İyulun 5-də Tbilisidə radikal qruplar tərəfindən döyülən gürcü teleoperator vəfat edib
Tbilisidə radikallar tərəfindən döyülən teleoperator Lekso Laşkarava vəfat edib
İyulun 5-də Tbilisidə homofob qruplar tərəfindən digər jurnalistlərlə birlikdə döyülən Gürcüstanın “Pirveli” telekanalının operatoru Lekso Laşkarava iyulun 11-də öz yatağında ölü tapılıb.
Gürcüstan paytaxtının küçələrində iyuıun 5-də homofob qruplar jurnalistlərə və vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı zorakılıq törədiblər. Onlar Pride Marşına mane olmağa çalışıb və sözün əsl mənasında jurnalistlərə qarşı ov təşkil ediblər. 53 nəfəri reportyor və operator olan ümumilikdə 55 nəfər xəsarət alıb və xəstəxanalıq olub.
Leksoya “Biabırçılıq” hərəkatının ofisində çəkiliş apardığı zaman hücum ediblər. Operator güclü xəsarətlər alıb, sifət sümükləri sınıb və elə həmin gün əməliyyat olunub, daha sonra müalicəsinin davamı üçün üvə buraxılıb. Həmkarlarının sözlərinə görə, iyulun 11-də səhər anası onu yataqda ölü tapıb, onun burnundan qan gəlib.
Rəsmi ölüm səbəbi hələlik açıqlanmayıb. Gürcüstan DİN-i teleoperator Aleksandr Laşkaravanın ölümü ilə bağlı “intihar həddinə çatdırma” maddəsi ilə istintaq başlayıb, müvafiq məhkəmə-tibbi ekspertizası təyin edilib. Bəyanatda həmçinin onun iyulun 5-də Tbilisi Pride tədbirinə qarşı mitinqi işıqlandırdığı zaman “Biabırçılıq” təşkilatının ofisində fiziki və sözlü təhqirlərə məruz qaldığı da qeyd olunub.
Həmin gün Lekso Laşkarava ilə birlikdə işləyən jurnalist Miranda Baqaturiya döyülmənin səhəri günü, iyulun 6-da danışıb:
“Onlar ofisə girəndə əvvəlcə mənə təpik vurdular. Sonra keşiş mənim saçlarımı yolmağa başladı və bu zaman deyirdi: “Bəlkə heç olmasa indi susarsan?” Bizim operator Lekso onu dayandırmağa çalışdı və ona deyirdi: “Sən nə edirsən, axı biz jurnalistik?!” Elə bu vaxt iyirmiyə yaxın radikal ona hücum etdi.
Biz Lekso ilə orada tamam müdafiəsiz qaldıq. Ancaq bir polis vardı və o xilas edə bilməzdi. Leksonu izdihamla amansızca döyürdülər, o, qan gölməçəsinin içində idi. Mən qışqırırdım, ağlayırdım və yalvarırdım: “Bizi öldürməyin!”. Məni də döyməyə və təpikləməyə başladılar.
Əvvəlcə onun səsini eşidirdim, sonra o susdu və mən düşündüm ki, vəssalam, onu öldürdülər”.
İyulun 8-də Lekso Laşkarava və Miranda Baqaturiyaya qarşı zorakılığa görə iki nəfər həbs edilib, onlar ilkin həbs müddətindədirlər, istintaq gedir.
- Tbilisidə iki paralel aksiya zamanı yüzdən çox ultra-sağçı saxlanılıb
- Tbilisidə Pride tərəfdarlarının və jurnalistlərin döyülməsi nə deməkdir? Analiz və fotoreportaj
- Tbilisidə polis qarşı-qarşıya gələn iki etiraz aksiyasını ayırmağa çalışır
İyulun 5-də Tbilisidə əsas Rustaveli prospektində Pride Həftəsinin yekun tədbiri olan Ləyaqət Marşı keçirilməli idi. Amma bunun əvəzinə bütün günü prospektdə radikal homofob və ultra-sağ qrupların görünməmiş zorakılıqları yaşandı.
Bir neçə saat ərzində daşlarla və dəyənəklərlə silahlanmış yüzlərlə radikal jurnalistləri və vətəndaş cəmiyyəti fəallarını döyüb. Onlar Tbilisinin müxtəlif yerlərindən yürüşlə keçir, qeyri-hökumət təşkilatlarının ofislərində axtarış aparır, dağıdır və talan edirdilər, LGBT bayraqlarını yandırırdılar.
Avropa İttifaqının bayrağı da nümayişkaranə şəkildə yandırılıb.
55 nəfər, o cümlədən də 53 jurnalist bu iğtişaşlardan sonra xəstəxanalıq olub. Homofob qruplar isə bundan sonra parlament qarşısında bayram təşkil edib, rəqs ediblər.
Jurnalistlər və ekspertlər bildirirlər ki, iyulun 5-də baş verən zorakılığın təşəbbüskarı Gürcüstan Patriarxlığı, təhrikçisi isə hökumət olub. “Bu hadisələr vətəndaş cəmiyyətinə, demokratiyaya və Avropa dəyərlərinə qarşı müharibə kimi təsbit edilməlidir”, – qeyri-hökumət təşkilatları və jurnalist qurumları bəyan edib.
Hazırlı mərhələdə iş üzrə 25 nəfər, o cümlədən də 19 jurnlaist və kinooperator zərərçəkmiş qismində qeyd olunub. İndiyə qədər 13 nəfər saxlanılıb.