İyul gərginliyi danışıqlar prosesini “dondurub”. Ermənistanlı ekspertlər Azərbaycanla sərhəddəki hadisələr haqda
Ermənistan-Azərbaycan sərhədində 12-16 iyulda yaşanan ciddi gərginlikdən sonra vəziyyət stabilləşib. Qoşunların təmas xəttində atəşkəs rejiminin pozulması Qarabağda da adətən olduğundan daha çox baş vermir. Amma hazırkı vəziyyəti hətta həssas sülh də adlandırmaq çətindir. Tərəflərdən birinin sərhəddə azca fəallaşması bəsdir, “barıt çəlləyi” istənilən an od ala bilər.
Niyə eskalasiya Qarabağda yox, Ermənistan-Azərbaycan sərhədində baş verdi? Bu, danışıqlar prosesinə necə təsir etdi və hazırkı şərtlərdə danışıqlar mümkündürmü? Gərginləşmədə rəsmi Ankara hansı rolu oynayıb?
JAMnews-un suallarına Dağlıq Qarabağ prezidentinin müşaviri David Babayan və siyasi şərhçi Hakop Badalyan cavablayıb.
• Ermənistan Azərbaycanla münaqişəyə Rusiyanın cəlb olunmasına ümid etmir
Sərhəddə qulaq batıran sükut
Sərhəddə yerləşən Ermənistan vilayəti və Azərbaycan rayonunun adı ilə eyni zamanda həm “Tavuş”, həm də “Tovuz” toqquşmaları adlanan iyul hadisələri 2016-cı il dördgünlük aprel müharibəsindən sonra ən qanlı toqquşma olub.
Düzdür, o vaxt hərbi əməliyyatlar Qarabağda təmas xəttində daha fəal idi. Ermənistan və Azərbaycan arasındakı sərhəddə isə belə ciddi hərbi əməliyyatlar uzun illər əvvəl – Qarabağ müharibəsinin aktiv fazası zamanı (1991-1994-cü illərdə) baş verib.
Rəsmi məlumata görə iyul gərginləşməsi zamanı Ermənistan 5 hərbçisini itirib, Azərbaycan 12 hərbçinin həlak olduğu haqda bildirib.
Tərəflər çox sayda hərbi texnikanın məhv edildiyi haqda məlumat verib. Ermənistanın Müdafiə Nazirliyi Azərbaycanın vurulmuş pilotsuz uçuş aparatlarının sərgisini d təşkil edib.
İndi bütün lokal qaynar nöqtələrdə vəziyyət stabilləşib. Atəş eşidilir, amma bu yerlərdə adət edilən normanı aşmır. Hərbi qarşıdurmadan sonra Yerevan və Bakı bəyanatlar səviyyəsində “atışmaya” keçiblər.
Amma əsas sual – niyə məhz Ermənistanın şimal-şərqi eskalasiya mərkəzinə çevrilib – hələ cavablanmayıb. Siyasi şərhçi Hakop Badalyan xatırladır ki, bu, sərhədin həmin hissəsində ilk qarşıdurma deyil. Daha kiçik miqyasda olsa da, 2014-2015-ci illərdə burada döyüşlər gedib. Hazırkı hadiisələri ekspert geosiyasi proseslərlə və Türkiyənin Azərbaycan vasitəsilə Rusiyaya təsir etmək cəhdi ilə əlaqələndirir:
“Söhbət Ermənistan-Azərbaycan sərhədindən getdiyi zaman Türkiyənin Azərbaycan vasitəsilə həll etməyə çalışdığı Rusiya ilə bağlı problemi axtarmaq lazımdır. Və bu dəfə bu planda biz müxtəlif tərəflərin misilsiz müdaxiləsini gördük”.
Vəziyyətin gərginləşməsində Türkiyənin rolunu DQ prezidentinin müşaviri David Babayan da görür:
“Türkiyənin bilavasitə iştirakı olmadan heç bir toqquşma, heç bir lokal müharibə baş verməyib. Biz Azərbaycanda hansı hərbi təlimlərin keçirildiyini görürük. Təlimlərin avqustda da nəzərdə tutulduğu elan olunub. Bütün bunlar Tavuş hadisələrinin davamıdır”.
Türkiyənin presedentsiz ritorikası
Iyulun 12-də atışma başlayandan və vəziyyət gərginləşəndən dərhal sonra rəsmi Ankara müxtəlif səviyyələrdə sərt bəyanatlarla çıxış etdi. Türkiyə Təhlükəsizlik Şurası bəyanat səsləndirdi və bildirdi ki, “Ermənistan öz təcavüzkar mövqeyindən çəkinməli və Azərbaycanın işğal altında olan torpaqlarını tərk etməlidir. Qardaş Azərbaycan xalqının öz ədalətli mübarizəsində verəcəyi istənilən qərarı Türkiyə dəstəkləyəcək”.
Ölkənin müdafiə naziri Hulusi Akar daha da uzağa gedib və bildirib ki, Türkiyə və onun ordusu Azərbaycanı tam dəstəkləməyə hazırdır. Yerevanda bu, birbaşa təhdid kimi qəbul edilib. Ermənistanın baş naziri bəyan edib ki, Azərbaycanı münaqişəyə üçüncü tərəf təhrik edib və bu Türkiyə olub.
Niyə ən azı neytrallıq görüntüsü yaratmağa çalışan Ankara niyə indi Bakını tam dəstəkləməyə və Yerevanı kəskin tənqid etməyə başlayıb? Hakop Badalyan Türkiyənin bu reaksiyasını presedentsiz, amma Ermənistan hakimiyyəti üçün gözlənilən adlandırır.
“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının [Rusiyanın liderliyi ilə fəaliyyət göstərən, Ermənistanın da daxil olduğu hərbi blok – JAMnews] məsuliyyət zonasıdır. Baş verənləri də məhz Rusiya-Türkiyə münasibətləri kontekstində nəzərdən keçirmək lazımdır”.
Ekspert qeyd edir ki, 2020-ci ilin əvvəlindən Rusiya-Türkiyə münasibətləri çox gərgindir. Əsasən də Suriya və Liviyada tərəflər açıq şəkildə bir-birilə toqquşublar:
“Yerevanın vəzifəsi ölkə ərazisinin müxtəlif ölkələr arasında münasibətlərini ayırd etmək erenasına çevrilməsinə imkan verməməkdir”.
Bu vəziyyətdə Ermənistan öz sərhədlərinin bilavasitə yaxınlığında Azərbaycan və Türkiyə silahlı qüvvələrinin birgə genişmiqyaslı hərbi təlimlər keçirməsini qınayıb. Ölkə XİN-i bu təlimləri provokativ adlandırıb.
“Bu, Azərbaycan rəhbərliyinin öz provokativ əməlləri ilə vəziyyətin yumşaldılması və sülh danışıqlarının bərpası üçün beynəlxalq vasitəçilərin göstərdiyi səylərə qarşı çıxır və bununla da bundan sonra stabilliyin pozulmasına görə bütün məsuliyyəti öz üzərinə götürür”.
David Babayan hesab edir ki, bu təlimlər Ermənistan üçün birbaşa təhdiddir:
“İstəilən bu cür təlimin hədəfi var. Hazırda bu hədəf Ermənistandır. Hər il iştirak edən kontingentin sayı və silahların keyfiyyəti artır”.
Babayan hesab edir ki, Ermənistan müstəqil şəkildə öz təhlükəsizliyini tam təmin edə bilməz:
“Bunu heç bir ölkə edə bilməz. Buna görə də hərbi ittifaqlar yaranır. Ermənistan öz mövqelərini möhkəmləndirməli və öz müttəfiqləri ilə əməkdaşlıqlarını dərinləşdirməlidir”.
Türkiyə ATƏT-in Minsk Qrupunun üzvüdür və son illərdə Qarabağ münaqişəsinin nizamlanması məsələsində daha fəal iştirak edə bilmək üçün səy göstərir. Yerevan danışıqların üç ölkənin: Rusiya, ABŞ və Fransanın həmsədrliyi ilə Minsk Qrupu formatından başqa heç bir formatı mümkün saymır.
İyul hadisələri danışıqları “dondurdu”
Ermənistan-Azərbaycan sərhədində eskalasiya yalnız insan itkisinə səbəb olmadı, euni zamanda danışıqlar prosesinə güclü zərbə endirdi. Mahiyyət etibarilə, 2016-cı ildən sonra Qarabağ üzrə danışıqlar elə də tammiqyaslı rejimə qayıtmadı. Tərəflər XİN rəhbərləri və ölkə başçıları səviyyəsində görüşüblər, amma hər hansı sənəd bir yana, heç nizamlama prinsipləri də müzakirə olunmayıb.
ATƏT-in Minsk Qrupunun həmsədrləri münaqişə tərəflərini mümkün qədər tez bir zamanda danışıqlar masası arxasına oturmağa çağırıblar, amma bunun nə zaman baş tutacağı aydın deyil:
“İndi münaqişənin nizamlanması ətrafında hər hansı müzakirəni gözləmək mənasızdır. Amma nizamlama deyəndə hansısa so nəticəni anlamaq lazım deyil. Tərəflər daban-dabana zidd olan mövqelərə sahibdirlər. Və konsensusun əldə olunacağını güman etmək çox çətindir. De-fakto münaqişə bizim üçün həll olunub. Status-kvonun qorunması da problemin mümkün həll variantlarından biridir”.
Material müəllifinin təklif etdiyi terminlər, toponimlər, fikirlər və ideyalar onun şəxsinə aiddir və JAMnews- un və ya onun ayrı-ayrı əməkdaşlarının fikirləri və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materialların altında yazılan və təhqir, təhdid, zorakılığa çağırış və ya başqa səbəblərdən etnik narazılıq doğuran kimi dəyərləndirilən şərhləri silmək haqqını öz üzərində saxlayır