Həbsdə olan “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağa “APA”da, fevralın 11-də onun barəsində yazılmış məqaləyə cavab verib.
Dərc olunan məktubunda Şəmşad Ağa sözügedən məqalədəki itthamları “iftira” adlandırır.
“Bu qədər absurd və gülünc iddialar yalnız Azərbaycanda uydurula bilər”, – jurnalist “APA”nın onu “Meydan TV”-nin yeni rəhbəri kimi təqdim etməsini belə şərh edir.
“APA”nın məqaləsində paylaşılan, onun Avropada yaşayan azərbaycanlı jurnalistlərlə çəkdirdiyi fotolarla bağlı jurnalist bunların ona qarşı ittihamlarda sübut kimi istifadə edilə bilməyəcəyini deyir.
“3 il öncə xaricdə təlimdə olmuşam. Hökumət mediasının yaydığı və fakt kimi sırıdığı fotolar da həmin təlimdəndir. Həmin fotoların bəzilərini də öz sosial media hesabımdan da paylaşmışam. Bunlar sanki “Amerikanı yenidən kəşf ediblər””.
Şəmşad Ağa əlavə edib ki, azadlıqda ikən həbsdə olan jurnalistlərə dəstək olmağı özü üçün “vicdan məsələsi” hesab edib.
“Meydan TV-nin əməkdaşları həbs edildikdən sonra onlara açıq dəstək vermişəm, hüquqlarını müdafiə etmişəm. Bu yazılar da rəhbəri olduğum “Arqument.az” saytında dərc olunub. Həm “toplumçular”, həm “abzasçılar”, həm də “meydançılar” bu ölkənin, xalqın haqq səsidirlər, onlara dəstək olmaq vicdan məsələsidir”.
Şəmşad Ağa günahsız olduğunu və peşə fəaliyyətinə görə həbs olunduğunu təkrar edib.
“Həbsimiz və bu sistematik repressiya dalğası siyasi qərardır. Heç bir yalan və manipulyasiya bu həbslərin siyasi motivini dəyişdirə bilməz. İfadə azadlığı müqəddəsdir və qalib gələcək! Bütün günahsız dostlarıma və həmkarlarıma azadlıq tələb edirəm!”
Xatırlatma
“Meydan TV işi” üzrə həbs olunan jurnalist Şəmşad Ağa barəsində fevralın 6-da Xətai Rayon Məhkəməsi 2 ay 1 gün müddətinə həbs qətimkan tədbiri seçib.
Jurnalist Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.
O, fevralın 5-də, gecə saat 2 radələrində polis tərəfindən saxlanılıb, və evində axtarış aparılıb. Axtarış nəticəsində jurnalistin özünə və ailə üzvlərinə aid telefonları, kompüteri, jurnalist vəsiqəsi, yaddaş kartları götürülüb.
Şəmşad Ağa ötən il iyulun 5-də “Toplum TV işi” üzrə də şahid qismində dindirilib. Jurnalist “Toplum TV”-də yayımlanan “Toplumda Debat” verilişinin aparıcısı idi.
Bu dindirmədən sonra onun ölkədən çıxışına qadağa qoyulmuşdu.