iclası bağlı elan edib.
Keçmiş yüksək rütbəli şəxsə qarşı 3 ittiham irəli sürülüb:
- vəzifəli şəxs tərəfindən dövlətin qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan vəzifə səlahiyyətlərini aşması;
- şəxsi məlumatların qanunsuz saxlanması-qəbul edilməsi-yayılması;
- qanunsuz olaraq odlu silah əldə etmə və saxlama.
Qoqaşvili həbsindən əvvəl seçki saxtakarlığı sxemlərini qeyri-hökumət təşkilatlarına və diplomatik korpusa təhvil verdiyini iddia edib.
Artıq iyulun 21-də qeyri-hökumət təşkilatları Qoqaşvilinin təqdim etdiyi materialları ictimaiyyətə açıqlayıb. Sənədlərdə deyilir ki, araşdırma əsasında qanunsuz yollarla səslərin hakim partiyanın lehinə toplanması üçün genişmiqyaslı sxem aşkarlanıb.
Qoqaşvilinin Dövlət Təhlükəsizlik Xidmətindəki fəaliyyəti bir neçə səs-küylü işlərlə yadda qalıb. 2017-ci ildə yüksək rütbəli məmur olaraq Pankisi dərəsində 19 yaşlı Temirlan Maçalikaşvilinin öldürüldüyü xüsusi əməliyyata rəhbərlik edib.