Biz buna dözməməliyik! - “Batumelebi”nin direktoru Mzia Amaqlobelinin həbsi ilə bağlı JAMnews redaksiyasının bəyanatı
JAMnews Mzia Amaqlobeliyə dəstək bəyanatı
Gürcüstanın iki populyar nəşri – “Batumelebi” və “Netgazeti”nin təsisçisi və direktoru Mzia Amaqlobeli yanvarın 12-də axşam saatlarında Batumi polis binası yaxınlığında keçirilən genişmiqyaslı etiraz aksiyası zamanı saxlanılıb.
Hökumətyönlü “İmedi” televiziya kanalının yayımladığı səssiz kadrlarda Mzia Amaqlobelinin Batumi polis rəisi İrakli Dqebuadzenin üzünə yumruq vurması görünür.
Mzia özü Xalq Müdafiəçisinin nümayəndəsinə deyib ki, bu zaman asayiş keşikçiləri onun qollarını bərk-bərk tutublar və o, əlini çəkməyə çalışıb və təsadüfən polis əməkdaşını vurub.
Hadisə polisə hücum kimi qiymətləndirilib və Mzia Amaqlobelini indi 4 ildən 7 ilə qədər həbs cəzası gözləyir. Bu, onun ittiham olunduğu Cinayət Məcəlləsinin 353-cü maddəsinin birinci hissəsində nəzərdə tutulmuş cəzadır.
İndi bu müraciəti yazarkən konteksti anlamaq vacibdir.
İctimai Müdafiəçinin hesabatına görə, hökumətin Gürcüstanın Aİ-yə üzvlük danışıqlarını dayandırdığını elan etdiyi və ölkə daxilində etirazların başladığı 28 noyabr 2024-cü ildən bəri 500-dən çox insan həbs edilib.
Bu 500-dən çox insanın demək olar ki, hər iki nəfərindən birinin bədənində fiziki zorakılıq izləri müşahidə olunub. Saxlanılanlar inanılmaz hekayələr danışırlar. Xalq müdafiəçisi də daxil olmaqla hüquq müdafiəçiləri təhlükəsizlik qüvvələrinin onlara qarşı etdiklərini işgəncə kimi qiymətləndirirlər.
70-dən çox jurnalist döyülüb, onlardan bəziləri möcüzə nəticəsində ölümdən xilas olub. Bir çox vəhşicəsinə döyülmə halları insanlar tərəfindən canlı olaraq izlənilib.
2024-cü ildə Gürcüstanda jurnalistlərə qarşı 200-ə yaxın zorakılıq hadisəsi qeydə alınıb.
Amma bu günə kimi hər hansı zorakılıq hadisəsinə görə bircə nəfər də hüquq-mühafizə orqanı əməkdaşına (!) qarşı cinayət işi açılmayıb.
Gürcüstanda məşhurlaşan hökumətyönlü aqressiv “qara geyimli adamlar” və ya “tituşka”lar Pirveli TV-nin jurnalisti Maka Çixladzeni və operator Giorgi Şetsirulini döyüblər.
Zorakılıq edənlərin heç biri tapılmayıb və cəzalandırılmayıb.
2024-cü ilin yazında “xarici agent” qanununa etirazlar zamanı fəalların və siyasətçilərin vəhşicəsinə döyülməsinə görə də heç kim cəzasına çatmayıb.
Məhkəmə Mzia Amaqlobeli barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsinə bu gün yanvarın 14-də baxacaq. Prokurorluq onun həbsdə qalması üçün vəsatət qaldırıb.
Mzianın həbsini əks etdirən görüntülərdə jurnalistin polis əməkdaşları tərəfindən kobud şəkildə aparıldığı görünür. Söyüşlər, hədələr eşidilir. Həbs olunduqdan sonra bir neçə saat ona vəkillə görüşə icazə verilməyib, bu isə tamamilə qanunsuzdur.
Jurnalist həbs olunduqdan sonra ona qarşı qəddar davranıldığını iddia edir.
Biz – JAMnews-un redaktorları və jurnalistləri çox çətin bir bölgədə işləməkdəyik. Bəzi ölkələrdə yazar və redaktorlarımız təxəllüslə işləmək məcburiyyətindədir.
Jurnalist fəaliyyətlərinə görə hökumətin təqibinə məruz qaldıqları, hər an həbs oluna və ya ölkədən qaçmağa məcbur qala biləcəkləri üçün evdə zəruri əşyalarını topladıqları bir çantanı hazır saxlayan işçilərimiz var.
Biz sadəlövhcəsinə inanırdıq ki, Gürcüstan heç vaxt bu ölkələr sırasında olmayacaq. Lakin son illər bunun belə olmadığını göstərdi.
Mzia Amaqlobelinin həbsi İvanişvili rejiminin tənqidi səsləri susdurmaq üçün hüquqi institutlardan necə istifadə etdiyinin daha bir şok nümunəsidir.
“Batumelebi” bu gün mövcud olan ən qədim gürcü media orqanlarından biridir. Nəşr 2001-ci ildə Acarıstan bölgəsində korrupsioner Aslan Abaşidzenin hakimiyyəti dövründə yaradılıb. Bu qəzet onun rejiminə qarşı mübarizə aparmağa ilk cəsarət edənlərdən biri idi.
Onilliklər ərzində qəzet təkcə Acarıstanda deyil, bütün Gürcüstanda həqiqətin səsinə çevrilib.
İndi də tarix təkrarlanır. Rejimlər dəyişir, lakin tənqidi medianın təqib edilməsi tendensiyası dəyişməz olaraq qalır.
Uzun illər “Batumelebi”nin cəsarətli, güzəştsiz reportajları ictimaiyyəti korrupsiya, qohumbazlıq və sosial ədalətsizlik haqqında məlumatlandırıb. “Batumelebi” işçilərinin həyatı və təhlükəsizliyi jurnalist fəaliyyətlərinə görə dəfələrlə riskə atılıb.
Biz – JAMnews-un əməkdaşları hesab edirik ki, yalnız birgə fəaliyyətlə azad jurnalistikanı və Gürcüstanda demokratiya şansını qoruya bilərik.
Bu vəziyyətdə beynəlxalq ictimaiyyətin, jurnalistlərin və vətəndaş cəmiyyətinin birliyi vacibdir.
Ən vacibi odur ki, biz medianın və azad sözün sıxışdırılmasına dözməməliyik.
Mzia Amaqlobeli İvanişvili rejiminin qanunsuzluğu ilə üzləşən ilk və təəssüf ki, bəlkə də sonuncu şəxs deyil. Qonşu Azərbaycanda, eləcə də Rusiya, Belarus və Mərkəzi Asiya ölkələrində olduğu kimi Gürcüstanda da belə halların statistikaya çevrilməməsi vacibdir.
Bu, təkcə konkret bir şəxsin deyil, bütün cəmiyyətin azadlığı uğrunda mübarizədir.
Jurnalist Mzia Amaqlobeli dərhal azad edilməlidir!
“Batumelebi” və “Netgazeti” ilə həmrəyik, Mzia Amaqlobeli ilə həmrəyik! Onların mübarizəsi bizim mübarizəmizdir. Bu, Gürcüstanın gələcəyi uğrunda mübarizədir.
JAMnews redaksiyası