İstanbul rənglərini dəyişdi
Türkiyə müxalifəti nəticədə öz istəyinə çatdı, ikinci cəhddən olsa da. Müxalif Xalq Partiyasından olan namizəd Əkrəm İmamoğlu Türkiyənin ən iri meqapolisi və həm iqtisadi, həm də siyasi cəhətdən ən mühüm şəhəri olan İstanbulun meri oldu.
Amma bir çox ekspertlər deyirlər ki, müxalifət əsas şəhərdə əsas vəzifədən daha çox şeyə nail oldu. Müxalifət prezident Tayib Ərdoğanın məğlubiyyətsizliyinə ciddi zərbə endirdi və göstərdi ki, Türkiyədə əhalinin çox böyük hissəsi onun sərt idarəçiliyi və siyasəti ilə razı deyil.
Seçkilərin nəticələrinə görə, Əkrəm İmamoğlu 54,21 faiz səs toplayıb. Rəqibi, hakim Ədalət və İnkişaf Partiyasından olan Binəli Yıldırıma isə 44,99 faiz səs verib.
Yerdə qalan namizədlər ümumilikdə 0,80 faiz səs yığa biliblər.
• Türkiyədə iqtisadi böhran – polis çörəyin qiymətini tənzimləyir
• “İstanbulu fəth etmək Türkiyəni fəth etməkdir” – Türkiyənin əsas meqapolisinin merinin seçkiləri
Mübaliğəsiz demək olar ki, iyunun 23-də axşam ilkin nəticələr elan olunanda bütün İstanbul sevinc içində idi. JAMnews-un müxbirləri yeni merin çıxışını dinləməyə gedərkən, avtobusda belə bir səhnənin şahidi oldular:
https://www.youtube.com/watch?v=DHH7JBkml3o
“Siz bu gün, burada, bizim şəhərdə demokratiyanın qələbəsinə nail olduz”, — Əkrəm İmamoğlu özünün ilk mətbuat konfransında tərəfdarlarına müraciətlə deyib.
Minlərlə tərəfdaşı onu salamlayır və əllərini yuxarı qaldıraraq, ovucları ilə ürək təsvir edirdilər – bu, İmamoğlunun seçkiqabağı kampaniyasının xüsusən də gənclər arasında çox populyar olan elementlərindən biridir.
49 yaşlı İmamoğlu iş adamıdır, ailə biznesi ona atasından miras qalıb və 2014-cü ildə o, siyasətə qoşulana qədər əsas işi olub.
O vaxt Əkrəm İmamoğlu İstanbulun rayonlarından birində bələdiyyə başçısı seçilib.
2009-cu ildən müxalif Respublika Xalq Partiyasının üzvü olsa da, namizədliyinin meqapolis meri postuna irəli sürülməsi ekspertlər üçün sürpriz olub. İndiyə qədər də İmamloğlu nüfuzlu siyasi fiqur sayılmır.
İlk dəfə İstanbul meri olmağa o, 31 mart seçkilərində cəhd edib. İmamoğlu bu zaman elə həmin Binəli Yıldırıma çox az səs fərqi ilə qalib gəlib – 48.80 faiz səs 48.50 faiz səsə qarşı.
Amma o, cəmi 19 gün bu vəzifədə qala bildi. Hakim partiya nəticələrlə razılaşmadı, MSK səsləri yenidən saymağa başladı və nəticələr ləğv edilərək, yeni seçkilər təyin olundu. Bu, da hazırda sarsıdıcı qələbə ilə nəticələndi.
Seçkilərin nəticələri elan olunandan sonra İstanbul küçələrində dəyişikliklər heyran edirdi. Hakim partiyanın bayraqları, plakatları və tərəfdarlarının özləri də yoxa çıxdılar. İkiqütbü seçkiqabağı meyllər monolitlə əvəzləndi.
Bu, hətta rənglərdə belə özünü göstərdi – dominant olan qırmızı (hakim Ədalət və İnkişaf Partiyasının rəngi) qalib gələn müxalif Respublika Xalq Partiyasının göy rəngi ilə əvəzləndi.
Maşınların üzərində bu partiyanın bayraqları və dövlət bayraqları dalğalanır, onların da üstündə Atatürk və İmamoğlunun portretləri var.
Sonda müxalifətin namizədinin qələbəsinə gətirib çıxaran əhalinin narazılığının mümkün səbəblərindən biri də son illərdə prezident Ərdoğanın tək hakimiyyətinin möhkəmləndirilməsi oldu.
2017-ci ilin aprel ayında referendumda konstitusiyaya Ərdoğanın təklif etdiyi dəyişikliklər qəbul edildi, onlar da prezidentin səlahiyyətlərini gücləndirdi, bu da faktiki olaraq, parlament üsul-idarəsindən prezident idarəçiliyinə keçmək demək idi. Referendum fəvqəladə vəziyyət şəraitində keçirilirdi, müxalifət nəticələri tanımaq istəmirdi.
Davam edən iqtisadi böhran da çox güman ki, mühüm səbəblərdən biridir. Bu il Türkiyə faktiki olaraq dünyada inflyasiyanın səviyyəsinə görə lider olub.
Bahalaşma demək olar ki, bütün əsas qida məhsullarına toxunub və cəmiyyətdə ciddi böhrana gətirib çıxarıb. Ölkədə 2019-cu ilin yanvar ayı üçün istehlak qiymətləri ötən ilin analoji dövrü ilə müqayisədə 20,35 faiz artıb.
Hakimiyyət isə inflyasiya faktının özünü belə inkar edir və qida məhsullarının bahalaşmasını sabotajın nəticəsi sayır. Problemi həll etmək üçün hökumət ərzağın qiymətini tənzimləməyə çalışır.
Rəhmi Taksim küçəsinin tinində simit satır. Təzə simit olan arabanın üstündə böyük gözmuncuğu gözə dəyir. Bu gözmuncuğu bir vaxtlar onun müflis olduğu üçün satmalı olduğu kiçik kafesinin qapısının üstündən asılmışdı.
“İqtisadi böhran ilk növbədə xırda və orta sahibkarlara zərbə vurdu. Bu gözmuncuğu kafemdən qalan yeganə əşyadır. Açarları təzə sahibinə verəndə bunu xatirə olaraq götürdüm. Hakimiyyət dəyişməsə inanmıram ki, insanlar normal dolana”.
Metroda tanış olduğumuz Əmrah ölkənin şimal-qərbində, Zonquldağda, mədəndə işləyir. Deyir ki, İstanbula məhz səs vermək üçün gəlib, çünki burada qeydiyyatdadır. Əmrah şəhər hakimiyyəti və ümumilikdə ölkə rəhbərliyindən narazıdır.
“Öz şəhərimdə iş tapsaydım, Zonquldağa getməli olmazdım. Mədəndə çox ağır iş şəraiti var. İşçilərin də təhlükəsizliyini təmin etmirlər. Düzdür, əvvəlcə AKP ölkənin inkişafı üçün çox şeylər edib, amma son illər getdikcə vəziyyət pisləşir, düşünürəm ki, Ərdoğan və komandasının artıq getmək vaxtıdır”.