Gürcüstan. İvanişvili ailəsi 2024-cü ildə Moskva vilayətində mülk alıb - araşdırma
İvanişvili ailəsinin Moskva vilayətindəki mülkü
Oliqarx, hakim “Gürcü arzusu” partiyasının fəxri sədri, Gürcüstanın keçmiş baş nazir Bidzina İvanişvilinin Rusiya ilə əlaqəsini daim inkar etməsinə baxmayaraq, jurnalist araşdırması onun ailəsinin 2012-ci ildən sonra da Rusiyada daşınmaz əmlak aldığını ortaya çıxarıb.
Gürcüstanın keçmiş baş nazirinin ailəsinin son alqı-satqısı 2024-cü ilə təsadüf edir – bu, oliqarxın həyat yoldaşı Yekaterina Xvedelidzenin bu il aprelin 19-da aldığı 4500 kvadratmetrlik torpaq sahəsidir. Moskva yaxınlığında, Peredelkinoda elit bağ massivinin yanında. Bundan əvvəl, 28 sentyabr 2021-ci ildə Xvedelidze Peredelkinoda daha bir neçə daşınmaz əmlakı qeydiyyata aldırıb.
Bu barədə bir sıra Gürcüstan və Rusiya KİV-lərinin, eləcə də qeyri-hökumət təşkilatlarının birgə hazırladığı araşdırma məqaləsində deyilir. Araşdırma üzərində “Ay, Fakti”, OCCRP, iStories (Rusiya), GMC, “Studiya Monitor” və “Beynəlxalq Şəffaflıq – Gürcüstan” çalışıb.
Jurnalistlər müəyyən ediblər ki, Peredelkinoda İvanişvili ailəsinin bir yaşayış binası və üç torpaq sahəsi var. Bu əmlakların orta dəyərinin 14 milyon ABŞ dollarından çox olduğu təxmin edilir.
Bidzina İvanişvilinin Rusiyadakı daşınmaz əmlakı haqqında məlumat ilk dəfə 2013-cü ildə, oliqarx baş nazir kimi ilk və yeganə əmlak bəyannaməsini təqdim edəndə açıqlanıb.
Bəyannaməyə görə, ailənin Rusiyada ilk mülkü Moskvanın ən bahalı rayonlarından birində – Savrasov küçəsində yerləşir. Bu ərazi görkəmli incəsənət xadimlərinin mülklərinin olduğu yer kimi tanınır. Bu mülk hələ də Yekaterina Xvedelidze və onların oğlu Uta İvanişviliyə məxsusdur.
Araşdırmaçı jurnalistlər iddia edirlər ki, Bidzina İvanişvilinin həyat yoldaşı Yekaterina Xvedelidze və oğlu Uta İvanişvilinin evləri “Aqua-Space” şirkəti tərəfindən icarəyə verilir və gəlirlər sanksiyaya məruz qalmış Rusiya bankı VTB vasitəsilə ötürülür. 2023-cü ilin yanvar ayından Rusiya vətəndaşı Andrey Perşin “Aqua-Space” şirkətinin hesabına hər ay demək olar ki, 800 000 rubl [təxminən 9 min dollar] həcmində kirayə haqqı köçürür. İcarə ən azı 2024-cü ilin may ayına qədər davam edib və Xvedelidze təxminən 94 min dollar alıb.
“Transparency International – Georgia” təşkilatının 2022-ci ildə apardığı araşdırmaya görə, “Aqua-Space” Virgin adalarında qeydiyyatdan keçmiş “Vanity Overseas Limited” ofşor şirkəti vasitəsilə Bidzina İvanişviliyə məxsusdur. Jurnalistlər İvanişvilinin Rusiya bazarında fəaliyyət göstərən və müntəzəm olaraq “Sberbank”da milyonlarla rus rublu yerləşdirən bu şirkətin sahibi olduğundan əsaslı şəkildə şübhələnirlər.