İvanişvili sanksiyalarla hədələnirmi və bu, Gürcüstanda nəyi dəyişəcək?
İvanişviliyə qarşı sanksiyalar
İyunun 8-də Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edərək, Aİ-yə üzv dövlətləri Gürcüstanın qeyri-rəsmi hökmdarı Bidzina İvanişviliyə qarşı fərdi sanksiyalar tətbiq etməyə çağırıb.
JAMnews bu məsələ ilə bağlı əsas sualları və qiymətləndirmələri toplayıb.
Yoxsa artıq İvanişviliyə qarşı sanksiyalar tətbiq edilib?
Yox. Avropa Parlamentinin qətnaməsindəki bu qeyd İvanişviliyə qarşı sanksiyaların tətbiq olunduğu anlamına gəlmir. Sanksiya tətbiq etmək Avropa Parlamentinin səlahiyyətinə aid deyil. Avropa Parlamenti öz mandatı çərçivəsində Gürcüstandakı vəziyyəti öyrənib, ona sərt qiymət verib və bu vəziyyətdən çıxış edərək, Avropa liderlərini Gürcüstandakı vəziyyətə cavabdeh olan əsas şəxsə qarşı sanksiyalar tətbiq etməyə çağırıb.
-
Avropa Parlamentinin 8 iyun qətnaməsində nə yazılıb
İyunun 8-də Avropa Parlamenti beş siyasi qrupun təşəbbüsü ilə Gürcüstanda media azadlığı və jurnalistlərin təhlükəsizliyinin pozulması ilə bağlı qətnamə qəbul edib.
Qətnamədə bildirilir ki, son illər Gürcüstanda media və jurnalistlərin təhlükəsizliyi baxımından vəziyyət xeyli pisləşib.
Qətnamədə jurnalistlərə qarşı artan hədə-qorxu, təhdid, zorakılıq və təqib halları pislənir.
Avropa Parlamenti Gürcüstan hakimiyyətini müxalif “Mtavari” telekanalının direktoru Nika Qvaramiya haqqında hökmə yenidən baxmağa çağırır. Həmçinin eks-prezident Mixail Saakaşvilinin müalicəyə buraxılmasını tələb edilir.
Eyni zamanda, Avropa Parlamenti Gürcüstana Aİ-yə namizəd statusunun verilməsini dəstəkləyir və Aİ institutlarını Gürcüstan hökumətinin bütün meyarlara cavab verməsi şərti ilə Aİ Müqaviləsinin 49-cu maddəsinə uyğun olaraq Gürcüstana bu statusun verilməsi istiqamətində işləməyə təşviq edir.
Eyni qətnamə Bidzina İvanişviliyə də aiddir. Avropa Parlamenti Avropa Şurasını və onun demokratik tərəfdaşlarını Bidzina İvanişviliyə qarşı fərdi sanksiyaların tətbiqini nəzərdən keçirməyə çağırır.
Bu tövsiyənin real işləməsi üçün Aİ Şurasının razılığı lazımdır. Sanksiyalar yalnız Aİ-yə üzv dövlətlərin icra hakimiyyətinin nümayəndələrinin (hökumət başçıları və ya nazirlərin) daxil olduğu Avropa İttifaqı Şurası tərəfindən tətbiq edilə bilər. Avropa İttifaqı Şurasının üzvləri “lehinə” səs versə, sanksiyalar müəyyən prosedurlardan sonra qüvvəyə minəcək. Bununla belə, hansı sanksiyaların olacağı və onların İvanişvili ailəsinin üzvlərinə təsir edib-etməyəcəyi hələ də bəlli deyil.
Sanksiyalar tətbiq olunmasa, nə dəyişəcək?
Avropa Parlamentinin qəbul etdiyi qətnamə bir neçə səbəbdən çox mühüm sənəddir.
İvanişviliyə qarşı sanksiyalar haqda ilk dəfə belə yüksək tribunadan səslənib. Avropa Parlamentinin tövsiyəsi o deməkdir ki, İvanişviliyə qarşı mümkün sanksiyalar məsələsi artıq tabu deyil və bu, sonrakı müzakirə mövzusudur.
- Avropa Parlamenti Gürcüstana Aİ üzvlüyünə namizəd statusunun verilməsini dəstəkləyib
- “Siyasi iradə yoxdur”. Gürcüstan Rusiyaya qarşı sanksiyalara qoşulubmu?
- Düşmən deyillər. Gürcüstan Rusiya və Belarus köçkünlərini necə qarşılayır?
Bundan əlavə, Avropa Parlamentinin qətnaməsində sanksiyaların qeyd olunması biznesmen üçün ciddi reputasiyaya xələl gətirir. Çox güman ki, gözlənilən sanksiyalara məruz qalan şəxsə banklar və ya beynəlxalq şirkətlər tərəfindən əlavə risk kateqoriyası veriləcək. Bu o deməkdir ki, İvanişvilinin biznes fəaliyyətini həyata keçirməsi daha çətin olacaq və əməliyyatları dayandırmalı, yaxud gecikdirməli və s. olacaq.
Avropa Parlamentindəki dosyenin İvanişvili üçün problem olduğunu onun vəkili Viktor Kipiani də təsdiqləyir.
İvanişvilinin biznes imperiyası Ukraynada müharibə başlayandan dərhal sonra problemlə üzləşdi – Kipiani İmedi TV-yə deyib:
“Fevralın 24-də bu məlum hadisələr [Ukraynadakı müharibə] başlayır və martın 4-dən bizim işimizə süni əngəllər qoyulur”, – o deyib.
Kipiani deyir ki, İvanişviliyə yaradılan əngəllər “Şərqi Avropada gedən geosiyasi proseslərlə” bağlıdır.
Bu sənədin ardınca “Gürcü arzusu” komandasıdan gələn fırtınalı reaksiya da qətnamənin əhəmiyyətindən xəbər verir.
Hakimiyyət aydın qiymətləndirmələrdən və avropalı tərəfdaşlarla açıq qarşıdurmadan çəkinmir.
Hakim partiyanın sədri İrakli Kobaxidze Avropa Parlamentinin qətnaməsi ilə bağlı bildirib ki, bu, “feyklərin nəticəsidir” və qiyməti “saman dəyərinədir”.
Parlamentin vitse-spikeri Arçil Talakvadze bildirib ki, qətnamə ədalətdən məhrumdur və təhrif olunmuş faktlardan ibarətdir.
Deputat Dmitri Xundadze hesab edir ki, Gürcüstan qətnamədə sadalanan ədalətsiz şərtlərlə bu statusu alsa, Aİ üzvlüyünə namizəd olmaqdan ümumiyyətlə imtina etməlidir. “Hər hansı bir status naminə ölkənin ləyaqətini tapdalamağa dəyməz” dedi.
Deputatlar Bidzina İvanişvilini müdafiə edən bəyanatlarla da çıxış edirlər. “O, ölkəsini və xalqını çox sevən bir gözətçidir. Onun işi böyük məhəbbət səpib və o, gürcü xalqının sevgisini məhz bu məhəbbətlə qazanıb”, – deyə deputat David Matikaşvili bildirib.
“Gürcü arzusu” belə bir fikir yayır ki, Avropa Gürcüstan hökumətini müharibəyə cəlb etməyə çalışır. Əslində, Aİ nə istəyir?
Avropa Parlamentinin qəbul etdiyi qətnamədə vəziyyətin yaxşılaşdırılması, Avropa İttifaqı ilə daha da inteqrasiyası və üzvlüyə namizəd statusunun əldə edilməsi üçün Gürcüstan hökumətinin nə etməli olduğu birbaşa və konkret olaraq qeyd olunub.
Qətnamədə Gürcüstan hakimiyyəti aşağıdakılara çağırılır:
● demokratiyanın ən yüksək standartlarına, o cümlədən qanunun aliliyinə riayət etmək;
● məhkəmə sisteminin müstəqilliyini və ədalətli məhkəmə araşdırmasını təmin etmək;
● əsas azadlıqları, o cümlədən media azadlığı sahəsində təmin etmək;
● “şübhəli ittihamlarla” saxlanılan Nika Qvaramiyanın işinə yenidən baxmaq;
● eks-prezident Mixail Saakaşvilinin xaricdə lazımi müalicəni ala bilməsi üçün humanitar əsaslarla həbsdən azad edilməsi.
Ukraynadakı müharibə kontekstində qətnamədə Gürcüstan hakimiyyəti öz əhalisini Rusiyanın dezinformasiyasından qorumaq üçün daha çox iş görməyə çağırılır, çünki sənəddə Rusiyanın Gürcüstanda dezinformasiyasının və informasiya manipulyasiyasının gücləndiyi bildirilir.
Bu qətnamə ölkə üçün nə deməkdir? Bu o deməkdirmi ki, Avropa Gürcüstandan üz çevirib?
Sənəddə vurğulanır ki, Avropa Parlamentinin tələb etdiyi sanksiyalar ölkəyə deyil, şəxsən Bidzina İvanişviliyə aiddir.
Sənəd “qanuni istəkləri həyata keçirilməyə layiq olan” gürcü xalqını və “gürcü xalqının iddialı Avropa istəklərini həyata keçirməyə” siyasi cəhətdən hazır olduğunu göstərməli və sübut etməli olan Gürcüstan hökumətini aydın şəkildə bir-birindən ayırır.
Qətnamə müəllifləri İvanişviliyə qarşı sanksiyaların tətbiqinin zəruriliyini məhz onunla əsaslandırırlar ki, oliqarx və onun təkbaşına hakimiyyəti ölkənin inkişafına mane olur. Onların fikrincə, İvanişvili hökumətə tam nəzarət edir, “ölkənin siyasi və iqtisadi həyatında dağıdıcı rol oynayır”, Kremllə şəxsi və işgüzar əlaqələrə malikdir.
Ukrayna və Moldovadan fərqli olaraq, Gürcüstanın nümunəsində Avropa Parlamentinin deputatları Gürcüstana namizəd statusunun verilməsinə birbaşa çağırış etməyə çəkiniblər. Bununla belə, qeyd olunub ki, hökumətin avropalı tərəfdaşların tövsiyələrini yerinə yetirməsi şərti ilə ölkə namizəd statusu almalıdır.
Bundan əlavə, Avropa Parlamentinin deputatları ictimai çıxışlarında birbaşa Gürcüstan hökumətinə deyirlər ki, vəziyyəti düzəltmək üçün vaxtı var və ən əsası, tələb etdikləri məhkəmə sisteminin müstəqilliyidir:
“Biz Gürcüstanla bağlı əlamətdar qətnamə qəbul etdik. Gürcüstan siyasətçilərinin vəziyyəti yaxşılaşdırmağa başlaması üçün Aİ sammitinə hələ vaxt var”, – Almaniya parlamentinin deputatı Viola von Kramon Tvitter hesabında yazıb. Onun sözlərinə görə, üç əsas vəzifə belə görünür: qütbləşməni azaltmaq, məhkəmə sistemini təkmilləşdirmək və Rusiya dezinformasiyasını dayandırmaq.